“Avropalıların ssenarisi ilə oynanılan erməni tamaşası” – Deputatdan AÇIQLAMAbackend

“Avropalıların ssenarisi ilə oynanılan erməni tamaşası” - Deputatdan AÇIQLAMA

İki gündür Azərbaycan-Ermənistan sərhədində düşmən ölkənin siyasi şousu davam edir. Avtomobil karvanını Laçın sərhəd-keçid məntəqəsinə qədər gətirən Ermənistan nəyin bahasına olursa-olsun yükləri Laçın yolundan Qarabağa çatdırmağa çalışır. Azərbaycanla razılaşdırılmadan belə bir addımın atılması Ermənistanın siyasi oyunların iştirakçısına çevrildiyini göstərir.

Mövzunu KONKRET.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov Ermənistan rəhbərliyinin bununla şou yaratdığını bildirir:

“Ermənistanın hərbi-siyasi hərbərliyi sözün əsil mənasında bütün dünyaya şou təqdim edir. Təbii ki, bu şounun ssenaristləri, rejissorları və aktyorları var. İstəyirlər ki, siyasi şou fonunda müəyyən siyasi və iqtisadi dividendlər əldə etsinlər, Azərbaycana qarşı müəyyən beynəlxalq təzyiqlərə nail olsunlar. Cidd-cəhdlə çalışırlar ki, Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılsın. İstəyirlər ki, humanitar yüklər adı altında silah-sursat, minaları və hərbi qüvvələri Ermənistandan Qarabağa daşısınlar, oradakı separatçı tör-töküntülərin sıralarını genişləndirsinlər. İndi bütün bunların hamısının qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb. Bunu isə heç cür həzm edə bilmirlər.

Azərbaycan dövlətinin prinsipal mövqeyi var. Azərbaycan Ermənistan və Qarabağda yaşayan ermənilər arasında humanitar əlaqələrin saxlanılmasının heç də əleyhinə deyil. Bir çox hallarda ona dəstək verir və təklif edir ki, Ağdam-Xankəndi yolundan istifadə edilsin. Yüklərin həmin marşrutla daşınması həyata keçirilsin. Ermənilərin niyyəti isə tamam başqadır. Hay-küy kampaniyası aparmaqla Azərbaycanı humanitar terrorda günahlandırmaq istəyirlər. Digər niyyətləri də var. Beynəlxalq ictimai fikrin antiAzərbaycan mövqeyində formalaşdırılmasına çalışırlar. Bu kontekstdə Azərbaycana beynəlxalq təzyiqin reallaşmasına, daha sonra prosesin məntiqi nəticəsi olaraq aprelin 24-dən fəaliyyətə başlayan Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini dayandırılmasına nail olmaq istəyirlər. Nəticədə Azərbaycan-Ermənistan münasibətləri özünün pik nöqtəsinə gəlib çatacaq. Bununla da sülh müqaviləsindən imtina edəcəklər. Beləliklə, Paşinyan öz hakimiyyətinin ömrünü daha da uzatmağı düşünür.

Narahatlıq yaradan məqamlardan biri bəzi Qərbi Avropa ölkələri səfirlərinin bu işdə canfəşanlıq etməsidir. Avropa İttifaqının Borrel səviyyəsində xarici siyasət məsələsinə cavabdeh olan bir şəxsi Ermənistanın yanında olduğunu bəyan edir, onları dəstəkləyir, antiAzərbaycan mövqeyini nümayiş etdirir.

Halbuki Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da Ermənistanın Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı iddialarını əsassız sayıb və Azərbaycanın haqlı olduğunu bildirən qətnamə qəbul edib. Bütün bu reallıqlar onu göstərir ki, bəzi Qərb siyasi dairələrində riyakarlıq edirlər və bu qəbuledilməzdir. Belə təzyiq metodu ilə Azərbaycanın mövqeyini dəyişmək olmaz. Çünki bizim işimiz haqq işidir. Qarabağdakı erməniləri öz vətəndaşlarımız hesab edirik. Onların təhlükəsizliyinin, hüquqlarının qorunması üçün istənilən təminat məsələlərində Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*