“Azərbaycan bəzi məsələlərdə hələ də inadkarlıq edir” – Aşot Melikyanbackend

“Azərbaycan bəzi məsələlərdə hələ də inadkarlıq edir” – Aşot Melikyan

Ermənistan hökumətinin son iclası zamanı Baş nazir Nikol Paşinyan 2021-ci il üçün bir sıra makroiqtisadi məsələləri açıqlayıb. Bu ili Ermənistanın iqtisadi ambisiyalarının bərpası ili adlandırıb. Paşinyan iclasda deyib ki, “Müharibə və pandemiya səbəbindən 2020 iqtisadi cəhətdən də çox çətin bir il oldu. Çətinliklərin öhdəsindən gəlməyimizə imkan verəcək tədbirləri formalaşdırmalıyıq”.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda yaranmış vəziyyəti bərpa etmək lazımdır. “Biz aydın şəkildə göstərməliyik ki, 2021-ci il dönüş nöqtəsi olacaq… Bu il iqtisadi ambisiyalarımızın bərpası ili olacaq”, – deyə Ermənistan baş naziri vurğulayıb. O, ölkənin bir çox iqtisadi problemlə üzləşdiyini, bununla yanaşı bir çox fürsətin olduğunu deyib: “Əlbəttə ki, diqqətimizi ilk növbədə humanitar problemlərin həllinə yönəltməliyik.

Digər tərəfdən, 11 yanvarda Moskvada imzalanmış üçtərəfli bəyanatın və onun mümkün icrasının Ermənistan Respublikası üçün tamamilə yeni iqtisadi imkanlar yarada biləcəyini düşünürük. Bu fürsətlərdən maksimum dərəcədə istifadə etmək niyyətindəyik, təkrar edirəm, təkcə iqtisadi ambisiyalarımızı bərpa etmək deyil, həm də daha yüksək standartlar müəyyənləşdirmək üçün”.

Baş nazir 2021-ci ildə həyata keçirilən proqramların keyfiyyətinin 2022-ci ilin makroiqtisadi kontekstinə təsir göstərəcəyini qeyd edib. 2022-ci il üçün iqtisadi inkişafın ümumi proqnozlarını təqdim edən Ermənistanın maliyyə naziri Atom Cancuqazyan isə bildirib ki, pandemiyanın və Qarabağdakı müharibənin nəticələrinə görə büdcə prosesinin mümkün qədər tez müzakirə olunmasına başlamaq məsləhətdir.

Analitik Aşot Melikyan isə deyib ki, Paşinyanın təşəbbüsü ilə daha iddialı iqtisadi layihələr üzərində iş gedirdi: “Əlbəttə ki, pandemiya və ikinci Qarabağ müharibəsi bu məsələləri ləngitdi. Ancaq yalnız bu deyil. Dövlətin peşəkarlığının olmaması və dövlət idarəçiliyində təcrübənin olmaması da rol oynadı. Bəzi kadr dəyişiklikləri hələ ürəkaçan deyil. Bu səbəbdən yeni iqtisadi ambisiyaların yalnız yaxşı niyyətlərdən ortaya çıxması istisna deyil. Xüsusilə Paşinyanın komandası qarşısında başqa bir çox ciddi problemin – daxili siyasi böhran və bununla əlaqəli cəmiyyətdə meydana gələn etirazların olduğunu unutmayaq”.

Onun sözlərinə görə, müxalifət mövcud hökuməti hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi məğlubiyyət amilindən maksimum istifadə etmək niyyətindədir.

“Bu arada erməni cəmiyyəti hökumətin istefasını istəyir. Lakin tam əksəriyyət ölkənin nicatını bugünkü müxalifətin onurğa sütunu olan və ölkəni iyirmi il idarə etmiş qüvvələrdə görmür.

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 11 yanvarda Moskvada keçirilən görüşdə razılaşdırdıqları nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına gəlincə, hazırda buna ümidlər yalnız nəzəri cəhətdən mümkündür. İlham Əliyevin qələbədən sonra da hədə ilə danışması, hərbi əsirlərin “hər kəs hamı üçün” prinsipi ilə geri qayıtmamaqda inadkar olması bəzi məsələlərə ciddi mane olur. Üstəlik, Moskvanın bu məsələdəki  vasitəçilik fəaliyyəti nəqliyyat məsələləri də daxil olmaqla bütün digər problemlərin həlli üçün hələ ki kifayət etmir”, – deyə Melikyan bildirdi.

“Nezavisimaya qazeta”, 18 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*