Almaniya sahil bölgələrində Rusiyadan gələn təhlükələrə qarşı pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq və onların fəaliyyətini pozmaq üçün yeni sistemlərin hazırlanmasına başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu Bild nəşri məlumat yayıb. Məlumata görə, Rusiyaya məxsus dronlar artıq bir neçə dəfə Almaniyanın kritik infrastruktur obyektləri üzərində müşahidə edilib. Hədəfdə olan obyektlərə limanlar, neft qurğuları və NATO hərbi gəmiləri daxildir.
Bild-in məlumatında qeyd olunur ki, Brunsbüttel sənaye zonası üzərində və Hamburq limanında yerləşən Britaniya aviadaşıyıcısının üzərində dron uçuşları qeydə alınıb. Hətta bir insident zamanı patrul kateri “Putinin kölgə donanması”na məxsus bir tankeri müşayiət edən dron sürüsünü bir neçə saat izləyib.
Almaniya senatı üzvü Herman Qrote isə bildirib:
“Rusiya artıq uzun müddətdir ki, Qərbə qarşı hibrid müharibə aparır. Bu, ciddi təhlükədir və biz ona qarşı texnoloji və hərbi tədbirlər görməliyik.”
Yeni yaradılacaq “dron qalxanı”, Almaniyanın hava məkanını qorumaq və kritik obyektləri mümkün hücumlardan mühafizə etmək üçün nəzərdə tutulub.
Natiq Səlim,
KONKRET.az