Alberto Torres, Berti Foqts, Fernandu Santuş və  Azərbaycan futbolunun 30 ildə bizə yaşatdığı məşəqqətbackend

Alberto Torres, Berti Foqts, Fernandu Santuş və Azərbaycan futbolunun 30 ildə bizə yaşatdığı məşəqqət

Futbol üzrə Azərbaycanın milli komandası rəsmi turnirlərdə çıxışa 30 il əvvəl start verdi. 1994-cü ildə Avropa Çempionatının seçmə mərhələsinə başlıyanda futbolçularımız ev oyunlarını  məcburiyyətdən kənarda keçirirdilər. 1996-cı il Avropa Çempionatının seçmə mərhələsinin ilk oyununu komandamız  30 il əvvəl Buxarestdə Rumıniya komandasıyla oynayanda, millimizdən gözləntilər o qədər  də yüksək deyildi.

Həmin gün yığma rumınlara 0-3 hesabıyla uduzub.  Bundan sonra həmin seçmə mərhələnin ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirməyə məcbur olub. Beləcə, Azərbaycan azarkeşlərinin məşəqqətli günləri başlayıb. 30 il əvvəl bir-birinin ardınca uduzulan oyunlardan sonra  təsəlli millinin yeni yaranması, və futbolçuların beynəlxalq oyun təcrübəsi  azlığı idi. İllər keçdi, millidə 10 dəfə nəsil dəyişməsi baş verdi vəziyyət isə dəyişmədi. Hər seçmə mərhələdən əvvəl azarkeşlərə ümid verən AFFA rəhbərliyi, turnir başa çatandan dərhal sonra müxtəlif bəhanələr uydurmağa adət etdi. 2003-cü ilə qədər AFFA-ya rəhbərlik edən Fuad Musayevin vaxtında da, ondan sonrakı dönəmlərdə də milli heç nəylə yadda qala bilmədi.

Ənənəvi məşqçi dəyişiklikləri də milli komandanın oyununa təsir göstərmədi.  Rəhmətlik Ramiz Mirzəyevin AFFA-ya rəhbərlik etdiyi dövrdə də, Rövnəq Abdullayevin dönəmində də heç nə dəyişmədi. Hələ üstəlik “Azərbaycanda Futbolun İnkişafı Dövlət Proqramı” da qəbul edildi. Sadəcə bütün bunların hamısı kağız üzərində idi. Ölkənin futbol siyasəti qoca və ələngə futbolçuların ölkəmizə axını və yararsız məşqçilərin klublarımıza baş məşqçi təyin edilməsindən başqa ir şey deyildi.

Nəticədə Afrikanın, Cənubi Amerikanın, keçmiş SSRİ ölkələrinin qocalıb əldən düşən, karyerasının qürub çağını yaşayan “ağsaqqalları” ölkəmizə futbol oynamağa deyil, pul qazanmaq üçün can atırdılar. 2004-cü ildə Azərbaycanda  futbol bumu yarananda çoxlarının üzündə təbəssüm yarandı. Bölgələrdə klub komandalar yaradıldı və gümün edilirdi ki, bu hərəkat millinin oyununa da öz təsirini göstərəcək.

Paytaxtda “Bakı”, Lənkəranda “Xəzər Lənkəran”, İmişlidə “MKT Araz”, Yevlaxda “Karvan”, Zaqatalada “Standart”, Sumqayıtda “Gənclərbirliyi”nin etdiyi transferlər Azərbaycan futbol tarixində yeni mərhələnin başlanğıcı idi. Amma o komandalarda kimləri gördük? Yaşı qırxı haqlayan, futbol oynamaqdan təngə gələn “dahi”oyunçuları. O vaxt məlum oldu ki, “MKT Araz” Almaniyanın “Bayer” komandasından Artyom Bezrodnunun transferini həll edib və onu İmişliyə gətirib. Hələ üstəlik 2005-ci ilin soyuq fevral günündə, heç bir infrasturkturu olmayan İmişli stadionunda Bezrodnunun təqdimatı  təşkil edilir. Açığı Avropa səviyyəli bir futbolçunun- “Spartak”ın və “Bayer”in heyətində Çempionlar Liqasının qruplarında oynayan Bezrodnunun Azərbaycanı, üstəlik İmişlini seçməsi təəccüb doğururdu. Əslində hər şey bəlli idi.

Adam karyerasını bitirmək niyyətindədir və Azərbaycandan beş-on dollar çırpışdırıb aradan çıxmaq istəyir. Elə də oldu və bir neçə gündən sonra Bezrodnunu İmişlidə gördüm deyən tapılmadı. Rusiyalı futbolçunu əbəs yerə misal çəkmədim. Son iyirmi ildə Azərbaycana gəlib gedən legionerlərin əksəriyyəti Bezrodnu düşüncəli futbolçular olublar.   Hələ, özünü bir qədər yaxşı tərəfdən göstərən legionerlərin Azərbaycan millisinə soxuşdurulmaq ənənəsini demirəm. Bu cür tendensiya milli komanda formalaşandan yaranıb.

