Ayasofya məscidinin ibadətə bağlanması üçün Atatürkün imzası necə saxtalaşdırıldıbackend

Ayasofya məscidinin ibadətə bağlanması üçün Atatürkün imzası necə saxtalaşdırıldı

Son günlər Türkiyədə Ayasofya camisinin məscid statusunun qaytarılması çox önəmli bir məsələ kimi gündəmə gəlib. Əslində, bu, Türkiyənin artıq nominal deyil, faktiki müstəqilləşmə, irsinə sahib çıxma iradəsinin təzahürü olub. İllərlə Ayasofya camisinin ibadətə açılmasını gözləyən Türkiyə xalqı bu qərarın məsudluğunu yaşamaqdadır. 

Ancaq təəssüf ki, beyinləri imperializm köləliyindən azad olmamış bir çox şəxsləri, o cümlədən Qərbdəki islamafob dairələri, eləcə də “beşinci kolonları” bu qərar narahat edir. İşin qəribə tərəfi odur ki, bizim məmləkətimizdə də Ayasofya camisinin statusunun özünə qaytarılması psevdo-demokratları yaman narahat etməkdədir. Əslində, bu biçarələri daha çox Qarabağda, Qərbi Azərbaycanda və işğal edilmiş digər torpaqlarımızda qalan məscid və ibadətgahların aqibəti narahat etməli deyildimi? Görünən budur ki, bu çevrələr üçün milli-mənəvi dəyərlər deyil, Qərbin əhvalı və məsələlərə münasibəti önəmlidir. Əllərində, bir şüar vardır ki, “Atatürk qərarları” ləğv edilir. Doğrudanmı, Atatürk Ayasofya camisinin muzeyə çevrilməsi qərarını verib? Bunun üçün Ayasofyanın tarixinə, onun muzeyə çevrilmə prosesinə baxmaq lazımdır.

İlk öncə, onu demək lazımdır ki, Ayasofyanın ilk qənimləri elə xaçlı orduları olub. Onu dəfələrlə dağıdıb, ümumiyyətlə, İstanbulun fəthi ərəfəsində Ayasofya demək olar ki, xarabalıqlar yığınından ibarət olub. IV Səlib yürüşü zamanı xaçlılar İstanbulu ələ keçirdikdə, Ayasofya şəhərin digər mədəniyyət abidələri kimi tamamilə talan edildi və xarabalıq oldu. 1261-ci ildə şəhər geri alındıqda bizanslılar kilsəni təmir etdilər. Bundan sonra diqqətsizlik, qayğısızlıq səbəbi ilə 1346-cı ildə Ayasofyanın ( o zaman hələ kilsə idi) böyük günbəz çökdü. Günbəz 1356-cı ildə yenidən qurulub. 1402-ci il üçün kilsə baxımsızlıqdan tamamilə dağıdıldı və günbəz qismən çökdü. Fateh Sultan Mehmet fəth günü şəhərə daxil olmadı. Fateh Sultan Mehmet 27 may 1453-cü ildə İstanbulu fəth etdi. Osmanlıların ənənəsinə görə, bir şəhər fəth edildikdə, fəthi edən sərkərdə yalnız cümə günü şəhərə girirdi. Fateh Sultan Mehmet mayın 30-da, cümə günü şəhərə girdi. Ayasofya kilsəsinin xarabalıqlarında müəyyən bir hissə təmizləndi. İstanbulun fəthinin mənəvi memarı sayılan Ağ Şəmsəddinin imamlığında Fateh Sultan Mehmet cümə namazını qıldı. Bundan sonra Ayasofya kilsəsi məscidə çevrilir.

Bir sözlə, türklər İstanbula daxil olduqda içərisində davamlı ibadət ayinləri icra edən bir kilsə ilə deyil, yarıxarabalıq, tərk edilmiş, diqqət edilməmiş bir tikili ilə qarşılaşırlar. Bundan sonra Ayasofya camisi daim Osmanlı sultanlarının diqqətində olub, dəfələrlə təmir edilib. 1847-49-cu illərdə sultan Məcid, İtaliyadan gətirdiyi memar Fossati Ayasofya camisində əsaslı təmirini aparmışdı.

Fateh Sultan Mehmet İstanbulu fəth edən zaman Ayasofya Camisi Vəqfiyyəsi qurulur. İslam hüququna görə, vəqfiyyə qurmaq istəyən şəxs qaziyə müraciət edir. Vəqfiyyə sənədi deyilən sənəd qazi tərəfindən qeydə alınır. Fateh Sultan Mehmetin Ayasofya Vəqfiyyəsi 1462-ci ildə qurulur. Məscidin də hüquqları məhz bu vəqfiyyəyə həvalə edilir. Vəqfiyyənin qurulması zamanı Sultan Mehmed Fateh məşhur duasını Vəqfiyyə sənədində yazdırır və burada sanki kəramət göstərərək bildirir ki, Ayasofyanın təyinatını dəyişdirənə Allah əbədi cəhənnəm versin! Beləliklə, məşhur muzeyləşdirmə qərarına qədər Ayasofya cami rolunu oynayır. Burada önəmli bir məsələ də var:

Ayasofyanı muzey etmə qərarına qol çəkən Atatürk olub?

