“Avropa çökəcək, Türkiyə isə Azərbaycanın köməyi ilə xilas olacaq”backend

"Avropa çökəcək, Türkiyə isə Azərbaycanın köməyi ilə xilas olacaq"

Neftlə zəngin Yaxın Şərq regionunun mərkəzində alovlanan Fələstin-İsrail münaqişəsi hələ də qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olmayıb. Lakin onun genişlənməsi və qonşu dövlətlərin cəlb olunması dünya iqtisadiyyatına 2 trilyon dollar itkiyə başa gələ bilər.

Ümumiyyətlə, bu proqnozlar özünü doğrultsa, hansı nəticələrə gətirib çıxara bilər? Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Konstantin Andrianov bununla bağlı Rusiyanın aif.ru saytına müsahibə verib. Müsahibənin aktuallığını nəzərə alaraq KONKRET.az-ın oxucularına təqdim edirik.

 – Konstantin Nikolayeviç, Yaxın Şərq böhranının dünya iqtisadiyyatına  mümkün təsiri hansı nəticələrə səbəb ola bilər?

–  Nəzərə çarpan ən böyük nəticə neftin qiymətinin kəskin artması olacaq. Avropada işgüzar aktivliyin azalması enerjiyə qlobal tələbatı bir qədər azaldıb. Ona görə də hazırda neftin qiyməti bir barel üçün 80-85 dollar həndəvərində dəyişir. Yaxın Şərqdə baş verən hadisələri nəzərə almasaq belə, gələn il bir barelin qiyməti çox guman ki, 100 dollar həddini keçəcək, münaqişə kəskinləşərsə, qiymətlər daha da artacaq. Amma guman etmirəm ki, qiymətlər  250-300 dollara çatsın. Amma 200 dollara qədər artmaq ehtimalı var.

– Neftin belə yüksək qiymətləri ABŞ-a necə təsir edəcək?

– Əlbəttə ki, təsiri olacaq. Amerika üçün yüksək enerji qiymətləri onların iqtisadiyyatına birbaşa təhlükə deyil. Ancaq yüksək neft qiymətləri ilə xoşagəlməz zəncirvari reaksiya başlaya bilər. Bahalı enerji resursları inflyasiyanı sürətləndirəcək, ABŞ Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsini artırmaqla cavab vermək məcburiyyətində qalacaq ki, bu da işgüzar fəallığın azalmasına səbəb olacaq. Amerika iqtisadiyyatı mütləq mənada hələ də dünyanın ən böyük iqtisadiyyatıdır. Amma yaxın 2-3 ildə belə bir ssenari Amerika maliyyə sistemini “yandıra” bilər; Onların iqtisadiyyatı yüksək templərlə idarə etmək təcrübəsi var. İndiki 5-5,5%-lik dəyər onsuz da onlar üçün demək olar ki, kritik həddədir. Sonrakı artım üçün ehtiyat çox azdır, inflyasiyanın qarşısını almaq və dolları dəstəkləmək imkanlar tükənib.

– Belə çıxır ki, Amerika iqtisadiyyatının əsas “düşməni” mətbəə və dedollarizasiyadır?

– Bəli, hər iki səbəbin mənfi nəticələri neftin qiymətinin yüksək olması ilə artır. Demək olar ki, nəzarətsiz pul dövriyyəsi “mətbəə”ni gecə-gündüz işləməyə məcbur edir. Onsuz da astronomik olan dövlət borcunu  artırır. İlin sonuna qədər bu borc 35 trilyon dolları keçəcək ki, bu da Amerika ÜDM-nin təxminən 150%-ni təşkil edəcək. Bu, birjada ciddi eniş və dolların zəifləməsinə səbəb olacaq. Dünya ehtiyat valyutasının zəif mövqeyi isə Amerika iqtisadiyyatının ikinci böyük problemi olan dedollarizasiya proseslərini sürətləndirəcək. Son bir ildə qlobal qarşılıqlı hesablaşmalarda Amerika valyutasının payının azalması tempi 10 dəfə artıb, mənfi iqtisadi şərait bu prosesə əlavə təkan verəcək.

– Avropa üçün asan olacaq?

– Əksinə, daha çətindir. Birləşmiş Ştatlar üçün artan neft qiymətləri təhlükə yaratsa da, avropalıların praktiki olaraq manevr üçün yeri yoxdur. Amerikalılar öz hasilatı ilə yanaşı, öz bazarlarına başqa ölkələrdən, məsələn, İraqdan neft tədarükünün həcmini artıra bilərlər. Amma Aİ ölkələrində neft hasil etmirlər və onların təsir edə biləcəkləri də yoxdur. Avropa üçün yüksək neft qiymətləri iqtisadi kabusa çevriləcək. Avropa İttifaqı Rusiya ilə əməkdaşlığın kəsilməsindən sonra bütün resurslarını xərcləyib və əgər indi Yaxın Şərq münaqişəsinin təsiri altında neftin qiyməti 150 dolları keçərsə, o zaman Aİ ölkələrinin iqtisadiyyatı tamam çökəcək.

