Amerikalı generalların Moskva səfərinin PƏRDƏARXASI: Putin kimlərə və hansı mesajlar verir?backend

Amerikalı generalların Moskva səfərinin PƏRDƏARXASI: Putin kimlərə və hansı mesajlar verir?

Bir qrup amerikalı general sülh planını müzakirə etmək üçün Moskvaya gələcək.

Bəs, Moskva bu səviyyədə amerikalı hərbi nümayəndələri qəbul etməklə hansı siyasi mesajı verməyə çalışır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert, millət vəkili Elçin Mirzəbəyli bildirib ki, Amerikadan yüksək rütbəli hərbi nümayəndələrin Moskvaya gələcəyi barədə xəbər təsdiqini taparsa bu, yalnız protokol səviyyəsində rəsmi görüşdən daha çox, həm də simvolik və strateji məna daşıyacaq:

Elçin Mirzəbəyli

“The Guardian və digər mənbələr bu səfərin məqsədinin Vaşinqtonun təklif etdiyi 28 maddəli “sülh planı”nın Kremlin nümayəndələri ilə müzakirəsi olduğunu yazırlar. Bu addım Moskvanın bir neçə paralel siyasi mesaj vermək niyyətində olduğunu göstərir. Birincisi, belə görüş Rusiyanı beynəlxalq masada yenidən əsas aktor kimi təqdim edir. Xüsusilə də ABŞ-ın sülh təşəbbüsü ilə bağlı açıq dialoq aparılması Kremlin birtərəfli təbliğatında “rəqiblə bərabər səviyyədə” danışıqlar apardığı mesajını gücləndirə bilər. Bu, həm xarici auditoriyada, həm də daxili ictimaiyyətdə Rusiyanın zəif deyil, məzmunlu geosiyasi oyun aparan tərəf olduğu təəssüratının yaradılmasına xidmət edəcək.

İkincisi, Moskvanın hərbi səviyyədə danışıqlara razılaşması Vaşinqtonun təşəbbüsünü legitimləşdirmək üçün bir vasitə kimi istifadə edilə bilər. Əgər amerikalı hərbçilər Moskvada oturub planın texniki və praktiki tərəflərini müzakirə edərlərsə, bu, planın sadəcə diplomatik kağız üzərində qalmadığını, həm də hərbi-praktiki elementləri üzrə razılaşma potensialı olduğunu göstərəcək. Və bu, planın Ukrayna və Avropalı tərəfdaşlar üçün daha da təzyiq gücünü artıracaq”.

Politoloq qeyd edir ki,digər tərəfdən, ola bilsin ki, Kremlin məqsədi Vaşinqtonu Avropa və Kiyevdən ayırmaq, qərarvermə prosesini ikitərəfli formatda qurmaqdan ibarətdir:

“Moskva üçün ən arzuolunan nəticə budur ki, məsələnin əsas konturları ABŞ–Rusiya dialoqunda formalaşsın. Beləliklə Avropa və Ukraynanın məsələyə məcburi reaksiya göstərməkdən başqa çıxış yolları qalmasın. Bu, həm də müzakirələrin nəticələrini Vaşinqtonun daxili siyasi mənafelərinə bağlamaqla Rusiya üçün əlavə geosiyasi fayda gətirə bilər”.

E.Mirzəbəyli vurğulayır ki, bu cür görüş həm də risklərlə doludur və Moskva üçün strategiyanın ziddiyyətli tərəfləri var:

“Bir tərəfdən, hərbi-diplomatik kanal Rusiyanı daha ciddi dialoqa cəlb edə və müəyyən zəmanətlər qazana bilər. Digər tərəfdən, belə görüş Rusiyanın gerçək sülhə hazır olduğunu görüntüləyə bilər.

Vaşinqton üçün bu səfər həm diplomatik, həm də siyasi-məntiqi dilemma yaradır. Kiyev və avropalı müttəfiqlər üçün ən kritik qorxu budur ki, danışıqlar Ukraynanı prosesdən kənarlaşdırılmış tərəf halına gətirə və nəticədə onun suveren hüquqları zərər görə bilər. Artıq Ukrayna rəhbərliyi və Avropa çevrələri planın məzmunundan və hazırlanma şəraitindən narahatdırlar”.

Nəticə etibarilə, əgər bir qrup amerikalı general Moskvaya səfər edərsə, bu, həm taktiki, həm də simvolik səviyyədə çoxsaylı mesajlar ötürəcək:

Moskva üçün qismən diplomatik qələbə, Vaşinqton üçün isə həm praqmatik tərəfdaşlıq imkanı, həm də daxili siyasətdə və müttəfiqlərlə münasibətlərdə reputasiya riski deməkdir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*