“Noyabrın 10-da qəbul edilmiş bəyanatın şərtlərinə düzgün əməl edilməlidir”.
Bunu KONKRET.az-a açıqlamasında deputat Aqil Abbas bildirib.
Deputat qeyd edib ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə imzalanan üçtərəfli bəyanatda qeyd edilir ki, Ermənistanın bütün qoşun növləri Dağlıq Qarabağ ərazisindən çıxarılmalıdır: “Rusiya sülhməramlıları bunu tərəf tutmadan icra etməlidir. Rusiya sülhməramlıları onları necə çıxarıb ki, hələ də o ərazilərdə erməni silahlı birləşmələri qalmaqdadır. Niyə Rusiya sülhməramlıları erməni silahlı birləşmələrini təmizləməyib? Əmri yerinə yetirməyən quldur hesab olunur. Azərbaycanın hərbi qüvvələri və təhlükəsizlik orqanları var. Quldurlar məhv edilməlidir. Onlar bizim əsgərlərimizi öldürür. Biz başqa onlara neyləməliyik? Rusiya sülhməramlıları vəzifə borcunu düzgün yerinə yetirməlidir. Dağlıq Qarabağın ərazisində hələ də silahlı erməni birləşmələri var. Bu barədə videolar da mövcuddur. Onların təmizlənməsi Rusiya sülhməramlılarından tələb olunmalıdır. Tələb olunmalıdır ki, Rusiya sülhməramlıları erməninin tərəfini saxlamadan götürdüyü öhdəliyi yerinə yetirsin. Qaldı ki, xəritəyə, bununla dövlətimiz məşğul olacaq. O xəritənin açıqlaması tələb olunacaq və yəqin ki, ləğv ediləcək”.
Nərgiz Mirzəyeva,
KONKRET.az