Xəbər verdiyimiz kimi, vəkil Aqil Layıcla Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Adil Əliyev arasında qalmaqal yaşanıb. Belə ki, hüquqşünas Aqil Layıc öz Feysbuk səhifəsində Adil Əliyevin Bakı Şəhər icra başçısı Eldar Əzizov tərəfindən töhmət almasını şərh edərək, onun haqqında tənqidi fikirlər yazıb. Adil Əliyev isə vəkilə mesaj yazaraq, onu dolayı yolla təhqir edib.
Sözügedən mesaja görə Adil Əliyevi hansısa cəza gözləyirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Mehman Muradlı mesajın hədə-qorxu xarakteri daşımadığını bildirib.
Onun sözlərinə görə, məsələ ekspertlər tərəfindən qiymətləndirilə bilər:
“Bəlkə də həmin mesaj təhqir kimi qiymətləndiriləcək, amma bu, mübahisəli məsələdir. Sətiraltı nəsə ola bilər. Məsələn, “Evindən xəbərin yoxdur, qonşulardan soruş” ifadəsi təhqir kimi dəyərləndirilə bilər. Amma yekun qərar ekspert rəyi ilə müəyyənləşəcək. Hüquqşünas kimi isə mənim mövqeyim budur ki, bu mesajın qiymətləndirilməsi mütəxəssislər tərəfindən aparılmalıdır”.
Xatırladaq ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Surxana rayon icra başçısı Adil Əliyevə işindəki nöqsanlara görə töhmət verilib.

