Ağa İqran Harun: “Ermənistanı müstəqil dövlət kimi tanımırıq”backend

Ağa İqran Harun: "Ermənistanı müstəqil dövlət kimi tanımırıq"

Müasir Azərbaycanın müstəqillik qazandığı ilk andan İslamabadla Bakı bir-birini dəstəkləyir. İki ölkə arasında ikitərəfli diplomatik münasibətlər qarşılıqlı hörmət, sevgi və inama əsaslanır. Bu münasibət zamanın sınağından keçib. Pakistanın baş naziri İmran xanın hakimiyyəti dövründə bu əlaqələr yeni dövrə qədəm qoyub. 2019-cu il iki qardaş ölkə üçün daha faydalı olub.

Bakı hər zaman olduğu kimi, ötən il də beynəlxalq platformalarda Pakistanın Kəşmir problemilə bağlı mövqeyini dəstəkləyib. 2019-cu ildə İslamabad da öz növbəsində, bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyinə ciddi dəstək verib.

Bununla yanaşı, ötən il Pakistan prezidenti Alvi Azərbaycana səfər edib və bu, təbii ki, iki ölkə münasibətlərinin daha da yaxınlaşması baxımından mühüm rola malikdir.

Yeri gəlmişkən, Alvi Bakıya səfərindən əvvəl Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə görüşmüşdü və bu da mühüm hadisə idi. Alviyə Azərbaycan prezidenti İlham Əliyevin səfər dəvəti məhz həmin görüşdə təqdim olunmuşdu. Prezident Alvi səfirlə görüşündə Pakistan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirmiş, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını, minlərlə pakistanlının qardaş ölkə olan Azərbaycana səfər etdiyini bildirmişdi.

Alvi Azərbaycan səfirinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini də yüksək qiymətləndirib.

Pakistan prezidenti Bakıya 2019-cu il oktyabrın 28-də etdiyi səfər zamanı isə yerli mətbuata açıqlamasında Bakı ilə ikitərəfli əlaqələrin İslamabad üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, Kəşmir münaqişəsində Pakistanın mövqeyini dəstəklədikləri üçün Azərbaycan hökuməti və xalqına minnətdarlıq edib. Prezident xatırladıb ki, ölkəsi Ermənistanın müstəqilliyini tanımayan yeganə dövlətdir: “Çünki Pakistan Azərbaycan dövlətini, xalqını sevir, onlara hörmət bəsləyir”.

Prezident Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həhmiyyətindən danışıb, ölkəsinin Azərbaycanı hər zaman və hər yerdə dəstəkləməyə hazır olduğunu söyləyib.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi də ötən il verdiyi bəyanatda Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, Azərbaycan xalqına qarşı təcavüzə son qoyulması üçün dünya birliyinin Ermənistana təzyiq göstərməli olduğunu deyib. O, ölkəsinin də erməni hərbi birləşmələrinin Dağlıq Qarabağı dərhal tərk etməsini tələb etdiyini söyləyib.

Azərbaycanla-Pakistan arasındakı xüsusi əlaqələrdən Pakistan-Çin İnstitutunun sədri, Pakistan Senatının xarici məsələlər komitəsinin üzvü, senator Müşahid Hüseyn Sayed də danışıb. O, deyib ki, bu əlaqələr Azərbaycanın 1991-ci ildə müstəqillik qazanmasından, İslamabad onun müstəqilliyini tanımasından dərhal sonra qurulmağa başlayıb. Müşahid Hüseyn Sayed Pakistanın Azərbaycanın müstəqilliyini ikinci tanımış ölkə olduğunu da xatırladıb. Azərbaycanın ümumilli lideri Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətini də xatırladan Müşahid Hüseyn Sayedin sözlərinə görə, yüksək səviyyəli görüşlərin keçirilməsi və hər iki ölkənin milli maraqları ilə bağlı əsas məsələrə qarşılıqlı dəstəyin verilməsi İslamabadla Bakı arasındakı əlaqələri daha da gücləndirir: “Azərbaycanın ümumilli lideri Heydər Əliyev 1995-ci ildə Pakistana səfər etmişdi. Daha sonra Pakistan lideri Azərbaycana yollanmışdı. İslamabad Dağlıq Qarabağ münaqişəsində Bakının mövqeyini dəstəkləyir, üstəlik, Ermənistanı müstəqil dövlət kimi tanımır. Azərbaycan da öz növbəsində, Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Bu arada, Azərbaycan İƏT-in CammuKəşmir üzrə Kontakt Qrupunun üzvüdür”.

Müşahid Hüseyn Sayed Pakistanla Azərbaycanın hərbi sahədə də güclü əlaqələrə malik olduqlarını söyləyib: “Bununla yanaşı, iki ölkə arasında əlaqələrin inkişafına parlamentlərarası münasibətlər də töhfə verir. Pakistanlı deputatlar Azərbaycandakı seçkini izləmək üçün oraya dəvət olunur. Bundan başqa, hər iki ölkə islamafobiyaya qarşı qəti mövqe nümayiş etdirir. Bu gün Azərbaycan pakistanlılar üçün sevimli turistik istiqamətə çevrilir. Pakistalılar Azərbaycan mətbəxindən, təamlarından zövq alır”.

Politoloq, pakistanlı sabiq səfir Abdul Basit DND saytına Azərbaycan-Pakistan əlaqələrindən danışıb. İslamabadın bu qardaş ölkə ilə əlaqələri yüksək qiymətləndirdiyi vurğulayan Basit Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini xatırladıb: “Bakı da Kəşmir məsələsində hər zaman bizi dəstəkləyir. Bu ölkə İƏT-in Cammu və Kəşmir üzrə Kontakt Qrupunun fəaliyyətinə də töhfə verir”.

