Azərbayan və Türkmənistan böyük gücləri ŞOKA SALDI – TƏFƏRRÜATLARbackend

Azərbayan və Türkmənistan böyük gücləri ŞOKA SALDI - TƏFƏRRÜATLAR

Bayram-bayrama qarışıb. Bu gün Azərbaycan xalqı və türk dünyası daha bir əlamətdar hadisəyə şahidlik etdi. Bir neçə saat öncə Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. İmzalanma mərasiminə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da video formatda qatıldılar.

Beləcə, Azərbaycan dünyada gündəm yaratmaqda və böyük uğurları ilə sivilizasiyanı təəccübləndirməkdə davam edir. Ötən ilin payızında Prezident İlham Əliyev qətiyyətlə deyən də ki, “Azərbaycan dünyaya öz reallıqlarını diqtə edir, Azərbaycan yeni dünya düzənində əsas söz sahiblərindən birinə çevrilir”, çoxları söhbətin nədən getdiyini anlamırdı. Çünki 2020-ci ilin dünyasında diqtə edən ölkələr başqa idi.

Amma aparıcı iqtisadi və siyasi təhlilçilər deyirdi ki, COVID-19 köhnə dünya düzənini pozacaq, yaxın zamanlarda yeni reallıqlarla qarşılaşacağıq. Və bu fikrə o da əlavə olunurdu ki, yeni dünya düzənində davamlı iqtisadi inkişafa, çevik manevr imkanlarına və ən başlıcası güclü siyasi liderə malik dövlətlər önə çıxacaq.

Bu ehtimallardan, proqnozlardan cəmi bir neçə ay sonra Azərbaycan dünyanın hərb tarixinə yeni bir səlnamə yazdı. 44 günlük “dron müharibəsində” (bəzən “ulduz müharibəsi” də deyirlər) Azərbaycan Ermənistanın hərbi kapitulyasiyasına nail oldu. Ölkəmizin ərazi bütövlüyü nəhayət ki, təmin edildi. Məhz böyük Qələbənin ilk günlərində prezident İlham Əliyev bir daha bəyan etdi ki, bu qələbə Azərbaycan dövlətinin böyük zəfər yürüşünün başlanğıcıdır. Bundan bir az sonra dekabrın 10-da Bakıda Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, “Biz 6-lıq platforması yaratmaq təşəbbüsünü irəli sürdük”.

Bu bəyanat Ağ evin, Kremlin, Buntestaqın və Yelisey sarayının bərq vuran şüşələrini cingiltdədi, divarlarda əks-səda doğurdu. Dünya heyrətdə qaldı. Çünki bu, artıq Avrasiyanın yenidən bölünməsinin və dünyada yeni iqtisadi gücün ortaya çıxacağının anonsu idi. Dünyanın aparıcı dövlətləri bu “altılıq platforması”nın şokundan çıxmamış dekabrın 31-də Azərbaycanın moderator olduğu TAP layihəsi istismara verildi. Beləcə, Cənubi Avropa Rusiyadan iqtisadi asılılıqdan qurtulmuş oldu. Azərbaycanın sürətli irəliləyişini durdura bilməyən Rusiya Federasiyası yeni beynəlxalq iqtisadi layihələrdə Azərbaycanın qarşısında deyil, yanında durmaq istəyini bildirdi.

Baxmayaraq ki, son 30 ildə Rusiya bütün vasitələrlə Azərbaycanı təzyiq və təsir altında saxlamağa çalışıb. Və bunun üçün Qarabağ kartından Moskva hər vasitə ilə yararlanıb.  Lakin 10 noyabr sülh anlaşması artıq hər şeyin arxada qaldığını sübut etdi. Ona görə də Rusiya Azərbaycanla daha əvvəlki təzyiq yolu ilə deyil, bərabər tərəfdaş kimi danışmağa başlayıb.

Təsadüfi deyil ki, yanvarın 11-də Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini təcili Moskvaya dəvət etdi. Çoxları bu görüşün Qarabağ məsələsi ilə bağlı olduğunu zənn etsə də, görüşdən sonra 3 ölkə başçısının imzaladıqları birgə bəyanat yeni reallıqları ortaya çıxardı. Məlum oldu ki, Azərbaycanın diqtə etdiyi reallıqlar qarşısında Rusiya aciz və çarəsizdir.

Və bu vəziyyətdə Rusiya Azərbaycanın yanında durmağı özünə şərəf bilir. Doğrudur, ilk baxışdan Putin özünü yenə də fövqəlgücün lideri kimi aparırdı. Lakin hər şey apaçıq ortada idi. Moskva dolayısı ilə Bakıya minnətçi düşmüşdü ki, “məni yaddan çıxartmayın”.

Və nəhayət 21 yanvarda Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki zəngin karbohidogen yatağı -“Dostluq”un birgə işlənməsi haqqında Anlaşma Momerandumu imzalandı. Bu isə artıq 1994-cü ildə bağlanan “Əsrin Müqaviləsi”ndən sonra Azərbaycanın ən böyük iqtisadi-siyasi uğuru idi. Bu Anlaşmanın çox böyük iqtisadi-siyasi əhəmiyyəti var.

Birincisi, bu Anlaşmanın imzalanması ilə Azərbaycan və Türkmənistan tamamilə Rusiyanın təsir dairəsindən çıxdı. Azərbaycan diqtə olunan tərəfdən diqtə edən tərəfə çevrildi.

