AQTA-dan sahibkarlara XƏBƏRDARLIQbackend

AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrində həyata keçirdiyi monitorinqlər ilə bağlı son dövrlər səsləndirilən fikirlərə aydınlıq gətirib.

KONKRET.az-a AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirilib ki, 18 avqust tarixindən etibarən AQTA və aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə müəssisələrində gündəlik monitorinqlər həyata keçirilir:

“AQTA tərəfindən indiyədək respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində 56388 monitorinq keçirilib, sözügedən müəssisələrdə maarifləndirmə və nəzarət tədbirləri aparılıb. Ölkə üzrə fəaliyyət göstərən 11086 ictimai iaşə müəssisəsində sıxlıq normalarını əks etdirən lövhələrin yerləşdirilməsinə, 6745 ictimai iaşə müəssisəsində isə karantin tədbirlərinin icrasına məsul şəxslərin təyin edilməsinə nail olunub.

Sahibkarların bu sahədə mövcud tələblər barədə məlumatlandırılması məqsədilə genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilib. Lakin görülən bütün tədbirlərə baxmayaraq keçirilən monitorinqlər zamanı hələ də qaydaları kobud şəkildə pozan sahibkarlıq subyektlərinə rast gəlmək olur.

Bəzi kafe və restoranlarda xəbərdarlıqlara məhəl qoymadan adambaşına müəyyən edilən sıxlıq normalarına əməl edilməməsi, masalar və oturacaqlar arası məsafənin tələblərinin pozulması, məsul şəxslərin təyin edilməməsi, bir masa ətrafında altı nəfərdən çox şəxsin əyləşməsi ilə korporativ tədbirlərin keçirilməsi halları qeydə alınıb”.

“Əfsuslar olsun ki, bəzi kütləvi informasiya vasitələrində ictimai iaşə müəssisələrinin karantin rejimi dövründə əsassız cərimələnməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanır.

İddia olunur ki, agentliyinin müfəttişləri tərəfindən eyni masa arxasında əyləşən ailə üzvlərinin qaydalara əməl etməməsi əsas gətirilərək sahibkarlıq subyekti barədə inzibati cərimələr tətbiq edilir. Nəzərinizə çatdıraq ki, bu kimi məlumatlar tamamilə reallıqdan kənardır və həqiqətləri əks etdirmir.

Agentik tərəfindən qanunvericilikdə nəzərdə tutulan tələblərə və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl edilmədiyi hallarda sahibkarlıq subyektləri barədə cərimələr tətbiq edilir.

AQTA və aidiyyəti qurumların həyata keçirdiyi reydlər zamanı məqsəd sahibkarlara qarşı cərimələrin tətbiqi deyil, yenidən sərt karantin rejiminə keçməyi zəruri edəcək vəziyyətin yaranmasının, yoluxma hallarının sürətlə artmasının qarşısının alınmasıdır.

Onu da qeyd edim ki, ictimai iaşə müəssisələrində monitorinqlər bundan sonra da davam etdiriləcək və qaydalara əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”, – deyə A.Fərzəliyeva bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*