Tehran Aİ-nin və üç Avropa ölkəsinin – Böyük Britaniya, Fransa və Almaniyanın “nüvə sazişi”(JCPOA) üzrə öhdəliklərini yerinə yetirməmək qərarını qeyri-qanuni və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Aİ diplomatiyasının rəhbəri Jozef Borrell qeyd edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İrana qarşı sanksiyaları 2023-cü il oktyabrın 18-dən sonra da davam etdirmək niyyətləri barədə ona məlumatlandırıblar.
Onun sözlərinə görə, nazirlərin məktubu İranın nüvə proqramı üzrə sazişin digər iştirakçılarına – Çin, İran və Rusiyaya göndərilib. Həmin gün Böyük Britaniya Xarici İşlər Nazirliyi bildiribi, Avropa üçlüyü İrana qarşı BMT çərçivəsində tətbiq edilən məhdudiyyətləri milli sanksiyalar rejimlərinə daxil etməyi nəzərdən keçirir.
İran Xarici İşlər Nazirliyi bəyan edib, Vaşinqton sazişdən çıxdıqdan sonra Tehran ABŞ-ın bu addımını kompensasiya etmək üçün üç Avropa ölkəsinə bir il vaxt verib, sonra isə diplomatiya imkanını qorumaq üçün tədricən hərəkətə keçib.
“Avropa ölkələrinin hərəkətləri mütləq gərginliyin azaldılması və JCPOA tərəfləri arasında əməkdaşlığın artırılması üçün uyğun atmosferin yaradılması səylərinə mənfi təsir göstərəcək”, – bəyanatda vurğulanır.
Ariz Həsənoğlu,
KONKRET.az