Ermənistanla sülh müqaviləsi ötən il baş tutmadı və ekspertlər güman edir ki, sülh sazişi bu ilin ilk yarısında imzalana bilər. Hətta tərəflərin vasitəçisiz danışıqlar aparması da müzakirə olunur və bu, mümkündür. Bunu ötən ay əsirlərin qaytarılması zamanı da müşahidə etdik və bu hal birbaşa danışıqların bəhrə verməsi əminliyi yaratdı.
Amma Ermənistanda fərqli düşünürlər və hesab edirlər ki, Azərbaycanla birbaşa danışıqlar onlar üçün intihar deməkdir.
KONKRET.az xəbər verir ki, Azərbaycanşunas ekspert Tatevik Ayrapetyan da bu fikirdədir. O, özünün “Teleqram” kanalında yazıb ki, danışıqların hazırkı məntiqi Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasına əsaslanır: “Baş nazir hesab edir ki, bununla Ermənistanın ərazi bütövlüyünü təmin etmək mümkün olacaq. Amma Bakının bəyanatları göstərir ki, Azərbaycan danışıqlarda Ermənistanın Qərb tərəfdaşlarına imkan verməyəcək. Delimitasiya və demarkasiya prosesini ləngidəcək, xəritələr məsələsini açıq qoyacaq.
Ekspert vurğulayıb ki, Ermənistan delimitasiya və demarkasiya prosesini 1975-ci ilin xəritələri əsasında həyata keçirməkdə israrlıdır. “Amma Azərbaycan 1918-ci ilin xəritələrindən istifadə etməyi tələb edir. Bu məntiq isə nə Qərbdə, nə də başqa formatda qəbulediləndir. Ona görə də Azərbaycan üçün bu məsələni sonradan güc və hədə-qorxu ilə öz xeyrinə həll etmək variantı açıq qalır. Deməli, Ermənistanın birbaşa danışıqlara getməsi bizim üçün intihara bərabərdir”.
Tatevik Ayrapetyanın bu yanaşmasına cavab olaraq KONKRET.az-a açıqlamasında politoloq Oktay Qasımov isə bildirib ki, erməni ekspertlər hələ də məsələyə 1990-cı illər və 2020-ci ilə qədərki dövrün ab-havası ilə yanaşırlar. “Hesab edirlər ki, bütün məsələlər Ermənistanın istədiyi formada və beynəlxalq hüquq pozulmaqla həyata keçsin. Ayrapetyanın irəli sürdüyü xəritələr məsələsi, delimitasiya və demarkasiya prosesi ilə bağlı fikirlər tamamilə absurddur. İlk növbədə onu qeyd etmək lazımdır ki, delimitasiya prosesi kifayət qədər zaman aparan məsələdir. Bu baxımdan sülh müqaviləsini delimitasiya prosesi ilə əlaqələndirib yubatmaq əlbəttə ki, Ermənistanın prosesi əngəlləmək niyyətlərindən xəbər verir. Ermənistanın 1975-ci il xəritələrinə istinadla israr etməsinə gəlincə, əlbəttə ki, Azərbaycan məsələni fərqli qoyub. Bununla da problemin beynəlxalq hüquqa uyğun şəkildə həll edilməsini istəyir. Azərbaycanın 1918-ci il xəritələrinə əsaslanması haqqında fikirlər absurddur. Çünki bununla bağlı Azərbaycan Prezidentinin açıqlamaları olub. Ona görə də hesab edirəm ki, belə açıqlamalar sırf Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəyə təsir etmək məqsədi daşıyır.
Azərbaycanın irəli sürdüyü tələblərə gəlincə, bunlar bəllidir və 3 ana prinsipə əsaslanır: 1-ci beynəlxalq hüquq, 2-ci ədalət prinsipi, 3-cü müharibənin nəticələri.
Azərbaycan əslində müharibənin nəticələrinə – Ermənistanın törətdiyi vandalizmə cavab olaraq daha sərt tələblər irəli sürə bilərdi, amma bunu etmədi. Azərbaycan beynəlxalq hüquqa hörmət və ədalət prinsipi əsasında sülh danışıqlarının aparılmasının 5 baza prinsipini təklif edib. Bunlar da ictimaiyyətə açıqlanıb”.
O.Qasımovun fikrincə, əslində erməni cəmiyyəti məsələləri tam fərqli, özünə sərf edən şəkildə və düşündüyü kimi təqdim etməyə çalışır. “Çünki hansısa açıq mənbədə Azərbaycanın 1918-ci il xəritələrində israr etməsi ilə bağlı xəbər təsdiq olunmayıb. Və Azərbaycan Ermənistan qarşısında başqa tələblər də qoymalıdır. Bu da Ermənistanın Konstitusiyasında və qanunvericilik bazasında dəyişikliklərin edilməsidir”, – deyən ekspert vurğulayıb ki, ermənilər Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidirlər.
Vəli Həsənov,
KONKRET.az