“NATO-ya üzv ölkələr özlərini Rusiya ilə müharibə vəziyyətində hesab etmirlər”.
KONKRET.az xəbər verir ki, bunu Corctaun Universitetində NATO-nun 75 illiyinə həsr olunmuş konfransda alyansın Avropadakı birləşmiş qüvvələrinin baş komandanı, amerikalı general Kristofer Kavoli deyib.
“NATO ölkələri bizim Rusiya ilə müharibə etdiyimizə inanmır. Biz də bunu istəmirik”, – Kavoli bildirib.
Kavoli NATO-nun müdafiə alyansı olduğunu və Rusiya ilə münaqişələrin qarşısını almağı hədəflədiyini vurğulayıb. O qeyd edib ki, bu səbəbdən NATO Moskva ilə münaqişədə Kiyevi dəstəkləyir.
Bir sıra Qərb siyasətçiləri son aylar NATO ilə Moskva arasında münaqişənin mümkünlüyü barədə danışıblar. Xüsusilə, 2024-cü ilin yanvarında Estoniyanın baş naziri Kaja Kallas demişdi ki, Rusiya 3-5 ildən sonra alyans üçün ciddi hərbi təhlükəyə çevrilə bilər.
NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, alyans Rusiya ilə müharibədə maraqlı deyil, lakin onilliklər davam edə biləcək qarşıdurmaya hazırlaşmalıdır. Stoltenberqin sözlərinə görə, NATO ölkələri hərbi istehsalı artırmalıdır.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də öz növbəsində bəyan edib ki, Moskvanın blok ölkələri ilə döyüşmək üçün heç bir səbəbi və marağı yoxdur – nə geosiyasi, nə iqtisadi, nə siyasi, nə də hərbi maraqları”. O, həmçinin bildirib ki, dünyada demək olar ki, heç kim üçüncü dünya müharibəsinin başlamasında maraqlı deyil.
Rəsmiyyə Şərifova,
KONKRET.az