“Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü”backend

“Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü

“Cabir Novruz Həsən Həsənova demişdi ki, bu mahnını eşitmisən? Bax onu yazan bəstəkarın fərli-başlı bir evi yoxdu”
…Onun jurnalistlərlə, müsahibə verməklə heç arası yoxmuş.  Zəng eləyib görüş istəyənlərin çoxusuna cavabı beləymiş: “Vaxtım yoxdu, get, nə istəyirsən, özün yaz…”

Xalq artisti, bəstəkar Oqtay Kazımi ilə söhbət eləmək,  onu suallarıma cavablarıyla tanımaq mənə də qismət olmayıb. Bəstəkarın  haqqında bilgilərim təkcə sənət dostlarının dediklərindən,  bir də səsin sehriylə yaratdığı mahnılarının  ürəyimə, duyğularıma  pıçıldadıqlarından qaynaqlanıb…

Kimiydi Oqtay Kazımi? Onun haqqında nələri bilmirik? 

Bu suallara cavab almaq imkanını mənə bəstəkarın oğlu – İlqar Kazımov verdi:

– Əslimiz Cənubi Azərbaycandandı. Atamın atası –Məmməd babam İrandan Masallıya köçüb. Ordansa  Lənkərana, sonra da Astaraya.  Atam  Astarada doğulub. 3 qardaş,  2 bacı olublar. Bir bacısı ruhi xəstəymiş,  özünü quyuya atıb ölüb. Atamın anası-Rəhilə nənəm savadlı  olub, Astarada  mama-ginekoloq  işləyib.  Babamsa  mühasibmiş.

– Deməli, ailədə  musiqiçi olmayıb. Maraqlıdı, atanızın musiqiyə həvəsi hardan yaranıb?
– Bizim nəsildə o vaxt da, indi də, atamdan başqa musiqiçi yoxdu.  Atamınsa uşaqlıqdan musiqiyə həvəsi varmış.  Balaca olanda  özü taxtadan tar düzəldib. Qonşu uşaqları başına yığıb çalırmış.  Nənəmsə atamın həkim olmağını istəyirmiş. Atam da onun arzusuyla tibb institutuna daxil olur. Amma burda çox az oxuyur. Ordan çıxıb  Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə gedir, xor-dirijorluq fakültəsində oxuyur, Haçı Xanməmmədovun sinfində. Sonra da Konservatoriyaya – bəstəkarlıq fakültəsinə girir.  Cövdət Hacıyevdən dərs alır.

– Nənəniz də anlayır ki, ondan heç vaxt həkim olmayacaq…

– Nənəm atamın tibb fakültəsini atdığını bilmirmiş. Atam əvvəl  bunu gizlədib. Bir müddətdən sonra deyib.

– Onlar necə qarşılayıblar bu sürprizi?

– Bilmirəm, yəqin, tabe olmaqdan başqa yolları qalmayıb. Atamdan bu barədə heç nə eşitməmişəm. O,  özü haqqında danışmağı, gileylənməyi  sevməzdi. Onun uşaqlığı, keçmişi barədə çox şeyi başqalarından eşitmişəm. Atam qapalı adamıydı, bir otağa çəkilib saatlarla siqaret çəkərdi. O qədər  çəkərdi ki, tüstü-dumanın içində görünməz olardı. Sonra bilirdik ki, yeni mahnı bəstələyib.

– Mahnıları belə yazırdı?

– Həə, uzun  müddət –bir il, il yarım belə yaşayırdı. İçirdi, çəkirdi, yazırdı…  Sonra  dəyişirdi, iki il içmirdi,  hamı kimi olurdu. Həmin müddətdə bir mahnı belə yazmırdı. Sonra yenə başlayırdı içməyə…

Mahnı tam hazır olana kimi biz bir notunu da eşitmirdik. Çünki  mahnını əvvəlcə beynində bəstələyirdi.  Tam hazır olandan sonra pianinoda çalırdı. Bir də görürdük ki, gecə saat üçdə Cabir Novruza zəng elədi. Deyirdi, Cabir, qulaq as, gör mahnının nəqəratı necə alınıb?  Cabir Novruzla dost münasibətləri vardı.  Onun sözlərinə çox mahnı yazmışdı.

– İndiyə kimi nə qədər  mahnı yazıb, sayını bilirsiz?

– 200-ə qədər olar. Elə mahnıları var ki, hələ üzə çıxmayıb,  elə not üzərində qalıb. Ən yaxşı mahnılarını 1960-cı illərdən 80-ci illərə kimi bəstələyib. Azərbaycanda ilk rok operasını da o vaxtlar  yazıb. 80-ci illərdə həkimlərdən ibarət bir caz qrupu da yaratmışdı…

Onun yaradıcılığının ən gözəl vaxtları mənim uşaqlıq illərimə düşür. Amma biz onun içməyini, mahnı yazmağını istəmirdik. İçəndə çox əsəbi olurdu, adi şeylərə görə evdə dava salırdı.  Ona görə də  deyirdik, heç nə yazmasın, təki sakit olsun. Əsəbi olmağında başqa səbəblər də vardı.   Sovet dövründə onu sıxışdırırdılar, bəzi mahnılarına siyasi rəng verirdilər.  Buna görə atam evə əsəbi gəlirdi, hirsini anamın üstünə tökürdü.

