Avtobus və metroda gediş haqqı artırıldıbackend

TƏCİLİ! Avtobus və metroda gediş haqqı artırıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Qərar

İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib:

– Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

– Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*