İkincisi, bu Anlaşma ilə Azərbaycan dünyaya meydan oxuyan ABŞ və Avropaya təsir imkanlarını bir qədər də artırmış oldu. Çünki Avropa Rusiya təbii qazından qurtulmaq istəyir. Azərbaycansa bu məsələdə Avropaya ən yaxşı istinad nöqtəsidir. 20 gün əvvəl istifadəyə verilən TAP yaxın vaxtlarda Avropaya 10 milyard kubmetr qaz ötürəcək. Türkmənstanla qurulan yeni iqtisadi əlaqələr bu rəqəmin bir neçə dəfə artması deməkdir.

Üçünçüsü, 21 yanvar Anlaşması Azərbaycanla Türkmənstan arasındakı 30 illik soyuq münasibətlərin buzunu ərtimiş oldu. İki qardaş ölkə, nəhayət ki, səyləri birləşdirdi. Biz bu günün, necə deyərlər, uzun illər təşnəsində olmuşuq. Rusiya və İranın güclü təsiri altında olan Türkmənstan Azərbaycanla isti münasibətlərdən hər zaman çəkinib. Bəzi hallarda isə anti-Azərbaycan mövqeyi sərgiləyib. Lakin son illər Azərbaycan Prezidenti ilə Türkmənstan Prezidenti arasında yaranan səmimi münasibətlər uzun illərin buzunu əritdi. Təsadüfi deyil ki, video formatda keçirilən görüşdə İlham Əliyev xatırlatdı ki, “Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir.

Bugünkü imzalanma Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

Göründüyü kimi, son 3 ildə əldə edilən nəticələr, son 30 ilin göstəricilərindən daha səmərələ və böyük olub. Təbii ki, bu məsələdə qardaş Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var. Məhz son illərin birgə səyləri hesabına Azərbaycan-Türkmənistan münasibətləri yeni müstəviyə çıxarıldı. Nəticədə təkcə iki qardaş ölkə üçün deyil, bütövlükdə region üçün yeni üfüqlər açıldı. Bunu Prezident Əliyev bu günkü çıxışında belə ifadə etdi: “Sizin dediyiniz regional əməkdaşlıq məsələsinə də toxunmaq istərdim. Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib”.

Türkmənstan prezidenti Qurbanqulu Berdiməhəmmədov isə dedi ki, “Nəqliyyat sferası da bizim tərəfdaşlığımızın mühüm sahəsidir. Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində fəal iş aparır. Türkmənistan və Azərbaycan həm də Xəzər dənizi–Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından biridir”.

Göründüyü kimi, bu gün imzalanan Anlaşma Momerandumunun əhəmiyyəti sadəcə bir yatağın birgə işlənməsi ilə yekunlaşmır, əksinə qlobal enerji layihələrinin perspektivindən xəbər verir.

Dördüncüsü, 21 yanvar Anlaşması regionda yeni iqtisadi gücü ortaya qoyur. Artıq Azərbaycan “altılıq platforması”nın moderatoru deyil, həm də Avropa ilə Asiya arasında yeni formalaşmağa başlayan iqtisadi gücün, birliyin mərkəzinə çevrilir. Bu isə onu göstərir ki, Azərbaycan öz reallıqlarını dünyaya diqtə edir və yeni dünya düzənində öz layiqli yerini tutmağa başlayır. İndi nəinki Ermənistanın, eləcə də onların havadarı olan ölkələrin dedikləri uydurma və böhtan dolu fikirlər Azərbaycanı istiqamət götürdüyü böyük hədəflərdən sapdıra bilməz. Artıq Azərbaycan dünyaya yeni bir günəş kimi doğur. Bu günəş Avropadakı, Rusiyadakı, eləcədə də Asiyadakı xəbis niyyətlərin üzərinə işıq saçacaq, dünyanı dostluq, əmin-amanlıq nuruna boyayacaq. Təsadüfi deyil ki, bu günki tədbirdə Azərbaycan Prezidenti haqlı olaraq dedi ki, “Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Fürsətdən istifadə edib Sizdən xahiş etmək istərdim ki, qardaş Türkmənistan xalqına ən xoş arzularımı, firavanlıq, inkişaf, sülh və rifah diləklərimi çatdırasınız”.

Bu xoş sözləri həyəcansız dinləmək olmur. Çünki dili bir, dini bir, soyu bir iki dövlət nəhayət ki, bir-birilərinə qucaq açdılar. İlk dəfə iki ölkə liderləri bir-birilərinə son dərəcə səmimi və ülvi hisslərlə müraciət etdilər. İlk dəfə idi ki, iki ölkənin liderləri bütün dünyanın gözü qarşısında bir-birlərinə “qardaş” dedilər. Milyonlarla azərbaycanlı, milyonlarla türkmən və on milyonlarla Türk dünyası 30 il idi ki, bu sözün təşnəsində, həsrətində idi.

Şükür, çox şükür ki, Tanrı bu günləri bizə yaşatdı. Və beləcə Böyük Turana daha bir addım yaxınlaşdıq.

Surxay Atakişiyev,

KONKRET.az

  • Vüqar
    Yanvar 29, 2021 - 14:17

    Əminəm ki aralarında rusça danışırdılar.

Vüqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*