Azərbaycan daha bir tarixi nailiyyətə imza atdı – ŞƏRHbackend

Azərbaycan daha bir tarixi nailiyyətə imza atdı - ŞƏRH

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

KONKRET.az xəbər verir ki, bununla da Azərbaycanın neft strategiyasında yeni uğurun təməli qoyuldu.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb. Bu səbəbdən də uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

Danışıqların əsası 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə iki ölkə arasında ekspert qrupunun yaradılması ilə qoyulub. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Prezident İlham Əliyevin Türkmənistana 2008, 2018 və 2019-cu illərdə etdiyi səfərlərdə, eləcə də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana 2008, 2010, 2015, 2017 və 2019-cu illərdə rəsmi və işgüzar gəlişində bu məsələlər ətraflı müzakirə edilib.

Müzakirələrdə yatağın “Dostluq” adlandırılması təsadüfi sayılmır. Belə ki, bu, iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir.

Beləliklə, Prezident İlham Əliyevin Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağı barədə verdiyi anons reallaşdı. Memorandumun imzalanması bu baxımdan tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Belə ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Eləcə də neft və qaz ixracatçısı olan ölkəmizin həm də tranzit dövlət kimi əhəmiyyətini artıracaq.

Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından da çox önəmli addımdır. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Yeri gəlmişkən, qeyd edək ki, bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Belə ki, sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Eyni zamanda, bu memorandum Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların həmin layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır.

Razılaşmanın əldə edilməsi Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə güclü töhfə verəcək.

Ekspertlər hesab edir ki, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığı daha da genişləndirəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*