AŞPA riyakarlıqda dirəşib – Qurumun təxribatında erməni izi – AÇIQLAMAbackend

AŞPA riyakarlıqda dirəşib - Qurumun təxribatında erməni izi - AÇIQLAMA

“Biz Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində təşkilat Azərbaycanı hədəf seçib”.

Bu fikirlər Azərbaycan prezidenti İlham Əliyevə aiddir. Bəli prezident İlham Əliyev  bu fikirləri fevralın 5-i, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib. Ölkə başçısının beynəlxalq qurum olan AŞPA haqqında bu cür tənqidi  fikirlər səsləndirməsi heç də təsadüfi deyil.  Belə ki, Avropa Şurasının iki əsas orqanından biri hesab edilən qurum, üzv dövlətlərin  siyasi tendensiyalarını təmsil etmək əvəzinə, demokratik dəyərləri tapdalamaq və ikili standartlardan çıxış etməklə məşğuldur. Bu qənaətə gəlməyə kifayət qədər əsaslar var.  Bu əsaslardan  haqqında yazının davamında mütləq bəhs edəcəyik. İndi isə prezidentin qurum haqqında səsləndirdiyi digər fikirlərlə davam edək.

Sitat: “Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”

Qurumun riyakarlığı və ikili yanaşması o həddədir ki, artıq məsələyə ölkə başçısı səviyyəsində münasibət bildirilir.  Bu ikili standartların səbəbinin sadə dildə izahı isə belədir: “Əhəmiyyətsizləşən Avropa Şurası güclənən Azərbaycanı hədəf seçib”.

Bəs niyə Azərbaycan hədəf seçilir?

Bu sualın cavabı da olduqca sadə və bəsitdir. Bu gün Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlardan, ölkənin beynəlxalq nüfuzunun güclənməsindən, dünyanın aparıcı dövlətlərinin Azərbaycan və onun prezidenti ilə hesablaşmasından riyakar və ikili yanaşması olan qurumlar çox narahatdırlar. Prezidentin də dediyi kimi, Azərbaycan gücləndikcə, uzun illərdir deqradasiya dövrünü yaşayan Avropa Şurası onu hədəf kimi görməyə başlayır, riyakarlıq və ikili standartlar dövrəyə girir. Bu ikili standartlar isə, hazırda Parlament seçkiləri ərəfəsində olan Azərbaycana qarşı həyata keçirilən riyakar kampaniyalar fonunda özünü daha çox biruzə verir. Belə ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağa qeyri-qanuni səfər edərək, bu əraziləri işğalçı Ermənistanın tərkib hissəsi kimi görən və elə sadaladığım səbəbdən də, adı arzuolunmaz şəxslərin siyahısına düşən  bir şəxsin – Yatsek Protasieviçin AŞPA-nın seçki müşahidə missiyasına son anda qoşulması, qurumun ölkəmizə qarşı təxribatının ən böyük təzahürüdür. Xatırlatmaq yerinə düşər ki,  AŞPA Katibliyinin seçki müşahidə şöbəsinin müdiri Çemavon Şahbazyanın erməni əsilli olması, bu qərəzli və riyakar mövqeyin yaranmasında xüsusi rol oynayır.

Zahid Oruc

Zahid Oruc: ”Bir sıra hallarda Strasburq və ya Brüsseldən verilən qərarlar, öz bildikləri şəkildə tərtib olunub, yaxud əvvəlcədən hazırlanır”

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bir sıra vacib məqamlara diqqət çəkib.  Millət vəkili bildirib ki, artıq  90-cı illərin Azərbaycanı deyilik: “Qərb resurslarına illuziya ilə yanaşmırıq və onların hər birinin, daxili məsələləri öz mənafeləri üçün necə istifadə etdiklərini keçmişdə müşahidə etmişik. Təəssüflər olsun ki, bu xətt hələ də davam edir. İşğal olunan ərazilərə səfərlər edən və bunu ermənilərin apardığı mübarizədə qazandıqları torpaqlar kimi dəyərləndirən, bu haqda  beynəlxalq tribunalardan danışan, həmçinin Ermənistana dostluq qruplarında təmsilçiliyə nail olan adamlar, indi də Azərbaycanın seçki prosesini özləri üçün mühüm bir alətə çevirməyə çalışırlar”.

