Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi tərəfindən həyata keçirilən erməni cinayətlərinin beynəlxalq və milli mühakiməsi ilə bağlı elektron maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair layihənin icrası başa çatıb. Layihə çərçivəsində “Erməni cinayətləri beynəlxalq və milli məhkəmələr kontekstində (2020-ci il müharibəsindən sonrakı mühakimə” məsələləri) adlı elektron kitab dərc edilib.
KONKRET.az xəbər verir ki, kitabın müəllifi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovdur.
Elektron kitabda erməni cinayətlərinin beynəlxalq və milli məhkəmələrdə mühakimə imkanları, habelə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz, soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətləri ilə mübarizə, hüquqi məsuliyyət məsələləri nəzəri və normativ aspektdən təhlil edilərək araşdırılıb.
Həmçinin, vəsaitdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın diskriminasiya və etnik təmizləmə siyasəti ilə bağlı hüquqazidd hərəkətləri, ad hoc və hibrid məhkəmə təcrübəsinin erməni cinayətlərinin mühakiməsi üzrə tətbiqi və digər beynəlxalq və milli məhkəmə instansiyalarında mühakimə məsələləri də öz əksini tapıb.
Erməni cinayətlərinin beynəlxalq və milli mühakimə məsələləri ilə bağlı elektron maarifləndirməyə xidmət edən və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın elektron versiyasını http://aggression.az saytının “E-kitablar” bölməsindən əldə etmək olar.