“Hazırda Azərbaycanda ictimai nəqliyyatda, xüsusilə, avtobuslarda sərnişinlərin yalnız ön qapıdan minməsi, orta və arxa qapılardan çıxış üçün istifadə etməsi tətbiq olunur. Dünyanın əksər ölkələrində avtobusların bütün qapılarında validasiya aparatları quraşdırılır. Sərnişinlər həm minərkən, həm də düşərkən bu sistemdən istifadə edirlər. Bu yanaşma ilk növbədə sərnişin axınının tənzimlənməsində mühüm rol oynayır və tranzit vaxtının optimallaşdırılmasına kömək edir. Belə ki, sərnişinlərin yalnız bir qapıdan minib-düşməsi vaxt itkisinə və sıxlığa səbəb olur”.
Bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında səsləndirib.
“Qapıların iki seksiyaya bölünməsi, bir tərəfdən minmə, digər tərəfdən isə düşmə istiqamətinin müəyyən olunması axını rahatlaşdırmaq üçün effektiv vasitədir. Bütün bu problemlərin obyektiv həlli isə “Brutto” müqavilə sisteminə keçiddə və hər bir qapıda validasiyanın tətbiqində görülür”.
Rauf Ağamirzəyev eyni zamanda vurğulayıb ki, nəqliyyatda nəzarət prosesi də müasir yanaşmalarla həyata keçirilməlidir.
“Dünya təcrübəsində hər bir sərnişin ayrı-ayrılıqda yoxlanılmır. Seçki üsulu ilə yoxlama aparılır. Əgər sərnişinin ödənişi vermədən hərəkət etdiyi müəyyən olunursa, bu zaman yüksək məbləğdə cərimə yazılır. Hazırda Azərbaycanda ön qapıdan minib, oradan düşən sərnişinlərə qarşı heç bir cərimə tədbiri nəzərdə tutulmasa da, bu hal ümumi hərəkət axınına və xidmətin keyfiyyətinə mənfi təsir göstərir”.
Ekspert hesab edir ki, bu sahədə dəyişikliklər qaçılmazdır və beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi ictimai nəqliyyatın daha effektiv və müasir şəkildə idarə olunmasına şərait yaradacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az