AHİK-də 31 Mart Soyqırımı ilə bağlı anım tədbiri keçirildi – FOTObackend

AHİK-də 31 Mart Soyqırımı ilə bağlı anım tədbiri keçirildi - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Öncə azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətindən danışıb.

Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımıları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir.

Onun sözlərinə görə, həmin vaxt on minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilib: “Həmçinin yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilib. Kütləvi qətllər və talanlar Bakı ilə yanaşı, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə də törədilib”.

AHİK sədri vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci ildə Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb: “Eləcə də həmin Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Eyni zamanda dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradıldı. Bütün bunlar erməni şovinizmi və terrorizminin ifşa olunması və dünyaya çatdırılması, xalqımızın gələcək nəsillərinin milli yaddaşının qorunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli addımlardır”.

Milli Məclisin deputatı deyib ki, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı layiqincə verildi.

Sonra çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Cavid Məmmədov və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Mahir Aşurov ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixindən və məqsədlərindən, bu siyasətin acı nəticələrindən, 1918-ci il mart soyqırımından, həmçinin 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qüdrətindən, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən danışıblar.

Tədbirin yekununda AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstərməyin vacibliyini üzv təşkilatların nəzərinə çatdırıb, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlərin dərindən araşdırılması, qaldırılan bütün problemlərin qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilməsi ilə bağlı bir sıra tapşırıq və tövsiyələrini verib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*