Məhkəməsiz məhkum olunan qadınların düşərgəsi – FOTOLARbackend

Məhkəməsiz məhkum olunan qadınların düşərgəsi - FOTOLAR

Zakir Binnətli

May ayının 1-i Sovet dövlətində bütün Dünya zəhmətkeşlərinin həmrəylik günü kimi qeyd edilirdi.

Qazaxstan Respublikasında bu gün Qazaxstanda yaşayan xalqların birliyi günü kimi qeyd olunur. Burada isə, nə az, nə çox, 120-dən çox xalqın nümayəndəsi yaşayır.

Ancaq vaxtilə bu ölkə Stalinin hökmü ilə xalqların zindanına çevrilmişdi. Baltik dənizindən tutmuş Sakit okeanın sularına qədər ucu bucaqı olmayan ölkənin hər yerindən siyasi motivlərlə həbs olunmuş, xırda iqtisadi cinayətlərdə günahlandırılmış, vətənə xəyanət, satqınlıq, casusluq damğası vurulmuş insan kütləsi ilə dolu qatarlar üzü Qazaxstan çöllərinə tərəf hərəkət edirdi. Bu kabusa bənzər, aramla fit verən hisli-tüstülü qatarların məcburi sərnişinləri hələ bilmirdilər ki, bu səfər onların bir çoxu üçün sonuncu və əbədi səfərdir…

Astana şəhərinin 37-ci km-dəki Akmol kəndi. (köhnə adı Malinovka). Qazaxstanda keçən əsrin 30-50-ci illərində fəaliyyət göstərən 26 həbs-islah düşərgələrindən biri də burada yerləşib. Qadın düşərgəsi. Adi cinayət törətmiş qadınların deyil, xalq düşməni, xain, satqın, casus damğası vurulmuş görkəmli alim, ziyalı, sərkərdə, yazıçı, şair və dövlət xadimlərinin həyat yoldaşları, ana və bacılarının həbs islah düşərgəsi. Ölkənin hər yerindən sürgün edilərək günahsız, sübut-dəlilsiz, məhkəməsiz məhkum olunan qadınların düşərgəsi. Özünəməxsus adı da var idi- АЛЖИР. Rus dilindəki sözlərin baş hərflərindən ibarət olan qısaldılmış söz. (аббревиатура, означает Акмолинский Лагерь Жен Изменников Родины-АЛЖИР). Yəni, vətən xainləri arvadlarının Akmolinsk düşərgəsi.

Bu qadınların günahı yalnız Stalin repressiyası aparatının çarxları arasına düşmüş ziyalıların qohumları olmaları idi.

Dünyanın heç bir ölkəsində, heç bir dövrdə, heç bir müharibədə belə bir düşərgə olmayıb. Yalnız sövet ölkəsi öz vətəndaşlarına qarşı belə amansız hərəkət edib, minlərlə ailəni başsız qoyub, taleləri sındırıb, uşaqları ana məhəbbətindən, ana qayğısından məhrum edib..

1937-1953-cü illər ərzində bu düşərgədə 20 minə qədər qadın məhkumluq həyatı yaşayıb. Həbs müddəti 5-8 il olub. Bu müddətdə qadınların iradəsini sındırmaq, onları həyat yoldaşlarından, ata və qardaşlarından imtina etməyə məcbur edirdilər. Ancaq düşərgənin 16 illik fəaliyyəti dövrü heç bir qadın sarsılmamış, məğrurluqlarını saxlamış və repressiya olunmuş ailə üzvlərinin günahsızlığına inanmışlar.

Bu düşərgədə Azərbaycandan da 44 nəfər qadın cəza çəkmişdir. Təəssüf ki, düşərgənin arxivində bu qadınlar haqda çox az məlumat var. Əslən Qazax rayonu Dağkəsəmən kəndindən olan mülkədar qızı Sənubər Eyyubova. Həbs edilən ərəfədə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinin dekanı olub. Sitarə Mehdiyeva- bir çox məsul dövlət vəzifələrində çalışmış, sonradan “xalq düşməni” elan olunmuş Mehdi Mehdiyevin xanımı. Ən görkəmli xanımlardan biri isə, mərhum vətənpərvər şairimiz, Himnimizin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım!

Ürək ağrısı ilə düşünürsən ki, hətta Stalinin ölümündən sonra, bu qadınların bəraət aldıqlarından sonra bizim milli sovet dövlət xadimlərimiz onların taleyi ilə maraqlanmayıb, sənədləri də, çox güman ki, məhv ediblər. Şükriyyə xanım sürgündən qayıtdıqdan sonra ona Bakıda yaşamağa icazə verməyiblər və o uzun müddət Əhməd Cavadın doğma torpağı- Şəmkirin Seyfəli kəndində yaşamağa məcbur olmuşdur.

Hazırda muzey kompleksinə çevrilmiş düşərgəni gəzdikcə qulaqlarına ac, xəstə uşaqların ağlamaq səsi, qadınların iniltisi, gözətçilərin itlərin hürüşməsinə qarışmış amiranə səsləri gəlir. Qadınları düşərgəyə gətirən bərpa olunmuş vaqon, gözətçi məntəqəsi, tikanlı məftillər bir anlığa göz önündə o müdhiş illəri canlandırır. Muzey kompleksini iki heykəldən ibarət kompozisiya tamamlayır. Birinci heykəl-kişi heykəli-“ümidsizlik və gücsüzlük” adlanır. İkinci heykəl-qadın heykəli isə-“ümid və mübarizə” adlanır. Birinci heykəldə sındırılmış iradə, azadlığa çıxmağın mümkünsüzlüyü təsvir edisə də, qarşıdakı qadın heykəl başını dik tutaraq məğrur baxışlarla uzaqlara baxır. azadlığa yol axtarır. Onun sifətində yorğunluğun, əzab-əziyyətin izləri var. Ancaq o sınmayıb, qamətini əyməyib.. Çox qəmli, qüssəli bir səhnə…

Qarşıdan müstəqillik tariximizin 103 illik yubileyi gəlir. Bu 44 günahsız, repressiya olunmuş, ailələrinə, vətənə sədaqət nümayiş etdirmiş qadınlarımız bizim tariximizin bir səhifəsidir. Biz onları heç zaman unutmamalıyıq. (Muzey kompleksində Qazaxstandakı səfirliyimizin təşəbbüsü ilə xatirə lövhəsi qoyulmuşdur).

P.S.Güman edirəm ki, Gəncə və ya Şəmkir şəhərində bu məğrur, unudulmuş qadınlarımızın xatirəsinə heykəl ucaltmaq heç də pis olmazdı. Yəqin ki, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya müraciət ünvanlasaq təşəbbüsümüzə biganə qalmaz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*