Aprel döyüşlərinin yeni TƏFƏRRÜATLARI – Akif Əli yazırbackend

Aprel döyüşlərinin yeni TƏFƏRRÜATLARI - Akif Əli yazır

Akif Əli, fəlsəfə doktoru,
yazıçı-publisist

…2016-cı ilin Aprel döyüşləri Böyük Qələbəyə aparan şanlı tarix kimi yaddaşlarda yaşayır. O zaman bütün xalq ölkə rəhbərliyi ilə birlikdə əl-ələ, çiyin-çiyinə həmrəy olaraq düşmənin üstünə getdi. Dövlətin bütün diqqəti cəbhədəki vəziyyətə nəzarətə yönəlmişdi. İşimlə bağlı hadisələri yaxından müşahidə etmək imkanım var idi. Ali Baş Komandanla, güc nazirlikləri ilə, cəbhə üçün işləyən bütün qurumlarla intensiv əlaqədə olmaq, vuruşan ordunu zəruri mal-material və ləvazimatla təchiz etmək üçün Hökumət Aparatı həmin 4 sutkanı gücləndirilmiş iş rejimində çalışırdı. “Hərb allahına”, “Qan püskürən, atəş sovuran kinli krallara” nifrət edən dahi Hüseyn Cavid Rasizadənin qan qohumu, Faşizm taununa qarşı könüllü savaşa gedib döyüşlərdə həlak olan Tahir Rasizadənin oğlu – Baş nazir Artur Rasi-zadə o müharibə günlərdə özünü cəbhədə, hücuma keçən əsgərlərimizin yanında hiss edərək, işdən bir an belə ayrılmırdı, hətta evə getməyib 4 gecə kabinetində gecələdi. Hərbi qulluqçular kimi dövlət qulluqçuları da bir an belə “döyüş postunu” tərk etmirdilər…

Düşmənin başına od ələyən Azərbaycan Ordusunu şərəfli Qələbəyə doğru aparan uzun, əzablı inkişaf yollarında Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin  rəhbərlikləri altında Hökumət var qüvvəsi ilə çalışmışdı. İndi düşmənə endirilən hər sarsıdıcı zərbəni görəndə hər kəs ötən günləri xatırlayırdı.

Yeni iqtidar hakimiyyətə gələndə ordumuzun nəinki lazımi müasir silah-sursatı, hərbi maşın-texnikası, hətta əsgərin ayağına geyinməyə çəkməsi belə yox idi. O çətin illərdə Baş nazirin kabinetindəki uzun danışıqlar masasının  üstünə müxtəlif silah növləri ilə yanaşı, fabrikdə hazırlanan təzə əsgər çəkmələri də gətirilirdi. İxtisasca mühəndis olan, texnikanın dilini mükəmməl bilən maşınqayırma sahəsinin mütəxəssisi Artur Rasi-zadə avtomat silahdan tutmuş tank mərmilərinə qədər, minomyotdan tutmuş əsgər geyiminə qədər hər ləvazimatın texniki parametrləri, müasirliyi, keyfiyyəti, davamlılığı ilə şəxsən maraqlanırdı. Bəzən başqa ölkələrin silah sərgilərinə gedir, vertolyot zavodlarını gəzir, poliqonda müxtəlif çaplı pulemyotların, minomyot və topların sınaq atışlarına baxırdı.

Hər bir texnikanın imkanları barədə Prezidentə müfəssəl arayış verilirdi. Prezident Heydər Əliyevin uzaqgörənliyi və qəhrəmanlığı sayəsində imzalanmış Neft Kontraktları işə düşdükcə, ilbəil maliyyə imkanları artdıqca, orduya lazım olan texnika bir-bir diqqətlə seçilib alınır, ölkəyə gətirilirdi. Tanklar, BTR-lər, PDM-lər, pulemyotlar, avtomatlar, qumbaralar, zirehli qoşqu maşınları… Müxtəlif məsafələri vuran raketlər, helikopterlər, qırıcı təyyarələr, pilotsuz döyüş aparatları… Texniki təchizatla paralel zabit heyətinin hazırlanması üçün müxtəlif səviyyələrdə danışıqlar aparılır, qardaş Türkiyənin və digər dost ölkələrin təcrübəli hərbçilər ilə məsləhətləşmələr aparmaqla təlim-tədris kursları təşkil olunurdu…

Vaxtilə maşınqayırma sahəsinə həvəsləndirən gənc kadrlar indi hər biri təcrübəli mütəxəssisə çevrilmişdi və həmin kadr potensialını cəlb etməklə, ölkədə hərbi-sənaye sahəsinin qurulmasına başlanmışdı. Bəzi zəruri silah-sursatın öz respublikamızda istehsal olunması üçün avadanlıqlar gətirilib quraşdırılır, lazımi şərait yaradılırdı. Beləcə ilbəil, addım-addım Azərbaycan Ordusu qurulur, təchiz olunur, dikəlir, güclənirdi…