Qəribə bir xasiyyəti də varıydı, içməyən vaxtında kiməsə zəng vuranda  özünü Oqtay Kazımov kimi təqdim eləyirdi. Elə ki içdi, deyirdi, danışan Oqtay Kazımidi. Anam da zarafatla soruşurdu ki,  nooldu, niyə Kazımov  Kazımiyə döndü?

– Bəs sənəddə necəydi?

– Kazımov.  Sovet dövründə çox istədi ki, dəyişdirib Kazımi yazdırsın, icazə vermədilər.

– Atanız yaddaşınızda daha necə qalıb?

– Atam heç kəsə tabe olmağı sevmirdi. Hansısa işdən ötrü kiməsə ağız açmazdı. Hətta çox ehtiyac içində yaşadığımız dövrdə belə  heç kəsdən nəsə xahiş eləməyib. Həm də çox sadə adamıydı.  Yazdığı mahnılara görə müğənnilərdən pul götürməzdi. Ağadadaş Ağayevə iki-üç mahnı yazmışdı. Ağadadaş deyirdi ki, Oqtay müəllim, nəyəsə ehtiyacınız olsa, gəlin mənim yanıma. Amma atam heç vaxt ona ağız açmırdı. Xanım İsmayılqızı bizimlə qonşuydu.  O vaxtlar təzə-təzə mahnı yazırdı. Bir dəfə mahnı gətirdi ki, atam onu nota alsın. Gedəndən sonra gördük ki,  stolun üstünə 200 manat qoyub. Atam hirsləndi, zəng vurub dedi, gəl, pulunu götür.  O da gəlib götürdü, əvəzində  atama konyak hədiyyə elədi. O da konyakı aldı, dedi, bu başqa məsələ. Atam pulgir adam deyildi. Şan- şöhrət, fəxri ad…belə şeylər heç vaxt onu düşündürməyib. Rəhmətlik Cabir Növruz ona həmişə kömək eləyib, o, atamı  qorumağa çalışıb. Yadımdadı, Bayılda balaca evimiz vardı. “Ey həyat, sən nə qəribəsən?” mahnısını orda yazmışdı. O vaxt  Həsən Həsənov  vəzifədəydi.  Cabir Novruz  gedib ona demişdi ki, bu mahnını eşitmisən? Həsən Həsənov cavab vermişdi ki, həə,  çox yaxşı mahnıdı. Cabir Novruz qayıtmışdı ki,  bax o mahnını yazan bəstəkarın fərli-başlı bir evi yoxdu. O vaxt Həsən Həsənov atama Yasamalda ev bağışladı. Sonra o evi satdıq. Bir dəfə də Əbülfəz Elçibəyin  köməkçisi atamı yanına çağırıb demişdi ki,  Oqtay müəllim, nəyə ehtiyacınız var? Nə lazımdırsa, kömək eləyək.  Atam  demişdi, mənə heç nə lazım deyil.

– Bəs ata kimi necəydi?

– Bizə o qədər də vaxt ayırmayıb. Çox az hallarda bizi gəzməyə aparardı.  Daha çox anamla olardıq, qayğılarımızla o məşğuluydu.  Amma yadımdan heç çıxmaz, həyətdə hamının “roliki” vardı, mənim yox.  Atamın pulu da yoxuydu ki, alsın. Bir gün məni şəhərə apardı, sonra həmin “rolikdən” aldı.

Atamın heç vaxt çox pulu olmayıb. Əlinə pul gələn kimi dağıdırdı, dostlarıyla yeyib-içirdi…

– Ananız  bunlara dözürdü?

– Həə. Anam özü də işləyirdi.  O da musiqiçidi axı. Konservatoriyanı bitirib, atamın tələbəsi olub.

– Doğrudan? Deməli, orda tanış olublar…

– Həə, seviblər bir-birilərini. Anam atamdan 10 yaş kiçikdi.  Anam danışırdı ki, nişanlıydıq, möhkəm yağış yağırdı, küçələri su basmışdı. Atam onu  qucağına alıb küçəni keçirib.  Atam anamı çox istəyib, ona görə ailəsindən ayrılıb.

– Ananızla tanış olanda ailəliymiş?
– Anamdan əvvəl bir yəhudi qadınla evli olub. İki qızları varmış. Sonra anamla evlənib. Amma anam da son olmayıb.  Bir aktrisa ilə sevgi macəraları yaşayıb. Bir təsadüfsə bu sirri açıb.

