Avropa Birliyi: “Ermənistandakı AES qonşu dövlətlərə də təhlükədir”backend

Avropa Birliyi: “Ermənistandakı AES qonşu dövlətlərə də təhlükədir”

“Müharibənin başa çatması Ermənistana enerji problemini həll etmək üçün yeni imkanlar yaradıb”

“Metsamor” atom-elektrik stansiyası Ermənistanın ən zəif yeridir və AES-in bu və ya digər səbəbdən partlaması Ermənistanı birdəfəlik çökdürə bilər. Ermənistan artıq bir dəfə belə bir fəlakət yaşayıb. Belə ki, 1988-ci ildə Ermənistanın Spitak şəhərində 7 bal gücündə güclü zəlzələ olub. Statistikaya görə, 25 min insan ölüb. SSRİ boyda ölkə bu şəhəri ayağa qaldıra bilmədi. Spitak zəlzələsinin dağıntıları hələ də şəhərdə aydın görünür. Yəni, Ermənistan bir dəfə milli fəlakət yaşayıb. Metsamar AES-də partlayış baş versə, Ermənistan daha böyük sarsıntı keçirəcək. Demoqrafik fəlakətlə üzləşmiş Ermənistan üçün bu, ölüm hökmü ola bilər.

İkinci Qarabağ müharibəsi zamanı “Metsamor” AES-lə bağlı bir məqam da tez-tez gündəmə gəlirdi. Diaspordakı ermənilər Ermənistan rəhbərliyinə məsləhət görürdülər ki, AES-ın nüvə tullantılarından hazırlanan çirkli bombalardan Azərbaycana qarşı istifadə etmək lazımdır. Ancaq Nikol Paşinyan iqtidarı bu kimi çağırışlara məhəl qoymadı.

“Metsamor” AES haqqında Ermənistana qonşu ölkələrin mediasında mütəmadi şəkildə xəbərlər yayılır. Qərb mətbuatı da bu mövzuya xüsusi həssaslıq göstərir. Səbəb də bəllidir. AES real təhlükə mənbəyidir. İstənilən an texniki səbəblərdən partlaya bilər. Obrazlı desək, “Metsamor” AES Ermənistanın içinə qoyulmuş atom bombasıdır.

Yeri gəlmişkən, ermənilər özü də bu təhlükədən xəbərdardır. Buna rəğmən, AES-dən istifadə etmək zorundadırlar. Niyə? Çünki AES-in hasil etdiyi elektrik enerjisinin 50 faizi İrana satılır. Bunun müqabilində isə İrandan neft və təbii qaz alınır. AES-in qapadılması Ermənistanın enerji baxımından qonşu ölkələrdən asılılığını kəskin şəkildə yüksəldə bilər.

Ermənistanın yeni AES tikməsi də mümkündür. Bunun üçün isə ən azı 5 milyard dollar lazımdır. Dağlıq Qarabağın girovuna çevrilmiş Ermənistanın belə bir imkanı yoxdur. Yaxın gələcəkdə də belə bir imkana sahib olacağı şübhə doğurur.

AES Türkiyə sərhədindən 17.5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir. Ilk baxışda “Metsamor” Azərbaycan üçün elə bir təhlükə deyil. Quru məsafəsi həqiqətən də xeyli uzaqdır. Ancaq ortada su məsafəsi də var. Necə? “Metsamor” AES eyni adlı çayın sahilində yerləşir. Həmin çay isə axıb Araz çayına qarışır. Bu isə İrana və Azərbaycana təhlükə deməkdir. Atom enerjisi sahəsində ixtisaslaşmış “Bulletin of the Atomic Scientists” nəşri “Armenia’s nuclear power plant is dangerous. Time to close it.” (Ermənistan AES təhlükədir. Onu bağlamaq zamanı çatıb) adlı məqalədə bu məqam xüsusi ilə vurğulanır. Böyüklüyü ilə seçilən məqalədə statistik materiallar əsasında Ermənistandakı AES-in bütün parametrləri nəzərdən keçirilir. Məqalənin başlığı isə müəllifin gəldiyi yekun nəticəni əks etdirir.

Avropa Birliyi bu obyektin müasir standartlar çərçivəsində təmiri üçün hələ 2007-ci ildə Ermənistana 200 milyon avro təklif etmişdi. Daha sonra isə Avropa Birliyi bəyan etdi ki, bu AES-i heç bir təmir xilas edə bilməz, ona görə də bağlanmalıdır.

