Armudu stəkan formasında UNİKAL HAVA LİMANIbackend

Armudu stəkan formasında UNİKAL HAVA LİMANI 

Türkiyənin dənizi dolduraraq inşa etdiyi ikinci hava limanı olan Rizə-Artvin Hava Limanı bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən istifadəyə veriləcək.

KONKRET.az “TRT Haber”ə istinadla xəbər verir ki, 3 milyon kvadratmetr sahədə inşa edilən hava limanı 45 metr enində və 3000 metr uzunluğunda uçuş-enmə zolağı ilə bölgənin hava nəqliyyatı ehtiyaclarını tam ödəyəcək.

2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin tutumu 3 milyon olacaq.

Unikal memarlığı və qabaqcıl mühəndislik texnologiyaları ilə reallaşdırılan hava limanı 32 min kvadratmetrlik terminal binası və digər köməkçi binalarla birlikdə 47 min kvadratmetr ümumi qapalı sahəyə malikdir.

Bölgənin mədəni elementlərinin izlərini daşıyan hava limanında çay stəkanı formasından ilhamlanaraq 36 metr hündürlüyündə qüllə, eləcə də yerli memarlığın əks olunduğu terminal binası tikilib. Ətrafı işıqlandırılan qüllə bölgənin siluetinə canlılıq qatacaq.

Texniki və inşaat xüsusiyyətləri ilə öz sahəsində dünyanın bir neçə nümunəsi arasında yerini alacaq Rize-Artvin Hava Limanı, təxminən 19 futbol meydançası boyda, başqa sözlə, 135 min kvadratmetrdən çox landşaft sahəsinə malikdir.

Hava limanının 49 min kvadratmetr sahəsi Qara dənizin coğrafi xüsusiyyətlərinə uyğun gələn 1453 ağacla yaşıllaşdırılıb.

Rizə çayını bütün dünyaya tanıtmaq, çayın bağçadan stəkana qədər hekayəsini və bölgənin tarixini izah etmək məqsədi ilə Çay Muzeyi və bədii əşyaların yerləşdiyi hava limanında 448 avtomobil tutumlu avtopark var.

Xüsusilə Şərqi Qara dəniz bölgəsində ölkənin turizminə, ticarətinə və istehsalına verdiyi töhfələrlə millətə, ətraf mühitə və ölkə iqtisadiyyatına xidmət edəcək hava limanı, həmçinin Şərqi Qara dəniz, Qafqaz və Yaxın Şərq ölkələri arasında potensial trafikdən yaranacaq nəqliyyat zəncirinin transfer mərkəzi olacaq.

Prezidentin Rəsmi Qəzetdə dərc olunan qərarı ilə hava limanı beynəlxalq giriş-çıxışlara açıq daimi hava sərhəd qapısı olaraq təyin olunub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*