Bakıda ictimai nəqliyyatın idarə olunması sahəsində yeni texnoloji yeniliklər üzərində işlər aparılır. Maraqlıdır, hazırda Bakıda və ya digər şəhərlərdə avtobusların real vaxtda hərəkətini izləmək sistemi varmı? Dayanacaqlarda bu məlumatı göstərmək üçün hansı növ tablolar (elektron ekranlar, interaktiv panellər və s.) daha məqsədəuyğundur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu cür tətbiqlər müasir şəhər nəqliyyatının vacib tərkib hissəsidir:
“Vacib olan bir tətbiqdir. Biz hələ gecikirik. İnsanlar real vaxt rejimində bilməlidir ki, avtobus hardadır, nə vaxt gələcək, hansı marşrutla hərəkət edir. Yaxınlıqdakı dayanacaqdan hansı avtobusların keçdiyi barədə məlumat da rahat şəkildə təqdim olunmalıdır”.
Ekspertin sözlərinə görə, bu sistem yalnız avtobusların hərəkətini izləməyə deyil, həm də səfərin planlaşdırılmasına xidmət etməlidir:
“Belə tətbiqlər bir neçə nəqliyyat növünü birləşdirməlidir. Yəni, istifadəçi əvvəlcə nə qədər piyada gedəcəyini, sonra hansı avtobus və ya metrodan istifadə edəcəyini, ümumilikdə səfərin neçə dəqiqə çəkəcəyini görə bilməlidir. Bu, vaxtın səmərəli istifadəsinə və prioritetlərin düzgün müəyyənləşdirilməsinə kömək edir”.
Ağamirzəyev qeyd edib ki, Bakıda bu istiqamətdə ilkin “beta versiya” artıq sınaq mərhələsindədir. O, dünyanın aparıcı şəhərlərinin təcrübəsinə əsaslanaraq, sistemin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
“Dünyanın bir çox şəhərlərində tətbiqlərlə yanaşı, dayanacaqlarda kağız formatında marşrut cədvəlləri, xəritələr və marşrutların proyeksiyası yerləşdirilir. Bizdə də bu praktika olmalıdır. Çünki əhalinin bir hissəsi yaşlı insanlardır və onların rəqəmsal savadlılığı fərqli səviyyədədir”.
Rauf Ağamirzəyevin fikrincə, informasiya əlçatanlığı müxtəlif formatlarda, həm rəqəmsal, həm də çap versiyasında təqdim olunmalıdır:
“İnsanlar istədikləri informasiyanı fərqli alternativlər üzərindən əldə edə bilməlidirlər. Rəqəmsal həllər o qədər sadə və cəlbedici olmalıdır ki, hər yaşdan insan rahat istifadə etsin”.
Ekspertin sözlərinə görə, bu cür sistemlərin tətbiqi şəhər nəqliyyatında şəffaflığı və sərnişin rahatlığını təmin edən əsas amillərdəndir.
Aynurə İsmayıl
KONKRET.az