Onu da deyək ki, “Mestamor” AES rəsmi olaraq Ermənistana məxsus olsa da bu obyekt bütövlükdə Rusiyanın əlindədir. Burada da təəccüblü bir şey yoxdur. Rusiya Ermənistanda olan əksər strateji obyektləri ələ keçirib. O cümlədən Ermənistan Dəmir Yolları da onlara məxsusdur. “Qazprom” Ermənistanın qaz idarəsinə sahibdir.

“Bulletin of the Atomic Scientists” nəşri yazır ki, 2020-ci ilin sonlarında Ermənistan hökuməti Metsamor nüvə stansiyasının 2021-ci ildə köklü şəkildə yenilənməsi üçün beş ay müddətinə bağlanacağını açıqladı. Avropa Birliyi isə bunun perspektivsiz olduğunu bildirdi və yenidən AES-in bağlanmasına çağırış etdi: “Metsamorda baş verən böyük bir nüvə və ya radiasiya qəzası təkcə Ermənistan xalqını deyil, qonşu Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Rusiya və Cənubi Avropadakı insanlara da təsir edəcək”.

Sayt yazır ki, Avropa Birliyi Ermənistanı son hadisələr fonunda bu məsələyə yenidən baxmağa dəvət edir. Ermənistan və Azərbaycan arasındakı münaqişədən sonra Cənubi Qafqaz bölgəsində ticarət və nəqliyyat əlaqələrinin güclənəcəyi gözlənilir. Yeni infrastruktur və maliyyələşmə Ermənistana daha təhlükəsiz və fərqli resurslara söykənən enerji mənbələri əldə etməyə fürsət yaradır.

Yəni, Avropa Birliyi Ermənistana birmənalı şəkildə deyir ki, bu ölkənin Azərbaycan və Türkiyə ilə sərhədlərinin, quru və dəmir yollarının açılması rəsmi İrəvana əlavə imkanlar yaradır və bu imkanların köməyi ilə Ermənistan “Mestamor” AES-lə bağlı problemini də bir dəfəlik həll edə bilər. Bunla da Cənubi Qafqazda sülh və iqtisadi inkişafa töhfə vermiş olar.

O da məlumdur ki, Avropa Birliyi üçün AES məsələsi strateji xarakter daşıyır. Belə ki, Litva, Bolqarıstan və Slovakiya Avropa Birliyinə qoşulmaq üçün öncə ərazisində olan AES-i bağlamaq şərtinə əməl edib.

Ümumiyyətlə, Avropa Birliyi 1990-cı illərin sonundan “Mestamor” AES-i bağlamağı tələb edir. Ermənistan 2004-cü ildə buna rəsmən razılıq verdi. Ancaq sonra öz vədindən imtina etməli oldu.

Müəllif Brenda Shaffer vurğulanır ki, 2021-ci ildə Ermənistanın enerjiyə olan tələbatı xeyli azalacaq. Çünki Ermənistan müharibə zamanı işğal altında saxladığı əraziləri elektrik enerjisi və qazla təmin edirdi. İndi isə bu kimi məsrəflər də aradan qalxıb.

Brenda Shaffer daha bir önəmli məqama toxunur. Yazır ki, quru və dəmir yolları ilə yanaşı (Mehri dəhlizi) iki ölkə arasından kəmərlər də keçə bilər. Təbii ki, söhbət neft və qaz kəmərindən gedir. Bu kəmərlə də Ermənistanın enerji probleminin həllində müsbət rol oynaya bilər.

Məqalədə deyilir ki, Avropa Birliyi rəsmi İrəvandan tələb etməlidir ki, Mestamor AES baş verə biləcək sızma və ya qəzanı qeydə alan texniki qurğulardan istifadə etsin. Erkən xəbərdarlıq sisteminin qeydə aldığı texniki nasazlıq barədə rəsmi Brüssülə dərhal məlumat verilməlidir. Avropa Birliyi və ABŞ təhlükənin aradan qalxması üçün Ermənistana maliyyə dəstəyi verə bilər.

Brenda Shaffer yazısının sonunda qeyd edir ki, Yaponiya və Almaniya kimi sənaye baxımından öndə gedən ölkələr də nüvə enerjisindən imtina ediblər.

1986-cı ildə Çernobılda, 2011-ciildə isə Fukuşimada baş verən faciələr bütün bəşəriyyətə dərs oldu. Ermənistan da bu dərsən müvafiq nəticə çıxarmalıdır. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*