“Araiki yaxın günlərdə qolubağlı Bakıya gətirəcəklər” – ŞOK İDDİAbackend

“Araiki yaxın günlərdə qolubağlı Bakıya gətirəcəklər” - ŞOK İDDİA

“Azərbaycanın Rusiya sülhməramlıları qarşısındakı şərtlərindən biri də o olub ki, separatçılar heç bir halda nə helikopterlə, nə də digər vasitələrlə Ermənistan ərazisinə keçməməlidirlər. Azərbaycan Xocalıdakı hava limanını o şərtlə ruslara vermişdi ki, sülhməramlılar oradan ancaq yaralıları və lazımi avadanlıqları aparıb-gətirsinlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Azərbaycan hərbçilərinin və xüsusi xidmət orqanlarının Qarabağın dağlıq hissəsinə daxil olmasından sonra bölgədə gizlənən separatçıların sonuncu aqibəti ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, sosial şəbəkələrin Azərbaycan seqmentində separatçı “lider”lərinin həbsi ilə bağlı fikirlər geniş vüsət alıb. İnsanlar həmin şəxslərin Ruben Vardanyan kimi Bakıya gətirilməsini tələb edir.

Öz növbəsində, Ü. Cəfərov əmidnir ki, Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan Rusiya sülhməramlı kontingentinin Xocalıdakı hərbi bazasında saxlanılır:

“Hələ bu azmış kimi, dünən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmən elan etdi ki, Ruben Vardanyan Rusiya vətəndaşıdır və Azərbaycan onun saxlanılması ilə bağlı məlumat verməlidir – hansı ki, 2 gün öncə bundan fərqli bəyanat vermişdilər. Görünən odur ki, Rusiyanın yavaş-yavaş “buynuzları” çıxır. Polkovnik Mixail Xodoryonokun aparıcı Olqa Skabayevanın “Şestdesyat minut” verilişində səsləndirdiyi fikirlərlə bağlı videoya baxsanız, görərsiniz ki, ruslar yenə öz əməllərindən əl çəkmir. Artıq Dmitri Peskovun özü də bunu rəsmən bəyan etdi”.

Polkovnik sual edib ki, bu dövlətdə, ümumiyyətlə, siyasət varmı:

“Axı Rusiyanın xarici işlər naziri Sergey Lavrov başda olmaqla, Rusiya rəsmiləri deyirdilər ki, Ruben Vardanyan bizim vətəndaş deyil. İndi bəs necə oldu ki, Ruben Vardanyan həbs olunandan sonra Rusiya onu öz vətəndaşı hesab edir? Eyni vəziyyət də bu gün adını sadaladığım 3 qondarma “rəhbərlər”lə bağlıdır”.

Mütəxəssisin iddiasına görə, ruslar indi bəzi planlar hazırlayıblar ki, həmin separatçıları ya Rusiya, ya da bir başqa əraziyə keçirsinlər:

“Çünki bu gün Araik Arutyunyan İrəvana getsə, orada həbs oluna bilər. Eləcə də digər 2 nəfərlə bağlı da konkret qərarlar var ki, əgər onlar İrəvanda peyda olacaqlarsa, həbs olunacaqlar. Burada yeganə “salamat adam” Samvel Şahramanyandır və onunla bağlı hələlik heç bir qərar yoxdur. Baxmayaraq ki, sentyabrın 9-dakı qondarma “seçkilər”də Şahramanyan başından yekə bəyanatlar vermişdi, amma bundan başqa onun əlaqədar ciddi bir şey yoxdur”.

“Lakin dediyim şəxslər hələlik Rusiya tərəfindən qərar qəbul edilənə qədər himayə olunur. Onsuz da Azərbaycan Araiki yaxın günlərdə qolubağlı Bakıya gətirəcək. Azərbaycanın qəti və dönməz şərtlərindən biri də Araikin həbs edilib Bakıya gətirilməsidir”, – fikirlərini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*