“Ayı fotoqrafa hücum etdi, onu helikopterlə apardılar” – Azərbaycanlı alpinist karyerasının ən qorxunc anından danışdıbackend

“Ayı fotoqrafa hücum etdi” - Azərbaycanlı alpinist karyerasının ən qorxunc anından danışdı

Avqustun 8-i dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü kimi qeyd olunur.

Bu bayramın yaranmasına görə iki cəsur isveçrəliyə – həkim Mişel-Qabriel Pakkarda və dağ bələdçisi Jak Balmaya borcluyuq. Onlar 1786-cı il avqustun 8-də bütün alpinistlər arasında ilk olaraq Alp dağlarının ən yüksək nöqtəsini, dəniz səviyyəsindən 4810 metr yüksəklikdə yerləşən Monblan zirvəsini fəth ediblər. Həmin vaxta qədər Monblan zirvəsinə qalxmaq istəyənlərin sayı çox olsa da, bunu ilk dəfə onlar bacarmışdı. O gündən dünya alpinistləri Alp dağlarının ən yüksək zirvəsinin fəth olunmasını öz bayramları kimi qeyd edirlər.

8 avqustu yalnız dağ zirvələrini fəth edənlər deyil, həm də sənaye alpinizmi ilə məşğul olanlar da öz bayramları hesab edirlər.

KONKRET.az Alpinistlər Günündə tanınmış azərbaycanlı alpinist Qərib Tağızadə ilə həmsöhbət olub.

O, alpinizimlə 2012-ci ildən məşğuldur:

“Hazırda neft-qaz sənayesində çalışıram. 2012-ci ildən bəri professional hobbi olaraq alpinizmlə məşğulam. Alpinizmin peşə elementindən olan düzə dırmanma edirəm. Çox sevməsəm də, qayaya dırmanma ilə də məşğul oluram, çünki bəzən dağa dırmananda buradan qazanılan təcrübə lazım olur”.

Q.Tağızadənin fikrincə, alpinist olmağın ən çətin tərəfi ailəyə və dostlara vaxt ayıra bilməməkdir:

“Təkcə dağlara getməklə yaşamaq olmur, həm də işləmək məcburiyyətindəsən. Həm iş, həm də dağlar dostlara və ailəyə az vaxt sərf etməyə səbəb olur. Bu da adamı mənəvi cəhətdən sıxır. Təbii ki, alpinist olmağın başqa çətinlikləri də var. Hər an dağlarda ölümlə üz-üzə olursan. Kiçik bir fikir dağınıqlığı çox ciddi fəsadlara gətirib çıxara bilir. Ölümlə nəticələnən nümunələr də çoxdur”.

Alpinistin sözlərinə görə, alpinist olmaq istəyənlər yaxşı alpinistlərə qoşulmalı, yaxşı müəllimlərlə çalışmalıdır:

“Yaxşı alpinist olmaq istəyənlər peşəkarlara qoşulmalıdırlar ki, vaxt itirməsinlər. Həmçinin alpinist olmaq istəyən şəxsdə böyük sevgi və əzmkarlıq olmalıdır. Həmin şəxs beyin gücünün fiziki gücə qalib gəldiyi anları mütləq yaşamalıdır. Alpinist olmağın mənəvi tərəfdən incəliyi odur ki, gərək eqodan uzaq olasan. Dağlar yarış yeri deyil. Bu yarışın sonu ölümlə nəticələnə və bədbəxt hadisəyə səbəb ola bilər. Biz dağlara yaşamaq üçün gedirik”.

 

O, alpinist kimi qarşılaşdığı ən maraqlı hadisə barədə isə bunları deyib:

“Alpinist kimi qarşılaşdığım ən maraqlı hadisə Savalanda olub. Dəniz səviyyəsindən 4811 metr hündürlükdə yerləşən Savalan dağının “Base Camp”nda, 3600 metr yüksəklikdə idik. Ayı və balaları kampa yaxınlaşmışdı, zibil eşirdilər. Gecə kampdan çıxanda ayılarla qarşılaşmaq çox təhlükəli idi. Xatırlayıram ki, iranlı fotoqraf xanım ayının balasını çəkməyə çalışanda ana ayı ona hücum etmişdi. Xanımı ərazidən koma vəziyyətində helikopter ilə xilas etdilər”.

Alpinist bildirdi ki, çətinlik daha çox hava şəraiti ilə bağlı yaranıb:

“Dağçılıq kariyeramda ən çox hava ilə bağlı çətinlik yaşamışam. Əsas da xarici səfərlərdə hava pis olur, dırmanmaq olmur. Ya çox qar yağır, ya da hava çox dəyişkən olur. Bu da ciddi problem yaradır. Bütün ekspedisiyanı bərbad vəziyyətə salır. Zirvəni  fəth etmədən geri dönürsən”.

Qərib bəy indiyə kimi hansı zirvələri fəth etdiyindən də söz açıb:

“8 dəfə Bazardüzü (4466 metr), 4 dəfə Şahdağ, 3 dəfə Tufan dağ, iki dəfə Avropanın ən yüksək dağ zirvəsi (5642 metr) olan Elbrus dağı, həmçinin  Ağrı dağ (5137 metr), Kazbek dağı (5054 metr), Gürcüstandakı dağ zirvələrini və s. fəth etmişəm. Fəth etdiyim ən yüksək zirvə isə 6189 metrlik İsland Peak dağı olub, ona Nepalda “balaca Everest” də deyirlər. Bu yaxınlarda isə 5895 metr hündürlüklə Klimancarodan qayıtmışam. Bura Afrika Qitəsinin ən yüksək zirvəsdir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*