1990-cı illərdə millinin əsasını Rusiya çempionatının 2-ci dəstəsinin aşağı səviyyəli komandalarından olan Dağıstanın “Anji” klubunun oyunçuları təşkli edirdilər. Yaşlı futbol həvəskarları yəqin Həsənbəyov, Sırxayev, İdiqov və digərlərini yaxşı xatırlayır. O vaxt adları çəkilən futbolçulardan da səviyyəli oyunçularımız qala-qala Mahaçqalaya üz tutanda da biz öz iradımızı bildirirdik.  Sırxayevlər, həsənbəyovlar üçün 0-5,0-7, 0-10 hesabıyla uduzulan oyunların elə bir əhəmiyyəti yox idi. Azərbaycan futbolçuları isə öz növbələrini gözləyir və milli komandanın qaspısı onların üzünə bağlı qalırdı. Şans verilən futbolçular isə özlərini göyün yeddinci qatında hiss edirdi. Sonrakı dönəmlərdə millinin müdafiəçilərindən biri televiya verilişlərinin birində lovğalanaraq:

“Mən Papenə qarşı oynayan adamam”,- deyir və özünün yüksək statusunu gözə soxmağa çalışırdı. Binəva aparıcı da gözünü döyərək susur və bəlkə də onu pərt eləmək istəmirdi. Həmin müdafiəçi doğurdan da 1995-ci ildə Oserdə Fransayla oyunda meydana çıxıb və Papenə qarşı oynamışdı. Bu adamın ağzından az qala od çıxır və yüksək statuslu futbolçu olduğunu gözümüzə soxur. Amma həmin matçda 0-10 hesabıyla uduzulan oyunun iştirakçısı olduğunu deməkdən çəkinir.

Azərbaycan futbolunda nələr yaşanmadı? Qonaqları duş qəbul etməyə girəndə suyu da bağladıq, stadionda işıqları da söndürdük. Özümüzü Avropanın bir parçası hesab etsək də Avropa standartlarına cavab verə bilmirik. Bu gün Avropada Azərbaycan futbolundan söhbət düşəndə, bizi San Marino, Lixtenşteyn, Cəbəllütariq kimi komandalarla müqayisə edirlər. Marq üçün qeyd edim ki, Lixtenşteyn rəsmi görüşlərdə ilk qələbəsini 1998-ci il oktyabrın 14-də  Azərbaycan üzərində qazanıb.  Azərbaycan futbolunun son 30 ildə keçdiyi yola bir daha nəzər salanda qarşıya ciddi məqamlar  çıxır. Elə gümün edilirdi ki, dünya şöhrətli mütəxəssislərin milliyə baş məşqçi təyin edilməsi məsələnin həlli yoludur.

Brazilya millisinin heyətində dünya çempionu olan Karlos Alberto Torresi Azərbaycan komandasına dəvət edəndə böyük vədlər verildi və futbolçularımızın daha yaxşı oynayacağına inam artdı. Torres millini dünya turuna da çıxartdı. Turist səfərləri təşkil edildi. Cənubi Amerikanın gəzməli-görməli yerlərində olan futbolçularımız bir neçə gün sonra Varşavada Polşaya 0-8 hesabıyla uduzdu. Bundan sonra Azərbaycan millisində dünya səviyyəli baş məşqçi gətirilməsi ənənəsi yarandı.

Dünya çempionunun ardınca Almaniya yığmasını 1996-ci ildə Avropa çempionu edən Berti Foqts Azərbaycana dəvət olundu. Azarkeşlərin giley-güzarı və acı məğlubiyyətlər bir-birini əvəz edəndə də AFFA rəhbərliyi bir qədər səbrli olmağı tövsiyyə etdi. Foqtsun dönəmindən çox vaxt keçib və yenə də qələbəyə həsrətik. Bu dəfə Azərbaycan millisi yenə dünya şöhrətli mütəxəssisə tapşırılıb. Komandamızın baş məqçisi Portuqaliya yığma komandasını Avropa çempionu edən Fernandu Santuşdur. Bu həmin Santuşdur ki, Portuqaliya qitə çempionu olanda heyətində Kriştiano Ronaldo, Luis Nani kimi dünya şöhrətli ulduzlar oynayırdı. İndi Portuqaliyanı çempion edən məşqçi Azərbaycandadır və Estoniya, Slovakiya kimi komandaları məğlub edə bilmir. Deməli, meydanda oynayan, mübarizə aparan məşqçi deyil.

Qələbə üçün meydanda futbolçular can qoyur.  Əgər Azərbaycanda futbol siyasəti düzgün qurulmayıbsa və Santuşu qane edən futbolçu yoxdursa, deməli bizə nə Karlo Ançelloti, nə Pep Quardiola, nə də Joze Mauriniyo kömək edə bilməyəcək. Bu gün Santuşun sərəncamında topu autdan düzgün daxil edə bilməyən futbolçular toplaşıb.  Milli isə uduzmaqda davam edir. Komanda Avropa Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında məğlub olub və hələ də heç kimi vecinə deyil. Sanki, bu komanda böyük bir ölkəni deyil, hansısa  aulu, kiçik qəsəbəni təmsil edir. Bəlkə ayılmağın vaxtıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*