Dünyada qaçqınların sayında misli görünməmiş rəqəmlər qeydə alınıb. Lakin onların beynəlxalq müdafiəsi firavan ölkələrin vecinə də deyil. Qaçqınlara qarşı laqeydlik Avropada daha da kəskin xarakter alıb.
KONKRET.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının elan etdiyi “Ümumdünya Qaçqınlar Günü” vətənlərini tərk etmək məcburiyyətində qalan insanlara diqqəti cəlb etmək məqsədi daşıyır.
Son illərdə Qəzzadan Myanmaya qədər müxtəlif coğrafiyalarda artan müharibələr, aktiv və ya dondurulmuş münaqişələr, insan hüquqlarının pozulması və ictimai asayişi ciddi şəkildə pozan hadisələr kimi faktorlar qaçqınların sayını görünməmiş şəkildə artırır.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) ötən həftə açıqladığı məlumatlara görə, 2023-cü ildə dünya üzrə qaçqınların sayı rekord həddə çatıb.
Son 12 ildə məcburi köçkünlərin sayında davamlı artım müşahidə olunur. 2023-cü ilin sonuna qədər dünyada təxminən 117,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. 2024-cü ilin mayında bu rəqəm 120 milyonu keçib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) verdiyi məlumata görə, diqqət mərkəzində olan Qəzzada 2023-cü ilin sonuna qədər əhalinin yüzdə 75-inə bərabər olan təxminən 1,7 milyon insanın didərgin düşəcəyi təxmin edilir.
Dünyada qaçqın sayını artıran ən böyük amillərdən biri də Sudandakı vəziyyətdir. BMT QAK-ın məlumatına görə, 2023-cü ilin aprelindən bəri Sudandakı münaqişələr səbəbindən 7,1 milyondan çox insan ölkədən didərgin düşüb, 1,9 milyon sudanlı isə qonşu ölkələrə sığınıb.
Suriya bu mənada dünyanın ən böyük böhranı olmağa davam edir, ümumilikdə 13,8 milyon insan məcburi köçkün, 7 milyondan çoxu ölkə daxilində, qalanları isə ölkə xaricindədir.
Myanmada 1,2 milyondan çox insanın vəziyyəti ilə bağlı narahatlıq var.
Konqo Demokratik Respublikası qonşu ölkələrdə, xüsusilə Mərkəzi Afrika Respublikası, Ruanda, Burundi və Cənubi Sudanda zorakılıqdan qaçan 529 mindən çox qaçqına ev sahibliyi edir. Bundan əlavə, təxminən 5,6 milyon Konqolu yüksək səviyyəli təhlükəsizlik və mülki şəxslərə qarşı genişmiqyaslı zorakılıq səbəbilə məcburi köçkün olaraq qalır.
Qaçqınların sayının artması və ona səbəb olan qeyri-sabitlik problemin bir ölçüsünü, beynəlxalq aktorların laqeydliyi isə digər ölçüsünü təşkil edir və böhranın böyüməsinə səbəb olur.
BMT QAK-ın məlumatına görə, aşağı və orta gəlirli ölkələr dünya qaçqınlarının 75 faizini qəbul edir. Bu vəziyyət Avropa ölkələrində bir qədər fərqlidir.
Avropa İttifaqı (Aİ) 2015-2016-cı illərdə başlayan miqrasiya böhranından sonra qaçqınları “qanunsuz mühacir” adlandıraraq qəbul etməkdən boyun qaçırır.
2020-ci ildən bəri beynəlxalq mətbuatda AB-nin sərhəd mühafizəsi agentliyi olan Frontex və Yunanıstan sahil mühafizəsinin iştirakı ilə baş verən insidentlər haqqında hesabatlar dərc olunur. Bu məlumatlara görə, Yunanıstan sahil mühafizə gəmiləri Türkiyədən Yunanıstana keçməyə çalışan mühacirlərin qayıqlarını kəsir, zədələyir və hətta batırır, Frontex isə baş verənlərə göz yumur.
Bu xəbərlər şahid ifadələri, video çəkilişlər və peyk görüntüləri ilə sübut olunub. Bildirilib ki, Frontex-in məlumat bazasında Egey dənizində yüzlərlə qeyri-qanuni immiqrantın ölməsi ilə bağlı qeydlər var.
Frontex-in məlumatlarına görə, 2023-cü il Aİ ölkələrinə gələn qeyri-qanuni immiqrantların sayının 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı il olub. 2023-cü ildə təxminən 380 min insan Aİ-yə qeyri-qanuni yollarla daxil olub ki, bu da 2022-ci illə müqayisədə 17 faiz artım deməkdir.
Bu vəziyyət qarşısında AB illərlə davam edən müzakirələrdən sonra keçən ay yeni Miqrasiya və Sığınacaq Sazişi üzərində razılığa gəlib. Bununla belə, beynəlxalq insan haqları təşkilatları bildiriblər ki, yeni qaydalar qaçqınların hüquqlarının yeni pozuntularına yol aça bilər:
“Yeni qaydalar Aİ-nin xarici sərhədlərində nəzarətin genişlənməsinə, immiqrantların aylarla qəbul mərkəzlərində saxlanmasına səbəb olacaq”.
Rəsmiyyə Şərifova,
KONKRET.az