“Artıq qərar verilib” – 25 illik stajı olmayanlar da pensiyaya çıxa biləcək? backend

“Artıq qərar verilib” – 25 illik stajı olmayanlar da pensiyaya çıxa biləcək? 

Təqaüdçülərin hər yeni ildən xüsusi gözləntiləri olur. Belə ki, onlar əmək pensiyalarının və ya yaşa görə sosial müavinətlərinin artırılmasının həyəcanını yaşayırlar.  

Bu il əmək pensiyaları 11,2 faiz indeksləşdirilməklə 1 yanvar tarixindən artırılıb. Amma yaşa görə müavinətlərin artırılmasını gözləyən ahıllarımız, nədənsə, bu xoş münasibətə layiq görülməyiblər. Müavinətləri 220 manat həcmində saxlanılmış ahıllarımız “bu il nəyə görə yaşa görə müvinətlər artırılmayıb?” sualı ilə redaksiyamıza müraciət ediblər.

Bundan başqa, məlum olub ki, keçmiş nazir Səlim Müslümovun pensiya “islahatları” nəticəsində müavinətə məhkum edilmiş təqaud yaşlı azərbaycanlılarla bağlı bir sıra məqamlar nəzərə alınmayıb. Deməli, ali təhsilli, hətta nə vaxtsa vəzifədə olmuş, amma iş stajı 25 ilə çatmayan şəxs də, heç bir təhsili olmayan, ömrü boyu işləməyən yaşıdı da 220 manat məbləğində müavinət alır.

“Bu, nə qədər ədalətli yanaşmadır?”, – deyə müavinətçilər sual edirlər. 

Maraqlıdır, 25 il iş stajı, ali təhsili olmayan, hətta 10 il iş stajı olan, amma 2018-ci ilin 1 iyuluna qədər fərdi hesabının sosial sığorta hissəsində cüzi vəsait olan şəxsə isə pensiya təyin edilir. Bu, dövlətin onlara 25 illik iş stajını hədiyyə etməsi ilə izah edilir.

Bu yerdə məntiqi sual yaranır: bəs ali təhsilli, 20 ilə yaxın iş stajı olan insanların vaxtilə pensiya fonduna ödədikləri vergilər niyə unudulur? Yəni bu şəxslərin 20 il ərzində ödədikləri vergilər, sosial sığortalarda toplanmış cüzi vəsait, tutaq ki, 100 manat qədər də deyil?! Axı 2017–2020-ci illərdə pensiyaya çıxmalı olan şəxslərin iş stajlarını artırması heç cür mümkün deyildi. Elə olmaz ki, ali təhsili olan, heç olmasa 20 ilə yaxın iş stajı olanlara da minimüm təqaüd təyin ediləydi?!

KONKRET.az-ın mövzu ilə bağlı sorğusuna verilən şablon cavabda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, pensiyaların məbləği hər ilin əvvəlində orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə artırılır:

“Sosial müavinətlərin də mütəmadi olaraq artırılması təmin edilir. Təkcə son beş ildə yaşa görə müavinətin məbləği 3 dəfədən çox artırılaraq 220 manata çatdırılıb. Pensiya yaşına çatan şəxsin fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı minimum aylıq pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə onun sığorta stajından asılı olmayaraq pensiya hüququ yaranır. İmkan vermədikdə isə şəxsin pensiya hüququna malik olması üçün azı 25 il sığorta stajı tələb olunur”.

Nazirlik nəzərə çatdırıb ki, bunlar olmadıqda da humanist yanaşma tətbiq olunur, belə ki, onun 2006-cı ildən  2018-ci ilin iyul ayınadək fərdi hesabının sığorta hissəsində ən kiçik məbləğdə pensiya kapitalı olarsa belə, pensiya hüququ yaranır:

“Şəxs pensiya yaşına çatdıqda, pensiya hüququ yaranmadıqda belə, ona yaşa görə pensiya deyil, yaşa görə sosial müavinət təyin olunur. Son illər yaşa görə əmək pensiyası və yaşa görə müavinət üzrə yaş hədləri eyniləşdirilib. Yəni, şəxs pensiya hüququ yaranmadıqda belə, sosial təminat sistemindən kənarda qalmır və sosial müavinətlə təmin edilir”.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, təqaüd məsələsində yeniliklərə ehtiyac var:

“Zaman-zaman hətta rəsmi şəxslər, bəzi deputatlar pensiya sisteminin mükəmməl olmadığı, bu sahədə bəlli problemlərin mövcudluğu ilə bağlı rəsmi açıqlamalar verirlər”.

Ekspertin fikrincə, pensiya və müavinətlərlə bağlı məsələdə ədalətsiz yanaşma mövcuddur. “Düşünürəm ki, pensiya probleminin həlli ilə bağlı yeni konsepsiya hazırlanır. Çünki özəl təqaüd fondlarının da yaranması həmin konsepsiyanın tərkib hissəsidir. Bununla bağlı artıq strateji qərar verilib. Sadəcə, məsələnin detalları hələ açıqlanmır. Yeni təqaüd sistemi və özəl təqaüd fondları ilə bağlı əsasnamələr qəbul edildikdən və təsdiqləndikdən sonra, mənə elə gəlir ki, problemləri həll etmək mümkün olacaq”.

Onun sözlərinə görə, təqaüd yaşlı vətəndaşlarla fərdi müqavilələrin bağlanması zəruridir.

“Hamımız Dövlət Sosial Müdafiə Fondunun müştərisiyik. Amma bizimlə müştəri kimi davranmırlar. Özəl müqavilələr bağlamırlar, hansısa problem yarananda, biz günahkar oluruq. Fərdi müqaviə sisteminə keçidlə bağlı qərar olarsa, ali təhsil, iş stajı, işsizlər və müavinətlərlə bağlı müddəalar ayrı-ayrılıqda qanunda yer alacaq”.

Necə deyərlər, yaşayıb görərik.

Xatirə SADİQ,

KONKRET.az

  • Təranə
    Fevral 17, 2024 - 11:31

    Bir tanışımın 9 günü çatmadı 25 ilə
    Yazıq 220 man müavinət alır.
    Bu böyük haqsızlıqdır

  • Adil
    Fevral 18, 2024 - 09:56

    SSRI dovrunde 20-30 il staji olanda 220 m. verilir, Őmur boyu DSMF ə 1 qəpik de odemeyene, dövlət 220 m verir. Çox maraqlı məntiqlə yanaşiblar

  • Adil
    Fevral 18, 2024 - 10:01

    Birde ne maraqlıdır, Azərbaycanda inflyasiyanı 2 yerə bölüblər.Beləki, pensiya alanların 11.2% lə inflyasiya artımı ediblər. Təqaüdə çıxmayan, sosial sığortası olan hal hazırda iora öz maaşindan ora kocurulənlətin isə, 8.8% inflyasiyaya uyqun artimetdilər. Çox maraqlı məntiqdir, Respublikada 2 fərqli inflyasiya hesablanmasi

  • Sevil Məmmədova
    Fevral 18, 2024 - 11:21

    43 təhsildə sahəsində calışmışam. 11 il il dövlət qulluğu üxrə iş stajım var.. işləməmişəmeee özümü işə fəda etmişəm. Bütün sağlamlığımı bi yolda məhv etmişəm. 2 Ali təhsilim var. İnfulyasyaları nəzərə slmasaq mənə 330 azn pensiya təyin olunub. Bu haqsızlıq deyilmi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*