“AYNA-ya dəfələrlə müraciət etsək də…” – Şikayətbackend

“AYNA-ya dəfələrlə müraciət etsək də...” - Şikayət

Bir müddətdir Bakıda avtobus zolaqları, velosiped xətləri çəkilir. Hazırda yol infratrukturunun təkminləşdirilməsi məqsədilə digər işlər də həyata keçirilir.

Lakin bütün görülən işlərə baxmayaraq, insanların davamlı olaraq Bakıya axın etməsi şəhərdə sıxlığın günü-gündən daha artmasına səbəb olur. Paytaxta axının intensivliyi nəqliyyat sıxlığına səbəb olur. Bakıda tıxacların artması isə həm sürücüləri, həm də piyadaları narazı salan amildir.

Bəzi sürücülər isə hesab edir ki, yol nişanlarının düzgün yerləşdirilməməsi də yollardakı gərginliyə səbəb olur.

KONKRET.az-a şikayət ünvanlayan Fərid Cəfərov (ad, soyad şərtidir) bildirir ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindən başlayaraq Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan yolda hər gün səhər saat 8:00-dan axşam saat 21:00-a kimi tıxac olur.

“Bu küçədə mütəxəssislər tərəfindən monitorinq aparılaraq hər hansı bir dəyişiklik edilsəydi, biz sürücülər də bu yolda hər gün tıxaclarda qalmazdıq. Bundan əlavə, nəqliyyat vasitələri şəhər istiqamətindən Yusif Səfərov küçəsi ilə Babək prospektinə daxil olduqda və üzü Əhmədli qəsəbəsi istiqamətində prospektlə hərəkət edərkən cəmi 6 km-lik məsafədə yolun sol tərəfində yolboyu 6 yerdə geriyə dönmə işarəsi quraşdırılıb. Bu “geriyə dönmə” yol nişanlarının çox olması Babək prospektində sıxlığa səbəb olur, hər dəfə “geriyə dönmə” nişanını görən sürücülər cərimə olunmamaq üçün yolun sağ hissəsinə keçməyə çalışarkən digər nəqliyyat vasitələrinin hərəkətinə maneə olurlar və nəticədə tıxac yaranır. Bakı şəhərinin heç bir prospektində bu qədər “geriyə dönmə” nişanı olmadığı halda nəyə görə Babək prospektində bu qədər “geriyə dönmə” nişanı quraşdırılıb? Bəlkə həmin nişanlar prospektdə yerləşən bəzi obyekt sahiblərinin xahişi ilə quraşdırılıb? Biz bu 2 məsələ ilə bağlı AYNA-ya müraciət etsək də, heç bir tədbir görülmədi”, – o şikayətində qeyd edib.

Mövzu ilə bağlı KONKRET.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*