Bununla yanaşı, A.Basit hesab edir ki, ticarət və turizm sahəsi də daxil olmaqla, iqtisadi əlaqələrin daha da genişləndirilməsinə ehtiyac var: “Azərbaycana hələ Sovet dövründə etdiyim səfəri, Bakıda “Sara e Multan” restoranında nahar etdiyimi xatırlayıram. Azərbaycan xalqının qonaqpərvərliyini heç vaxt unutmyacağam”.

İki ölkə arasındakı əlaqələrdən danışan keçmiş diplomat İrfan Yusif Şami də Azərbaycanın müstəqillik qazanmasından bu yana İslamabadın qardaş ölkə ilə əlaqələri genişləndirdiyini söyləyib: “Ölkələrimiz ümumi tarixi, mədəniyyəti və dini ənənələri bölüşür. Pakistan Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətlərdən biridir. Müstəqil Azərbaycana rəsmi səfər etmiş ilk yüksək səviyyəli rəsmilər də pakistanlılar olub. Ölkələrimiz arasındakı çoxşaxəli münasibətlər zaman keçdikcə daha da güclənir”.

Sabiq diplomatın sözlərinə görə, Azərbaycanla Pakistan istər regional, istərsə də beynəlxalq səviyyədə bir-birinin mövqeyini dəstəkləyir: “Dağlıq Qarabağ, Cammu və Kəşmir münaqişələrini misal çəkə bilərəm. Bununla yanaşı, İslamabad Ermənistanın müstəqilliyini tanımır. Pakistanın İslam Əməkdaşlıq Təşkilatının Baş katibliyindəki rəsmi nümayəndəsi hələ 2006-cı ildə Dağlıq Qarabağda faktaraşdırıcı missiyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Bakı da öz növbəsində, Cammu və Kəşmir münaqişəsində İsalmabadın mövqeyini dəstəkləyir”.

İrfan Yusif Şami deyir ki, Pakistan hər il “Qara yanvar” faciəsinin anım günündə azərbaycanlı bacı və qardaşları ilə həmrəy olduğunu göstərib, bundan sonra da göstərəcək: “Düşmənlərimiz güclü əlaqələrimizə zərər vurmağa çalışır. Amma Azərbaycanla Pakistan düşmənləri üzərində hər zaman qələbə qazanıb, onlara məkirli planlarını yerinə yetirməyə imkan verməyib”.

Keçmiş diplomat, istefada olan general-mayor, bu gün Pakistanda fəaliyyət göstərən nüfuzlu araşdırmalar mərkəzinə rəhbərlik edən Sayed Xalid Amir Cəffəri də Azərbaycanla Pakistan arasındakı xüsusi əlaəqlərdən danışıb: “İslamabad Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib. Biz bilirik ki, bu münaqişənin həlli Azərbaycan üçün çox vacibdir. Bakı da öz növbəsində, Kəşmir münaqişəsi daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir”.

Sayed Xalid Amir Cəffəri ümumiyyətlə, Pakistan-Azərbaycan əlaqələrinin qədim tarixi olduğunu söyləyib: “Bakıda Multanı karvansarayını görən zaman təəccüblənmişdim. Qədim zamanlarda Multan şəhərindən olan tacirlər burada qalır və ticarətlə məşğul olurlarmış. Bizim araşdırmalar mərkəzimiz Azərbaycanın Pakistandakı səfirliyilə sıx əməkdaşlıq edir. Ümid edirəm ki, ölkələrimiz arasındakı münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə biz də öz töhfəmizi verəcəyik”.

Sayed Xalid Amir Cəffəri hesab edir ki, düşmənlərin cəhdlərinə baxmayaraq, iki ölkə arasındakı əlaqələr sarsılmazdır.

Keçmiş diplomat Amcad Məcid Abbasi də Azərbaycan-Pakistan münasibətlərindən danışıb. O, iki ölkənin türk mədəniyyətilə ümumi bağlarının olduğunu deyib: “Türk mədəniyyəti pakistanlıların həyatlarının bütün aspektlərində hakim mövqeyə malikdir. Çalışqan və güclü xalq olan azərbaycanlılar isə müstəqillik əldə etdikdən sonra böyük nailiyyətlər qazanıb. Azərbaycanlılar şərəfli insanlardır və onlar Pakistanın Dağlıq Qarabağ münaqişəsindəki dəstəyini heç vaxt unutmur”.

Azərbaycanlılar hər il olduğu kimi, 2020-ci ilin yanvarında da 20 Yanvar faciəsinin ildönümünü qeyd edəcək. Bu il bu faciəsinin 30-cu ildönümüdür. Düz 30 il əvvəl Bakıya daxil olmuş Sovet ordusu paytaxtda yüzlərlə günahsız və köməksiz azərbaycanlını qətlə yetirmiş, yaralamışdı.

Pakistanlılar azərbaycanlı bacı və qardaşları ilə həmrəy olduqlarını bu il də nümayiş etdirəcəklər. 20 Yanvar faciəsilə bağlı Pakistanda da anım tədbirləri keçiriləcək, televiziya, radio və saytlar daxil olmaqla, ölkə mətbuatında bu faciə haqda xəbərlər yer alacaq.

Müəllif: Ağa İqran Harun

Mənbə: DND

İngilis dilindən tərcümə – WorldMedia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*