Ermənistandakı siyasi qüvvələr reallığı dərk etmir və daim müharibə ritorikasından çıxış edirlər. Onlar hesab edirlər ki, 44 günlük müharibədə darmadağın edilən Ermənistan ordusu 3 il ərzində özünə gəlib. Ermənistanın İrandan və Hindistandan aldığı silahlara güvənən erməni politoloqlar nəyin bahasına olursa-olsun Qarabağdakı mövqelərini geri qaytarmağa çalışırlar. Amma regionda istənilən döyüş tapşırığının öhdəsindən gəlməyə hazır olan Azərbaycan Ordusunun real gücünü unudurlar. Elə buna görə də sərhədin Kəlbəcər rayonu ərazisində ermənilərin törətdiyi təxribata ordumuz layiqli cavab verib.
Politoloq Artak Zakaryan erməni mətbuatına müsahibəsində bildirib ki, Ermənistan bütün imkanlardan istifadə edərək, Azərbaycanın Qarabağ üzərində tam nəzarəti ələ keçirməsinə imkan verməməlidir:
“Nikol Paşinyanın Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıması sadəcə şifahi bəyanatdır. Əgər ortada rəsmi sənəd yoxdursa, Ermənistanı heç kim ittiham edə bilməz”.
Laçın yolundakı vəziyyətə də toxunan Zakaryan qeyd edib ki, bu gün bir çox dövlətlər Ağdam yolunun açılmasının tərəfdarıdır:
“Əgər Ağdam yolu açılasa, Laçın dəhlizini unutmalıyıq. Bu isə Azərbaycanın Qarabağ üzərində total nəzarətinin yaradılması deməkdir”.
Qarabağın itirilməsində Ermənistan hakimiyyətini ittiham edən politoloq hesab edir ki, hakimiyyətin hərəkətləri təkcə mövcud böhranın dərinləşməsinə deyil, həm də yeni böhran vəziyyətlərinə gətirib çıxarır. Davam edən manipulyasiyalar və bir güc mərkəzindən digərinə atılması həm Ermənistan, həm də Qarabağın ABŞ, Aİ, Rusiya, İran və Fransanın geosiyasi maraqları arasında münaqişə mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Zakaryan deyib ki, indi Azərbaycan istənilən məsələni rahatlıqla öz xeyrinə həll edə bilər.
Vəli Həsənov,
KONKRET.az