Afiyəddin sağlamdır, onu psixi dispanserə yerləşdirməyə tələsdik – MÖVQEbackend

Afiyəddin sağlamdır, onu psixi dispanserə yerləşdirməyə tələsdik - MÖVQE

Biz hamımız küyə meylliyik. Bir az səsi çox çıxan, bir az barıtı artıq olan səs-küyün vurğunuyuq. Məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevriləndə “ekspert”lərin sayı artır və hər kəs məsələni fərqli rakursdan şərh etməyə cəhd göstərir, mövzu “ekspertlər” üçün əsl müzakirə predmetinə çevrilir.  Bir də ayılıb görürlər ki, ortaya başqa mövzu çıxıb və “valı dəyişməyin” vaxtıdır.

Beləliklə, hadisələr biri-birini əvəz edir və mövzular tez-tez dəyişir. Bu mövzunun müzakirəsi də az qala unudulub. Bir azdan başımızı başqa “tema”yla qatacaqlar. Yeni “tema”nın nə olacağını əvvəlcədən proqnozlaşdırmaq bir qədər çətindir, amma yaxın vaxtlarda hökmən ortaya nəsə atılacağı gözlənilir. Bundan əvvəl gündəmi zəbt edən, hələ soyumamış mövzu həm də bir qədər düşündürücü idi. Nə mətbuatda, nə də sosial şəbəkələrdə məsələnin mahiyyətinə varmadan birbaşa ittihamlara keçildi. Qəhrəmanın tanınmış nəsilə mənsub olması isə mövzunu daha da qabartdı və şiddətli müzakirələr başladı. Hər ağızdan bir avaz eşidildi. Bütün qayğılar sanki bir anlıq unuduldu və bir parça uşağın üzərinə hücumlar başladı. Amma “körpə”nin yaşadığı mühit qətiyyən yada düşmədi. Hər kəs 14 yaşlı oğlanın nələr çəkdiyindən xəbərsiz olduğu halda ağızlar yumulmadı.

Dərhal adı, soyadı ildırım sürəti ilə sosial şəbəkələri bəzədi. Xəbər portalları onun ad və soyadını manşetlərə daşıdı və yalnız bir neçə kəlməylə oxucunu yola verməyə çalışdılar. Filankəsdir, filankəsin nəvəsidir. Bəli, bu oğlan Azərbaycanın tanınmış siyasi xadimi, mərhum Afiyəddin Cəlilovun nəvəsidir və valideynləri də mərhum babanın xatirəsini yaşatmaq üçün onun adını övladlarına veriblər. Qəbahət bir şey yoxdur və hər şey qaydalar çərçivəsindədir. Yeniyetmə Afiyəddini küçə-bacada etdiyi bir neçə hərəkətə görə yamanlamaq, onu xəstə çıxartmaq isə sadəcə anormallıqdır.

Az müddətdə sosial şəbəkələrin fenomeninə çevrilən bu adamın videolarına dəfələrlə baxmışam və onda ruhi xəstəyə aid hər hansı əlamət hiss olunmur. Sadəcə gözünü açandan həyatın bütün ləzzətini dadan, fərqli mühitdə böyüyüb tərbiyə alan, ana dilində güclə bir-iki kəlmə danışan adamın sosial durumu fərqlidir. Deməli, həyatda hər şeyin ləzzətini çıxaran yeniyetmə bir az da ətrafdakılarla “mırtlaşmaq” istəyir. Artıq o, bər-bəzəkli həyatdan bezib, onun üçün ən son model avtomobillər də mənasını itirib. Daha Afiyəddin təyyarələrdə xaricə getməkdən də yorulub. Evdə xidmətçini görməkdən də təngə gəlib. Hər gün getdiyi əyləncə mərkəzlərindən də iyrənib. Bir sözlə, Afiyəddinə fərqli mühit lazımdır. Küçədəki ağbirçək nənəni görəndə dərhal onun üzərinə cumur, onu qucaqlayır, sanki onu əhatə edən mühitə üsyan edir. Fərqli hərəkətləri insanlarda qıcıq yaradır və “dəli gəldi” deyib uzaqlaşırlar.

Onu ağuşuna alan mühitdən baş götürüb “qaçan” Afiyəddinə aramızda yer vermirik. Çünki Afiyəddini ittiham edənlər onu bezdirən həyatdan xəbərsizdirlər. Onlar Afiyəddinin zəngin həyatdan təngə gəldiyini duymurlar. Afiyəddin isə öz şəxsi azadlığı üçün səs-küy salır. Elə bil, insanlar arasında bir qədər arzuladığı mühiti görüb qəşş edir. Amma onu yaxına buraxan kimdir? Afiyəddinin təmsil olunduğu mühitlə bizim cəmiyyət arasındakı uçurum isə çox dərindir. Bu uçurumu görə-görə uşağı dərhal psixi dispanserə göndərməkdə bir qədər tələskənliyə yol veririk.  Afiyəddin isə sağlamdır və onda autizmin heç bir əlaməti hiss olunmur. Afiyəddin tam gümrahdır və onun ruhi xəstəliklə hər hansı bağlılığı yoxdur. Dərhal sosial şəbəkələrdə ata Nihad Cəlilov görünür və oğlunun hərəkətlərinə görə üzr istəyir. Amma unudur ki, oğlu Afiyəddinin əziyyət çəkdiyi sosial xəstəlikdir. Onun sağalması üçün həkimə-zada ehtiyac yoxdur. Afiyəddin elə çöldə-bayırda, onun-bunun üstünə qaça-qaça müalicəsini alacaq. Onun hərəkətləri nizamlıdır və 14 yaşlı yeniyetmə onu əhatə edən insanlarla bir arada olmaq istəyir.

O, üstünə qaçdığı nənədən imdad diləyir. Sadəcə onun hərəkətləri bir qədər xaotik alınır. Biz isə onu dərhal çöldə-bayırda, onun-bunun üstünə qaçaraq gic-gic sullar verən “qırmızı adam”la müqayisə etməyə tələsirik. Yox, Afiyəddini camaatın zəhləsini tökən “oboy geyimli” əttökənlə eyni tərəzinin gözünə qoymaq ədalətsizlikdir. 14 yaşlı Afiyəddini anlamaq üçün onun çəkib paylaşdığı videoya baxmaq kifayətdir. O, sadəcə əylənmək istəyir, bizim aramızda görünmək, insanlar arasında atılıb-düşməklə dinclik tapır. Ata isə xəstə adlandırdığı övladının dərdini yaxşı bilir. Amma onun sosiallaşmasından qorxur. Coşub-daşan bu oğlanda heç bir fiziki qüsur hiss olunmur və rus dilində səlis danışır. Ətrafa da biganə deyil. Amma diqqət cəlb etmək istəyir. “Məni xilas edin, məni həmin mühitdən alın”, deyir.  Qışqırır, haray salır: “Mən də bütün uşaqlar kimi bəxtəvər olmaq istəyirəm”, deyə nalə çəkir. Biz isə 14 yaşı hələ tamam olmayan bu tifildən cinayətkar yaratmağa çalışırıq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*