Milli Məclisin sədr müavini Adil Əliyevin doğum günüdür.
KONKRET.az-ın xəbərinə görə, A.Əliyevin 52 yaşı tamam olur.
O, 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə – Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III, 2010-cu ildə IV, 2015-ci ildə V, 2020-ci ildə VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2012-ci ildə çap olunmuş “Erməni soyqırımı: mif və gerçəklik” adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşdur. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir. 2012-ci ildə “Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilib.
Ailəlidir, üç övladı var.
A.Əliyev Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.