 

İndi budur, gərgin Aprel günlərində cəsur komandirlər tərəfindən bacarıqla idarə olunan Azərbaycan Ordusu öz məharətini döyüş meydanında göstərirdi. Bir zamanlar ayağına geyinməyə çəkməsi olmayan əsgər indi təpədən dırnağadək tam təchiz olunmuş vəziyyətdə, müasir döyüş texnikası ilə düşmənin üzərinə yeriyirdi… Uzun illərdən bəri məğlubedilməzlər kimi ad çıxaran düşmən isə mövqelərindən çıxıb qaçırdı. Ordumuzun gücü qarşısından onun qaçmaqdan başqa əlacı da yox idi.

Həmin anlarda ordu quruculuğunda iştirakı olan hər bir rəhbər və sıravi qulluqçunun  keçirdiyi qürur hissini anlamaq çətin deyildir.

Aprel döyüşlərində nəinki düşmən, həm də ona dəstək verən “kinli ölkələr” Azərbaycanın bu qarşısıalınmaz hücumundan özlərini itirib əl-ayağa düşmüşdülər. Başqa vaxtlar qalib ədası ilə gəzib bizdən güclü olduqları ilə öyünən, Azərbaycan insanına “qorxaq” deyib qürrələnən aşağılıq ermənilər Aprel “atəşfəşanlığında” girməyə  kol  axtarırdılar. Məlum səbəblərə görə, birinci Qarabağ müharibəsində qəsdlə, xəyanətlə, bilərəkdən uduzdurulan azərbaycanlıların hücumunu indi durdurmaq üçün, qorxaq erməni hakimiyyəti az qala bütün dünyadakı siyasi-diplomatik kanallarını işə salmışdı. Aydın görünürdü ki, bu gedişlə milli ordumuz yağı düşməni məhv edib üçrəngli  bayrağımızı Şuşada, bütün Qarabağda dalğalandırmaq əzmindədir…

Döyüşlər ordumuzun tam üstünlüyü şəraitində davam etdiyi o Aprel günlərində  erməni sevdalı bir çox böyük dövlətlər pərdə arxasından çıxıb bütün güclərini Azərbaycana qarşı yönəltdilər. “Xahiş-minnət formasında” etdikləri aramsız və davamlı zənglər, siyasi təzyiqlər, yüksək ranqlı generalitetin tələm-tələsik Bakıya get-gəlləri nəticəsində atəşin kəsilməsinə, hücumun dayandırılmasına məcbur edilənə qədər, döyüşçülərimiz artıq xeyli irəliləyərək qarşıya çıxan maneələri sürətlə yarıb keçmişdilər. Cəsur əsgərlərimizin, ölməz şəhidlərimizin qəhrəmanlığı sayəsində işğalçının möhkəm-möhkəm qorunan keçilməz səngərləri haqqında mif darmadağın olmuşdu…

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Madagiz kəndi istiqamətindəki mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi düşməndən təmizlənmişdi. Ətrafdakı bütün qərargah və hərbi hissələri məhv edilmiş, Ağdərə-Madagiz, Cəbrayıl istiqamətində yollar nəzarətə götürülmüşdü. Qızğın döyüşlərdə erməni silahlı qüvvələri böyük itkilərə məruz qalmışdı. 4 günlük müharibədə düşmənin 320-dən artıq canlı qüvvəsi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı. 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı.

Azərbaycan Ordusunun gücünü, döyüşən orduya kömək üçün cəbhəyə getməyə can atan bütün xalqın coşqun əzmini dünyaya göstərən Aprel döyüşləri bir daha sübut etdi ki,  rəsmi qəbullar və görüşlər zamanı Azərbaycan iqtidarının israrla dediyi kimi, həqiqətən də uzun illərdir heç nəyə nail olmayan ATƏT-in “sülhyaradıcı” missiyası  kənara çəkilsə, Azərbaycan özü öz gücü ilə əraziləri qısa vaxtda işğaldan azad edib, üzüntülü Qarabağ probleminə birdəfəlik son qoyar. Təbii ki, erməni sevdalı “sülhyaratma” gücləri məhz elə bunu bildikləri üçün kənara çəkilmirdilər.

Ancaq “çoxbilmişlər” onu bilmirdilər və güman etmirdilər ki, bu döyüşlərdən  sonra növbəti Dəmir Yumruq tezliklə düşmənin başını birdəfəlik əzəcək, onu Qarabağdan iti qovan kimi qovacaq, şanlı Azərbaycan bayrağını müqəddəs Şuşada dalğalandıracaqdır.

4 günlük Aprel döyüşlərindən həmin Zəfər günlərinədək cəmi 4 il qalırdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*