Zahid Oruc fikirlərini Yapon atalar misalı ilə davam etdirib: “Çətini bir yalanı danışmaqdır. Sonra bütün potensialını ortaya qoyaraq, o yalana inandırmağa çalışırsan”. Bu məntiqi davam etdirsək, o zaman AŞPA-nın verəcəyi rəy bəllidir. Yəni onlar daha çox problemlərə köklənərək, özləri üçün saxta arqument bazaları tapacaqlar. Mən həmin adamları müdafiə edən şəxsləri 94 saylı Bərdə Kənd Seçki Dairəsinə dəvət edirəm. “Nə üçün belə edirəm”, – sualını versəniz, cavabım bu cür olacaq. Adətən kimlərsə seçki prosesində baş verə biləcək neqativlərdən qorxaraq, müşahidələrə süni maneələr yaratmağa çalışırlar. Amma göründüyü kimi, Azərbaycan hökuməti bu cür məsələlərdən qətiyyən narahat deyil. Ona görə də təkcə AŞPA deyil, o cümlədən ATƏT və digər beynəlxalq qurumlardan olan müşahidəçilər seçki prosesini rahat şəkildə izləyə biləcəklər”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda bu illər ərzində dövlət-vətəndaş münasibətlərində vasitəçilik missiyası uğurla həyata keçirilib: “Belə olan təqdirdə Sovet rivizorları kimi, ayrı-ayrı insanların gəlib seçkini izləyəcəyindən və hansı rəy verəcəyindən qəti narahatlığımız yoxdur. Təəssüflər olsun ki, obyektiv müşahidə keçmişdə özünü çox az formada göstərib. Bir sıra hallarda Strasburq və ya Brüsseldən verilən qərarlar, öz bildikləri şəkildə tərtib olunub, yaxud əvvəlcədən hazırlanır.  Bu qurumların maliyyələşdirdiyi şəxslər qalib gəlmədiyi təqdirdə, onlar seçkilərin nəticələrini şübhə altına almış olurlar. Biz bunun real nəticələrini də müşahidə etmişik”.

Zahid Oruc əlavə edib ki, vaxtilə Kremlin diqtəsindən imtina edən Azərbaycan, Brüsselin həmin vəzifəni üzərinə götürmək missiyasına da heç vaxt imkan verməyəcək: “Çünki Azərbaycan azad dövlətdir və müstəqil siyasət yürüdür. Bəzən seçki prosesində heç bir görüş keçirməyən və insanları ətrafına toplamayan, yaxud məntəqəyə bir müşahidəçi belə vermək iqtidarında olmayan şəxslər, özləri haqqında illüziyalı bəyanatlar verirlər. Bunun nəticəsində isə onların yaxın çevrələri müxtəlif qərəzli fikirlər səsləndirərək çaşqınlıq yaratmağa çalışırlar. Elə bu səbəblərdən də beynəlxalq qurumlar obyektiv olmalıdırlar. Azərbaycan Parlamentinin fəaliyyətinə vaxtından əvvəl son verilməsi, simalı bir Məclis qurulması üçündür. Bu məsələdə əsas məqsəd xalqın Parlamenti formalaşdırmasıdır. Parlamentin yenidən formalaşdırılması, ölkədə 2019-cü ildən həyata keçirilən böyük islahatlar paketinin tərkib hissəsidir. Ümid edirəm ki, hakimiyyətin bütün strukturlarında gedən dəyişikliklər gələcəkdə məhkəmə-prokurorluq sistemini də əhatə edəcək. Onu da qeyd edim ki, yeni mərhələ hansısa Şərq və ya Qərb qurumlarına deyil, xalqımızın mənafeyinə xidmət edir. Ona görə də obyektiv rəylərlə yanaşı, dövlətə və dövlətçiliyə qarşı iqtisadi-siyasi basqı da olacaqsa, bu siyasi camiəmizin şərh və təhlilləri sayəsində layiqli cavabını alacaq. Bütün proseslər isə şəffaf şəkildə  cəmiyyətə çatdırılacaq”.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*