Bu gün bəzi kamalist dairələr və onları nə üçün təqlid etdiklərini bilməyən bizim bəzi müxalifət nümayəndələri “Atatürkün qərarı ləğv edilir!” deyə, fəğan edirlər. Amma Atatürk bütövlükdə Ayasofya camisinin muzeyə çevrilməsinə imza atıb? Bu tarixi prosesə də bir baxaq.

1931-ci ildə ABŞ-dakı Bizans İnstitutundan Tomas Wittemore, məscid mozaikalarının təmizlənməsi və təmirinə icazə verilməsini istəyir. 1934-cü ilin ortalarında Abidin Özmen Maarif Nazirliyinə gətirilir. O, İstanbula gəlir, yoxlamalar zamanı Ayasofyanı ziyarət edir, işləri və mozaikaları araşdırır, məbəddən başqa məscid hissələrinin qismən dağıldığını görür və bu yerlərin muzey olaraq istifadə edilməsi fikrini irəli sürür. 

Atatürk məsələnin mütəxəssis heyəti tərəfindən araşdırılmasını əmr edir. Lakin burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu zaman məscidin ibadət qisminin ibadətə açıq olması nəzərdə tutulurdu. Hətta tarixi faktlar onu göstərir ki, 1935-ci ildə ibadət qisminin qapadılması və muzeyləşdirilməsi fikrinə qarşı Atatürkün özü də sərt təpki vermişdi. Onun ölümündən sonra gələn tək partiya hakimiyyəti zamanı artıq kamalist çevrələr Ayasofyanın tamamən muzeyləşdirilməsi üçün hiyləgər bir prosesə start vermişdilər. İkinci Dünya müharibəsi 1939-cu ildə başladı və bu zaman Ayasofya ilə məşğul olmaq mümkün olmadı. 

Əslində, CHP rəhbərliyinin müharibə olmasa da, Ayasofyanı ibadətə açmaq niyyəti yox idi. Bu dövrdə nəinki Ayasofya, digər məscidlər belə anbarlara çevrilmişdi. CHP məlun sovet rejimini xatırladan addımlar atırdı. İkinci Dünya savaşından sonra Maarif naziri Hasan Ali Yücel adlı bir islamofob olur. Bu adam Ayasofyanı tamamilə ibadətə qapatmaq üçün Muzey Qərarnaməsinin altında Atatürkün imzasının olduğunu bildirir. Müasir Türkiyə tarixçilərinin bir çoxu, o cümlədən Murad Bardakçı bu qərarnamənin altındakı imzanın saxta olduğunu ifadə edirlər. Bir sözlə, Atatürkün müvəqqəti olaraq, ibadət qismini də saxlamaqla Ayasofyanın ətraf əlavə tikililərini muzeyləşdirmək qərarı məscidi daimi muzeyə çevirən bir qərara çevrilmiş, tarixi bir saxtakarlıq edilib. Buna isə ən çox sevinən, İstanbul fəthinin yadigarını məscid olaraq həzm edə bilməyən yunan millətçiləri, Qərbə aşiq olan imperializm kölələri idi. Türk xalqı heç bir zaman Ayasofyanın muzey olması ilə barışmayıb.

Vəqflər və Tarixi Sənətlər Fondu, Ayasofyanı ibadət üçün yenidən açmaq üçün 2005-ci ildə hüquqi mübarizəyə başlayır. Məhkəmə işini araşdıran 10-cu Dövlət Hüquq Şurası, 31 Mart 2008-ci ildə Ayasofyanın muzey kimi istifadəsində qanun pozuntularının olmadığını bildirir və işin rədd edilməsinə qərar verir. İddiaçının düzəliş tələbi də İdarə Heyəti tərəfindən 6 aprel 2015-ci ildə rədd edilir.

Beləliklə, Ayasofya muzey olaraq fəaliyyətə davam etdi. Ancaq hüquqi mübarizəni tərk etməyən Vəqflər vəTarixi Sənətlər Fondu 2016-cı ildə yeni iddia qaldırdı. Bu onun göstəricisi idi ki, müsəlman türk xalqı üçün İstanbulun göbəyində Fateh Sultan Mehmet qılınc haqqının Qərbin sevdasına, yunan millətçilərinin arzusuna, kamalistlərin zehniyyətinə uyğun olaraq muzey olaraq qalması qəbuledilməzdir. Bu mübarizənin nəticəsi olaraq, Ayasofya məscidinə muzey statusunun verilməsi haqqında qərar ləğv edilib. Bu tarixi qərar Türkiyənin Dövlət Hüquq Şurası tərəfindən 08 iyul 2020-ci ildə yekdilliklə təsdiqlənib.

Müvafiq məsələ ilə bağlı olaraq Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş Ayasofya ilə bağlı açıqlama verərək bildirib ki, 15 iyulda və ya daha öncə Ayasofya ibadətə açıla bilər. Bütün bunların yanında Qərbi razı etmək üçün çırpınan bəzi psevdo-millətçilərin etirazları ancaq acı bir gülünc doğurur. Çünki Ayasofya açılmasın cəbhəsinin başında dayananlar Türkiyənin daxili müstəqilləşməsini, xarici təsir imkanlarının artmasını istəməyən qüvvələrdir.

Ümid edirik ki, bütün bu proseslərin yekununda biz də bir xalq olaraq Dağlıq Qarabağda və işğal edilmiş ərazilərdə qalmış məscidlərimizin açılmasına şahid olacağıq. Belə ki, Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru Türkiyənin uğurudur!

Azər Hüseynov, tarixçi

Avropa.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*