ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondu (TASFO) qondarma erməni soyqırımını araşdıran qərbli elm adamları ilə müsahibələrini davam etdirir. TASFO-nun bu dəfəki müsahibi ABŞ-ın Tennesse Universitetinin professoru və akademik Maykl Günterdir.
KONKRET.az onun TASFO rəhbəri Fatih Özonurla müsahibəsini təqdim edir.
– Qərb dünyasında nə XIX əsrin sonlarında Osmanlı ərazilərində Rusiya tərəfindən dəstəklənən erməni terror dəstələrinin həyata keçirdiyi üsyanlar, nə də 1973-1991-cü illər ərzində erməni terror təşkilatlarının (ASALA, JCAG və s.) 21 ölkənin 38 şəhərində törətdiyi cinayətlər “erməni soyqırımı” qədər müzakirə olunmur. Sizcə, bunun səbəbi nədir?
– Haqlısınız, erməni iddiaları daha çox müzakirə olunur. Çünki xristian ermənilər xristian Qərbində özlərinə daha asan yer tapdılar. Eyni zamanda, müsəlman türklər Qərbdə “tarixi düşmən” kimi qəbul edilirdilər. Ermənilər Qərb dillərini türklərdən daha yaxşı bildikləri üçün mesajlarını Qərbə daha yaxşı çatdıra bildilər.
– 1982-ci ildə Türkiyənin Filadelfiyadakı konsulu Kanat Arbaya qarşı uğursuz sui-qəsd cəhdindən sonra üç livanlı erməniyə – Karniq Sərkisyan, Vigen Ovsepyan və Vigen Vazgen Yakobyana həbsdən azad edildən sonra ABŞ vətəndaşlığı verildi. Bəs bu haqda nə düşünürsünüz?
– Həbs cəzasını çəkdikdən sonra başqa cinayət işləməmisinizsə, qanun sizə bərabərhüquqlu şəkildə yenidən cəmiyyətə daxil olmağınıza icazə verir. Ümid edirəm ki, həmin ermənilər qanunlara riayət edəcəklər. Əks təqdirdə, həbsxanaya geri qayıdacaqlar.
– Məlum olduğu kimi, Erməni İnqilab Federasiyası (ARF) 1920-1922-ci illərdə məşhur “Nemesis” əməliyyatı ilə 8 azərbaycanlı və osmanlı diplomatını qətlə yetirib. Eyni zamanda, ASALA 1973-1991-ci illər ərzində 31 türk diplomatını öldürdü, ikisi amerikalı olmaqla, yüzlərlə fransız, alman, isveç, ispan və türk kökənli mülki şəxsi yaraladı. ARF bu cinayətləri – JCAG və ASALA terror təşkilatlarının terror aktlarını “ARA” adı altında aşkar şəkildə dəstəkləyib. ARF kimi terrorizmlə bu qədər dərin bağları olan bir terror təşkilatının ABŞ-da qanuni şəkildə “QHT” olaraq tanınmasının normal olduğunu düşünürsünüz?
– Mən şəxsən terror təşkilatlarına gizli şəkildə sponsorluq etdiyi müddətə qədər ARF-nin QHT kimi qəbul olunmasına etiraz etdim. Lakin son illərdə artıq ARF türk diplomatlarına sui-qəsd həyata keçirmir.
– 1973-1982-ci illər ərzində ABŞ-da 4 türk diplomatı öldürüldü. Bu sahənin mütəxəssisi olaraq, burada – ABŞ-da terrorun qurbanı olan başqa bir ölkənin diplomatı varmı?
– Sözün açığı, ABŞ kimi bu qədər böyük və önəmli bir ölkənin tarixində ictimaiyyətə açıqlanmamış başqa qurbanlar olsa, buna təəccüblənmərəm. Əlbəttə, ermənilər qorxunc bir tarixi nümunə olmağa davam edir. Ümid edirəm ki, Türkiyəyə qarşı çıxan amerikalı ermənilərin bundan sonra atacağı addımlar aqressiv olmayacaq. Həmişə ümid etmişəm ki, məsələ dialoq yolu ilə öz həllini tapacaq. ABŞ-da yaşayan türklərin buna istəkli olacağını bilirəm. Lakin amerikalı ermənilər heç vaxt bunda istəkli olmadılar. 1970-ci illərdə türk tezislərini müdafiə edən professor Stanford Şavla, erməni tezislərini müdafiə edən Riçard Avanesyan arasında qızğın mübahisələr olub.
– Professor Castin Makkarti kimi bir çox elm adamının tarixdə “erməni soyqırımı” olmadığını sübut edən, çox dəyərli araşdırmaları var. Bəs sizin qondarma erməni soyqırımı ilə bağlı düşüncəniz nədir?
– Mənə görə, bu, bir təqdimat məsələsidir. Birinci Dünya Müharibəsi vaxtı Osmanlı İmperiyasında çox sayda erməninin savaş şərtləri, qanun və nizamın pozulması, pis nəqliyyat şərtləri və ya məkan səbəbindən öldüyünə şübhə yoxdur. Ancaq bu ermənilərin ölümünün Osmanlı dövlətinin rəsmi siyasəti olduğunu təsdiq edən heç bir sənəd yoxdur. Məsələn, bunu Osmanlının adına yazan məşhur “Andonyan sənədləri” uydurmadır. Əlavə olaraq, Osmanlı İmperiyasının Qərb sərhədlərində yaşayan ermənilər deportasiya edilməyib. Əksinə, bir çox radikal erməni məsum müsəlmanları öldürdü. Bunu fasiləsiz şəkildə – onillərlə davam etdirdilər.
Soyqırımın beynəlxalq hüquq normaları çərçivəsində qəbul edilməsi üçün ilk növbədə, bunun öncədən planlaşdırıldığı sübut olunmalıdır. Lakin bu da təsdiqlənməyib. Bu məsələ ilə bağlı iki elmi kitabım var, lütfən incələyin. Birincisi, müasir erməni terrorizmi üzərində apardığım araşdırmaların toplandığı – 1986-cı ildə nəşr olunan “Xalqının haqlı mübarizəsinin izində” adlı kitabdır. İkincisi də 2011-ci ildə çapdan çıxan “Erməni tarixi və soyqırım problemi”dir. Hər iki kitab nüfuzlu nəşrlərdə müzakirə mövzusu olub.
Habelə, Benni Morris və Dror Zeevinin “30 illik soyqırım: Türkiyənin etnik xristianları yox etməsi, 1894-1924” adlı kitabına dair araşdırmam və ya tənqidi məqaləm bir müddət əvvəl “The Middle East Journal”da yayımlanıb. Bu ilin yazında… Bu nəşr Yaxın Şərqlə bağlı araşdırmalar sahəsində nüfuzlu jurnal sayılır. Başqa sözlə, bütün faktlar nəzərə alınanda, “soyqırım” ifadəsi erməni məsələsi üçün doğru kəlimə deyil.
teleqraf.com