Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarını uğurla davam etdirir. İşğal altında olan kənd, rayon, şəhər və digər yaşayış məntəqələrimiz bir-birinin ardınca azad edilir.
Lakin çox təəssüflər olsun ki, sosial şəbəkələrdə kəndlərin işğaldan azad edilməsi ilə bağlı şit və bayağı yumorlardan ibarət statuslara rast gəlinir. Ümumiyyətlə, bu və digər məqamlarla bağlı sosial mediada xoşagəzlməz halların sayı artır.
Bununla bağlı KONKRET.az-a danışan deputat Aqil Abbas bildirib ki, kompüter arxasında oturub status yazmaq çox asandır: “Onlar bilmir ki, elə kənd var ki, onu almaq rayon mərkəzini almaqdan bəzən çox çətin olur. Sosial şəbəkələrdə o cür statuslar yazanlar işğaldan azad edilən kəndlər barəsində, ümumiyyətlə, ya məlumatsızdırlar, ya da məsulıiyyətsiz. Onlar nə bilirlər ki, Seyidəhmədli, Əmirallar kəndlərinin coğrafi mövqeyi necədir?!. İşğaldan azad olunan Aşağı Seyidəhmədli kəndi bilirsiniz necə böyükdür?!. Orada ermənilərin böyük istehkamları vardı. Kompüter arxasında oturub döyüşmək çox asandır. Sosial şəbəkə “qəhrəmanları”nın Daşaltı kəndini azad etməyin nə olduğundan xəbərləri yoxdur. Kəndləri azad etdikdən sonra rayon azad olunur. Rayon mərkəzi azad olunub, kəndlər qalsa, ermənilər yenidən asanlıqla o rayonu işğal edə bilərlər, camaatı qıra bilərlər. Ona görə də boş-boş danışanlara əhəmiyyət verməmək lazımdır. Rayonlar kəndlərdən ibarətdir. Elə kəndlər var ki, Suqovuşandan böyükdür və əhalisi də çoxdur. Bunu bilirləmi? Təbii ki, yox. Bu cür şit yumor və zarafatları sosial şəbəkələrdən yığışdırmaq lazımdır. Zarafat və yumor yaxşıdır. Amma həddində”.
Nərgiz Mirzəyeva,
KONKRET.az