Azərbaycan daha bir hiylənin üstünü açdı – Rəsmi Bakıdan SON ADDIMbackend

Azərbaycan daha bir hiylənin üstünü açdı - Rəsmi Bakıdan SON ADDIM

Xəbər verildiyi kimi, Ukraynanın Avropa Birliyindəki (AB) səfiri Vsevolod Çentsov “Politico”ya müsahibəsində dünya dövlətlərinə Vladimir Putinin Bakıda keçiriləcək COP29-a gələcəyi təqdirdə tədbiri boykot etməyə çağırış edib. Azərbaycan – Ukrayna arasındakı münasibətlər fonunda sözügedən dövlət rəsmisinin bu açıqlamanı verməsi ölkə ictimaiyyəti arasında təəccüb və təəssüf doğurdu.

Maraqlıdır, Ukrayna nümayəndəsinin belə bir çağırış etməsini Azərbaycana qarşı növbəti təxribat nümunəsi kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri Xəyal Bəşirov bildirib ki, COP29 ərəfəsində Azərbaycana qarşı təxribat xarakterli çıxışları erməni təsiri altında atılan addımlar kimi qəbul edirik:

“Əslində, bu tədbirin Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verəndə belə bu məsələ gündəmdə idi. O vaxt da ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Guya biz ermənilərə qarşı etnik təmizləmə aparmışıq və s. Bəzən Rusiya ilə olan əlaqələrimizi də ön plana çəkməyə çalışırdılar. Əgər bunlar belə idisə, niyə yekdilliklə Azərbaycanda tədbirin keçirilməsinə razılıq verirdilər? Deməli, bunlar bir plandır. İstəyirdilər ki, tədbir Azərbaycanda keçirilsin, dünyanın diqqəti ölkəmizə yönəlsin və bu zaman da təxribat xarakterli hücuma keçsinlər. Nəzərə almaq lazımdır ki, COP29 təkcə Azərbaycan xalqının və dövlətinin marağında olan tədbir deyil. Bu, bəşəriyyət üçün qlobal problemləri müzakirə etmək üçün platformadır. Buna görə də hər hansı ölkə liderinin Azərbaycana gəlməməsi bizə qarşı yox, ümumilikdə bəşəriyyətə qarşı atılan addımdır, problemə laqeyidlikdir. Hətta deyərdim ki, bu, həmin ölkənin xalqına qarşı da edilən hörmətsizlikdir.

Ekspert vurğulayıb ki, Azərbaycan kimlərinsə marağına görə Rusiya ilə düşmən olmayacaq:

“Rusiya ilə münasibəti bəhanə edib Azərbaycandakı qlobal səviyyəli tədbirdə iştirak etməmək cılızlıq və ikiüzlülükdür. Əminəm ki, Putin Azərbaycana gəlməsə belə, bəzi Qərb ölkələri başqa bəhanələr tapacaq. Azərbaycan – Ukrayna münasibətləri hamıya bəllidir. Müharibə başladıqdan bu günə qədər rəsmi Bakı Kiyevə dəfələrlə humanitar yardımlar göndərib. Hətta Azərbaycan Prezidenti İlham Əliyev Zelenski ilə bir neçə dəfə görüşmüş, onu COP29-a dəvət etmişdi. Əgər ölkəmiz Putini dəvət edib, Zelenskini çağırmasaydı, bunu fərqli tərzdə qələmə vermək olardı. Ölkəmiz qlobal əhəmiyyətli tədbir zamanı sülh çağırışları edir, silahların yerə qoyulmasını istəyir. Əgər Rusiya və Ukrayna liderlərinin hər ikisi Bakıya səfər etsə, bu, müharibə başladıqdan sonra hər iki prezidentin eyni zamanda iştirak edəcəyi ilk tədbir olacaq. Təbii ki, platforma sülh üçün şans ola bilər. Belə yanaşmaq əvəzində, biz fərqli münasibət götürürük”.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov isə açıqlamasında qeyd edib ki, Ukrayna rəsmisinin radikal açıqlaması təəssüf doğurdu:

“Ukraynanın Avropa İttifaqındakı təmsilçisinin məlum açıqlaması təəssüf doğurdu. O, sözügedən ifadəni səsləndirərkən Azərbaycan – Ukrayna münasibətlərini nəzərə almayıb. Birincisi, rəsmi Bakı müharibə aparan dövlətlərə çağırış edərək qlobal sülh təəssüfkeşliyinə imza atmağa çalışır. Ölkəmiz tərəflərin silahları yerə qoymasını istəyir. Digər tərəfdən, COP qlobal layihədir. Siyasi baxışından, mövqeyindən asılı olmayaraq hər kəs burada iştirak etməlidir. Vahid dünya naminə birləşmək lazımdır. Lakin fərqli mənzərə müşahidə edirik. Boğazdan yuxarı bəyanatlar vermək, siyasi məqsədləri bəhanə gətirərək tədbirdə iştirakdan imtina, sadəcə utancvericidir. Buna görə də vahid həmrəylik nümayiş etdirmək mümkün deyil”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*