– Bu, adi avropalılara və amerikalılara necə təsir edəcək?

– Biz artıq əhalinin real gəlirlərinin azaldığını və işsizliyin artdığını görə bilərik. Məsələn, bir vaxtlar nüfuzlu və varlı San Fransisko gözümüzün qabağında cinayətkar və kasıb bir şəhərə çevrilir. Avropa şəhərlərində isə insanlar kütləvi şəkildə küçələrə çıxaraq həyat şəraitinin yaxşılaşdırılmasını tələb edir. Enerji qiymətlərinin artması yeni etirazlara səbəb olacaq.

– Qlobal böhran əsas ticarət tərəfdaşlarımıza – Çin, Hindistan və Türkiyəyə təsir edəcəkmi?

– Bu ölkələr Marsda yerləşmədiyindən qlobal sarsıntılar onlara da təsir edəcək. Amma Rusiya ilə yaxşı siyasi münasibətlər onları bu böhrandan qismən xilas edəcək. Moskva çox güman ki, Pekinə və Dehliyə neft tədarükü üçün sabit və ya düzəliş edilmiş qiymətlərlə uzunmüddətli müqavilələr imzalayacaq. Bu da Çin və Hindistanın iqtisadiyyatları üçün bir çox riskləri azaldacaq. Türkiyə ilə bu, bir qədər mürəkkəbdir. Yerli iqtisadiyyat kifayət qədər zəifdir. İnflyasiyanın bu il 70%-ə çatacağı gözlənilir, ona görə də bu ölkə qlobal böhranın təsirini daha ağrılı hiss edəcək. Düzdür, Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Ona görə də Türkiyəni Avropa tipli çöküş gözləmir.

– Böhran bizim tərəfdaşımız olan İrana necə təsir edəcək?

– Bu ölkə Fələstin-İsrail münaqişəsinin episentrindədir. İndi İranın hərbi əməliyyatlara cəlb olunma riskləri kifayət qədər yüksəkdir. Əgər bu, baş versə, nəticələri gözlədiyimizdən də ağır olacaq və neftin qiymətinin kəskin artmasını sürətləndirəcək. Ona görə də İran vəziyyətə ayıq baxır, qəti şəkildə münaqişəyə qarışmaq istəmir. Bundan əlavə, Tehran Moskva ilə güclü siyasi və iqtisadi əlaqələr qurub, 2021-ci ildə ticarət dövriyyəmiz 80% artıb, 2023-cü ilin sonuna isə çox güman ki, 5 milyard dollara çatacaq və biz İranın müharibəyə qoşulmamasında maraqlıyıq.

– Ölkəmiz bəlalardan xilas olacaq, yoxsa biz də əziyyət çəkəcəyik?

– Rusiya vahid dünya iqtisadi orqanizminin tərkib hissəsi olub, var və olacaq. Elə güman etməyin ki, qlobal böhran bizim üçün nəticəsiz keçəcək. Amma burada vacib olan odur ki, Rusiya iqtisadiyyatının dünya iqtisadiyyatından asılılığı getdikcə azalır. İndi dünya iqtisadiyyatı Rusiya iqtisadiyyatından asılı vəziyyətdədir.

– Neftin qiymətinin artması dövlət büdcəsinin gəlirlərinin artması ilə nəticələnəcək. Bu tendensiya eyni zamanda qlobal inflyasiyanı sürətləndirəcək. Deməli, proseslər Rusiyaya da təsir edəcək və bu, bizim bütün nailiyyətlərimizi dəyərdən salacaq.

– Əlbəttə, biz enerji resurslarının böyük ixracatçısıyıq. Neftin bahalaşması Rusiyaya sərfəlidir. Digər tərəfdən, biz istər-istəməz qlobal inflyasiyanı idxal edirik ki, bu da ölkə daxilində qiymət artımını sürətləndirir. Amma idxalı əvəzləmə prosesləri getdikcə öz bəhrəsini verir və zaman keçdikcə, bu amil daha az əhəmiyyət kəsb edəcək. Ona görə də bahalı neft Rusiya iqtisadiyyatını gücləndirəcək, rublu və bütövlükdə maliyyə sistemini stabilləşdirəcək, qlobal inflyasiyanın daxili makroiqtisadi göstəricilərimizə təsiri zəifləyəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*