backend

"Anarın ümidindən istəyirəm" - Görəsən 85 yaşlı yazıçının gələcək planı nədir?

Otuz altı ildir ki, Azərbaycan Yazıçılar Birliyinin “kreslo”sundan sözün əsl mənasında qopa bilməyən, elə bu hərəkəti ilə vəzifəni özü üçün “əbədi nemət” sayan bəzi məmurlardan geri qalmayan görkəmli nəslin nümayəndəsi Anarın (Anar Rzayev – red) ad günüdür. Tanınmış yazıçı ömrünün 85-ci ilinə qədəm qoyur. Bəli, Anar görkəmli nəslin nümayəndəsidir, elə özü də istedadlı yazıçı və publisistdir. Amma hesab edirəm ki, ömrünün yarısını vəzifədə keçirən Anar müəllimin “kreslo” ilə bağlı fikirləri, onun bir yazıçı kimi düşüncələrini kölgədə qoymağı bacarıb. Zarafat deyil, 36 il hər gün eyni kresloya əyləşməyi və ən əsası da onu qoruyub saxlamağı hər kişi bacarmır axı… 

Amma məni bu “kreslo” məsələsindən daha çox Anar müəllimin həyatsevərliyi, onun 85 yaşı olmasına rəğmən gələcəklə bağlı planlar qurması, yazıb-yaratmaq eşqi heyran edir. Doğrudur, səhhəti imkan versə belə, Anarın kreslodan bərk-bərk yapışmasını məqbul saymıram və hesab edirəm ki, hər bir sahədə vaxtında getməyi bacarmaq lazımdır. Ələxsus da, Rəsul Rza və Nigar Rəfibəyli kimi dahilərdən bəhrələnən bir şəxsin vəzifəpərəstliyi mənə çatmır. Amma düşünürəm ki, hörmətli yazıçının, “gələcəklə bağlı planlarım var” deməsi qaranlığa qərq olan gənc nəsil üçün sözün əsl mənasında bir işığa çevrilə bilər.

Dədə-babadan 70-i haqlayan böyüklərimizin “kəfən” haqda düşündüyünü görmüşük. Bunun fonunda 85 yaşlı ağsaqqal yazıçının hələ gələcəklə bağlı planlar qurması mənə nə qədər qəribə gəlsə də, Anarın məlum fikirlərini alqışla qarşılayıram. Ümid edirəm ki, AYB sədri ilə görüşmək və onun gələcək planları ilə bağlı fikirlərini öz dilindən eşitmək imkanım olacaq. Anar müəllimə isə ad günündə xalqın yazıçısı olmağı, vəzifənin “əbədi”liyi haqda təsəvvürlərdən kənar yazıb-yaratmağı arzulayıram.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*