Ailə başçısını itirməyə görə təyin olunan pensiyanın uşağın adına rəsmiləşdirilməsi bəzi hallarda suallar doğurur. Xüsusilə, valideynin bu pensiyanı öz adına keçirib-keçirə bilməyəcəyi müzakirə mövzusudur. Maraqlıdır, ailə başçısını itirməyə görə övlada təyin olunan pensiya ananın adına keçirilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, mövcud qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə pensiya birbaşa hüquq sahibi olan şəxsin, yəni övladın adına təyin olunur və müəyyən şərtlər olmadan ananın adına keçirilə bilməz.
Hüquqşünasın sözlərinə görə, ananın bu pensiyanı öz adına alması üçün onun əmək qabiliyyətsiz olması əsas şərtdir:
“Əgər ananın əlilliyi yoxdursa, pensiyanın onun adına keçirilməsi mümkün deyil. Ana yalnız özündə pensiya hüququ yarandıqda, yəni əlillik və ya yaşa görə pensiya almaq hüququ qazandıqda bu imkandan istifadə edə bilər. Hazırkı vəziyyətdə isə övladın adına təyin olunmuş pensiya yalnız uşağa ödənilir”.
Ramil Süleymanov əlavə edib ki, əgər ana əlillik statusu əsasında pensiya almaq istəyirsə, bu, əlillik mütləq şəkildə uşaq yaşlarından müəyyən olunmalıdır:
“Bu halda söhbət ailə başçısını itirməyə görə pensiyanın deyil, ananın öz əlilliyinə görə təyin olunan sosial təminatın əldə edilməsindən gedir”.
Aynurə İsmayıl
KONKRET.az

