Rusiya Maliyyə Universitetinin Sosial Elmlər və Kütləvi Kommunikasiyalar fakültəsi dekanının müavini Pavel Seleznev defoltla bağlı fikirlərini bölüşüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Seleznev Rusiyanın beynəlxalq öhdəlikləri fonunda ölkədə defolt elan edilib-edilməyəcəyi ilə bağlı məsələyə bu cür şərh verib: “Biz kollektiv Qərbin timsalında opponentlərimizin hansı oyun oynadıqlarını yaxşı bilirik. Sanksiyalar digər sahələrlə yanaşı maliyyə-iqtisad sektoruna da şamil edilir. Bizə sadə öhdəliklərimizi yerinə yetirməyə və borclarımızı ödəməyə imkan vermirlər” – Seleznev vurğulayıb.
Qeyd edək ki, ötən gün “Standard & Poor” (S&P) Rusiyanın xarici borcu üzrə “seçilmiş defolt” elan edib. Reytinq agentliyinin də izah etdiyi kimi “seçilmiş defolt” bütün borclar üzrə deyil, konkret öhdəliyin yerinə yetirmədiyi zaman elan edilir.
Maliyyə naziri Anton Siluanov isə Rusiyanın bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu dilə gətirib: “Biz məhkəməyə müraciət edəcəyik, çünki investorların ödənişlərini alması üçün bütün lazımi addımları atmışıq. Xarici valyuta ilə olduğu kimi, rublla ödəmək səylərimizi təsdiqləmək məqsədi ilə məhkəməyə sübut təqdim edəcəyik” – nazir bildirib.
Pavel Seleznev maliyyə naziri Siluanovun mövqeyinin kifayət qədər başadüşülən, şəffaf və haqlı olduğunu deyib: “İndi hər cür cəhdlər edilir ki, Rusiyanı məhkəməyə sürükləsinlər və sonra uydurma faktlarla defolt elan etsinlər. Biz pul təklif edirik, amma götürmürlər. Belə olan halda özlərinə ziyan vururlar, çünki biznesləri də bundan əziyyət çəkir. Halbuki onlar üçün bu oyunda siyasi dividentlər iqtisadi paylardan daha yüksəkdir. Qərb bizə ilişmək üçün hər şeyi edir” – iqtisadçı vurğulayıb.
İqtisadçının fikrincə, defolt məhkəmə tərəfindən təsdiqlənsə belə, bu, Rusiyanın adi vətəndaşlarını heç nə ilə təhdid etməyəcək: “Ölkəmiz çox ciddi təhlükəsizlik marjasına malikdir. Pul siyasətinə gəlincə isə, Mərkəzi Bankın və Maliyyə Nazirliyinin fəaliyyəti göz qabağındadır. Bütün addımlar yoxlanılıb, dəqiq və məqsədyönlüdür. Yəni 1998-ci ildə olduğu kimi əhali əmanətlərini itirməyəcək və rublun alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşməyəcək. İndi vəziyyət əksinədir – milli valyuta möhkəmlənir, ölkədə çoxlu pul və imkanlar var”.
Ekspert əmindir ki, Rusiyanın texniki cəhətdən müflis kimi tanınması sadəcə hekayədir: “Bizə qarşı sanksiyalar elan etməyən digər ölkələr var ki, onlar dünya əhalisinin 64 faizini təşkil edir. Onlar nə baş verdiyini anlayır, ağılla düşünmək və vəziyyəti ayıq başla qiymətləndirmək qabiliyyətindədirlər. Biz böyüməyə və inkişafa davam edirik, yaxşı iqtisadi artım templərimiz var. Buna görə də, avropalılar boynumuza daha çox ip salmağa çalışırlar, amma əslində özlərini boğurlar” – Seleznev fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az