“Putin bizi qorumaq əvəzinə düşmənlə (Azərbaycan – red) danışıqlar aparmağı təklif edir. Bu, onun zəifliyini etiraf etməsidir”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Hraçya Qalustyanın məqaləsində yer alıb.
Haşiyə;
“Əslində son zamanlar həm sosial şəbəkələrin erməni seqmentində, həm də onların analitiklərinin fikirlərində Rusiyaya və ya şəxsən Putin yönəlik bu cür eyhamları görmək mümkündür. Bunun səbəbi isə çox sadədir. Putinin Ermənistana əvvəlki kimi dəstək verməməsi, Paşinyanın isə daha çox Qərbə meyllənməsi Kremli İrəvandan əməlli-başlı soyudub”.
Qalustyan daha sonra Paşinyanın Rusiya Prezidenti Vladimir Putini necə ələ salmasından danışır. Bu, Ermənistanın baş naziri Nikol Paşinyan üçün alqışlamağa dəyər bir hadisə idi: “Düşünürəm ki, Rusiya prezidentinin “Valday” klubunda çıxışından sonra mövzu ictimailəşdiyindən mən sualı Rusiyaya yönləndirəcəm, qoy Kreml açıq şəkildə cavab versin”, – Paşinyan bildirib. Əslində bu, Ermənistan qarşısında birbaşa müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən boyun qaçıran və çox tez-tez baş əyən Putinə sərt cavab idi.
“Əgər erməni xalqı və rəhbərlik Qarabağın özünəməxsus xüsusiyyətlərinin olduğunu və gələcək sülh müqaviləsində bunun müzakirə edilməsinin vacibliyini başa düşürsə, o zaman Azərbaycanla danışıqlar aparmaq lazımdır. Yəni razılaşmaların qarşı tərəf üçün də məqbul olması vacibdir” – Putin belə deyib.
Qalustyan isə öz məqaləsində Kreml rəhbərinin fikirlərini biabırçı bəyanat adlandırır. Bu, təbiidir. Çünki Putin Azərbaycanın maraqlarından danışaraq Ermənistanın bunu nəzərə almalı olduğunu diqqətə çatdırır.
“Azərbaycanı “Artsax” xalqının təhlükəsizliyinə zəmanət verməyə məcbur edə bilməyən siyasi lider “futbol” oynayır və “topu” bizim qapıya tərəfə göndərir. Və onun bu “fint”i açıq şəkildə Putinin zəifliyinə dəlalət edir. Əslində, Rusiya prezidentini divara sıxışdıran və ciddi rəqiblə üzləşmək vaxtı çatanda onun qorxaq olduğunu bütün dünyaya göstərən ilk ölkə məhz Ermənistandır. Sonradan Qərbdən kifayət qədər siyasi və hərbi yardım alan Ukrayna da bunu etdi. Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 11-də etdiyi müraciətində deyib: “Ukrayna ordusu Xersonun kənarındadır, xüsusi təyinatlılar artıq şəhərə daxil olublar. Bu isə şəxsən Putinin üzünə endirilən qulaqbatırıcı sillədir” – Qalustyan vurğulayıb.
“Hər şey o qədər tez baş verib ki, hətta Serbiya prezidenti Aleksandr Vucic də məəttəl qalıb. O, Rusiya Silahlı Qüvvələrinin Xersonun müdafiəsi ilə bağlı proqnozlarında səhv etdiyini bildirib. Serbiya liderinin fransalı həmkarı Emmanuel Makronla danışıqlardan sonra, “mən düşünürdüm ki, ruslar Xerson yaxınlığında daha çox müqavimət göstərəcəklər, açıq-aydın yanılmışam”, – deməsi onun əsl şok keçirdiyini sübuta yetirib. Yəni, hətta Rusiyanın tarixi müttəfiqləri də başa düşürlər ki, Putin artıq güvəniləsi adam deyil. Özünü rəsmən qüdrətli dövlət, Ermənistanın nəinki tarixi, həm də strateji müttəfiqi elan edən Rusiya 44 günlük müharibənin başlamasına imkan verdi, onu vaxtında dayandıra bilmədi, Türkiyə-Azərbaycan tandem qalib gəldi” – erməni analitikin məqaləsində deyilir.
“Bəs Putin nə edir? Bizi düşmənlə danışıqlara dəvət edir. Bu, onun zəifliyini etiraf etməsidir. Əgər belədirsə, onda Nikol Paşinyan Rusiya prezidentinə yeni reallıqları açıq şəkildə qiymətləndirməyi, sülh yolu ilə nizamlanmanın rus versiyasının hələ də qüvvədə olub-olmadığını dəqiqləşdirməyi tələb etməkdə haqlıdır. Ancaq çətin ki, Putinin cavab verməyə bir sözü olsun. O, artıq siyasi meyitdir. Xüsusilə, Xersonun rus ordusu tərəfindən itirilməsindən sonra filosof Aleksandr Duqin rus gücünün “qurban” verildiyinə işarə etdi. Bəli, Duqin Putinin adını çəkmədi, amma hamı başa düşür ki, söhbət ondan gedir. Və bu şərtlər altında əlbəttə ki, Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmanın Rusiya variantını nəzərdən keçirməyə ehtiyac yoxdur” – deyə Qalustyan məqaləsini tamamlayır.
Müşviq Tofiqoğlu,
KONKRET.az