– Maraqlıdı…

– 132 saylı məktəbdə oxuyurdum,   ikinci sinfə keçmişdim. Bir gün anam eşidir ki, həmin məktəbdə Oqtay Kazımovun bir oğlu da oxuyur, 1-ci sinfə gedir. Anam fikirləşir ki, bu necə ola bilər, axı onun 1-ci sinfə gedən uşağı yoxdu.  Araşdırır, sən demə, bu uşaq atamın həmin aktrisadan olan oğluymuş.

– Ananızçün ağır sürpriz olub…
– Həə. Evdə dava qopdu. Anam boşanmaq istədi, atam razı olmadı. Nəysə, axırda anam sakitləşib oturdu. Məni həmin məktəbdən çıxarıb başqasına qoydular.

– Atanız aktrisayla əlaqəni kəsdi?

– Yox. Anamla dalaşan kimi pal-paltarını götürüb onun yanına gedirdi. Aylarla orda qalırdı.  Əslində, atamın həyatında çoxlu qadınlar olub,  biz bir-ikisini bilirik. O, həyatını sevgisiz yaşamayıb. Yəqin elə ona görə də sevgi haqqında elə gözəl mahnılar yazıb…

– Bütün bu sevgilərdən neçə uşaq doğulub?

– Beş: iki bacı, üç qardaş.

– Atanız sizi o biri uşaqlarıyla görüşdürürdü?  

– Həə, yadımdadı, hərdən bizi bacılarımızla gəzməyə çıxarardı.

– İndi onlarla əlaqəniz var?

– Qardaşımla  görüşürük. Amma bacılarımız Bakıdan İsrailə köçüb getdilər, əlaqəmiz kəsildi…

– Atanızın  son günlərini necə  xatırlayırsan?

– Ağciyər xərçəngiydi. Bunu ondan gizlədirdik. Təxminən 20 gün xəstə yatdı.  Son günlər tez-tez saatı soruşurdu, nədənsə…

– Son yazdığı mahnı hansıdı?

 – 2002-ci ildən içkini atdı, elə o vaxtdan da heç nə yazmadı.  Son mahnısı “Çevik polis alayı” oldu.  Qardaşım polisdi. Atamdan xahiş elədi ki, polislərə də bir mahnı bəstələsin. Atam da yazdı.

Son illər deyirdi ki, mahnı yazmağa əvvəlki  enerjim, həvəsim qalmayıb…

… Gümüşü rəngdə bir diplomatı vardı.  Mahnılarının not yazılarını, siqaretini, qələmini ora  yığardı. O, diplomatsız heç vaxt evdən çıxmazdı. Anam hamısını saxlayır. Qəlyanını belə.

Səfurə Çərkəzqızı
“Sevdalılar”

REDAKSİYADAN: Bəstəkar, pedaqoq, Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq artisti Oqtay Kazımi (Kazımov) 1932-ci ildə Astara şəhərində anadan olub.

Orta məktəbi Astarada bitirən O.Kazımi, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olub.Təhsil aldığı illərdə “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələyib.

1957-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə (C.Hacıyevin sinfi) təhsil alıb. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib. Sumqayıtda çalışdığı illərdə O.Kazımi “Eksperiment” estrada orkestrini yaratmışdı. Sonralar bəstəkar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına Musiqi Texnikumunda xalq çalğı alətləri fakültəsində dərs deyib.

O.Kazımi Azərbaycanda ilk rok-operanın – “Hophopnamə”nin (M.Ə.Sabir, A.A.Tufarqanlı və Dilqəmin şeirləri əsasında), “Dədə Qorqud” epik-dramatik operanın, “Qızıl Toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli Dünya” operettalarının, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi “Millətin oyaq gecəsi” vokal-simfonik poemanı, “Qarabag rapsodiyası”, “Qəhrəmanlıq simfoniyası”, “Şəhidlər simfoniyası” və s. simfonik əsərlərin, xalq çalğı alətləri üçün konsertlərin müəllifidir.

O, çox saylı mahnılar bəsətələyib: “Məhəbbət”, “Sevənləri qoru dünya”, “Cavanlığım”, “Qara gözlüm”, “Sevgi qanadlarında”, “Mənim duyğularım”, “Arzular qovuşanda”, “Sevgi həsrəti”, “İlk görüş”, “Xatirə”, “Qarabağ gözəlləri”, “Cəlilabad”, “Salam sevimli diyar”, “Gecikmiş məhəbbət” və s.

Eyni zaman 60-a qədər teatr tamaşalarına musiqi bəstələyib: Akademik dram teatrında səhnəyə qoyulmuş “Büllür sarayda”, “Qılınc və Qələm”, “Fitnə”, “Ümid”, “Ədirnə Fəthi”, Rus dram teatrında “Şeyx Sənan”, Kamera teatrında “İtlər” və s. müəllifidir.
Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova,Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə və digər korifey müğənnilər ifa ediblər.

Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş 77 yaşlı bəstəkar Oqtay Kazımi 2010-cu ildə vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*