Azərbaycan diplomatik cəbhəni gücləndirir: Mübarizə yükü diplomatiyanın üzərindədirbackend

Azərbaycan diplomatik cəbhəni gücləndirir: Mübarizə yükü diplomatiyanın üzərindədir

Azərbaycan diplomatiyası kadr islahatlarıyla müasir dövrün çağırışlarına uyğunlaşdırılır, regionda başlamaq üzrə olan yeni dövrün idarə edilməsinə hazırlanır; Ona görə də, diplomatiya sahəsi yeni geopolitik proseslərə birbaşa nəzarət baxımından, ən strateji fəaliyyət istiqamətlərindən birinə çevrilib…

Azərbaycan yeni inkişaf mərhələsindədir. 44 günlük müharibədəki tarixi zəfərdən sonra ölkə fərqli hədəflərə istiqamət alıb. Savaşın mövcud nəticələri ölkənin siyasi prioritetlərini də dəyişib. Çünki Dağlıq Qarabağ problemi daha mövcud deyil. Azərbaycan dövləti və ordusu bu problemi artıq həll edib.

Azərbaycan üçün bundan sonra əsas hədəflərdən biri yəqin ki, beynəlxalq siyasət məkanında öz mövqelərini daha da möhkəmləndirməkdən ibarət olacaq. Yəni, hərb meydanında qazanılmış tarixi zəfərin mövcud nəticələri siyasi-diplomatik manevrlərlə daha da gücləndiriləcək. Və bu istiqamətdə artıq olduqca qətiyyətli addımlar atılmaqdadır.

Azərbaycan Xarici İşlər Nazirliyində ciddi islahatların aparıldığı müşahidə edilməkdədir. Təbii ki, bu islahatlar vaxtilə ölkədə ciddi hadisələrin baş verdiyi bir dövrdə “evdə işləyən” keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun öz vəzifəsindən kənarlaşdırılması ilə başlayıb.
Məsələ ondadır ki, bu vəzifəyə təyin edildikdən sonra xarici işlər naziri Ceyhun Bayramov ilk növbədə bəzi ciddi problemləri həll etməli oldu.

Həmin problemlərin köklü xarakter daşıdığı isə Azərbaycan Prezidenti İlham Əliyevin yeni nazirlə görüşündə konkret vəzifələri sadalayarkən aydınlaşmışdı: “İlk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir”.

Ötən müddətə nəzər saldıqda, Prezident İlham Əliyevin qarşıya qoyduğu bu vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü şəkildə fəaliyyətin göstərildiyi diqqətdən yayınmır. XİN-də əvvəlki nazirin dövründə qurulmuş və nazirliyin maliyyə idarəsinin rəisi Lamiyə Canəhmədova tərəfindən idarə olunan “korrupsiya piramidası” artıq sıradan çıxarılıb. Dövlət büdcəsindən yayındırılmış iriməbləğli maliyyə vəsaitlərinin geri qaytarılması təmin olunub.

Eyni zamanda, XİN-də kadr islahatları da böyük sürətlə davam etməkdədir. Korrupsiyaya bulaşmış kadrlar ölkənin baş diplomatiya idarəsindən kənarlaşdırılır. Qeyri-peşəkar diplomatiya məmurları yeni dövrün çağırışlarına cavab verən kadrlarla əvəzlənir.

Xüsusilə də, Azərbaycanın xarici ölkələrdəki səfirlərinin dəyişdirilməsi prosesi böyük maraq doğurmaqdadır. Bu, bir tərəfdən XİN sisteminin ciddi şəkildə yenilənməsi istiqamətində müsbət dinamikanın davam etdiyini göstərir. Digər tərəfdən isə bu sistemin kadr potensialının kifayət qədər geniş olduğunu da təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İ.Əliyev xarici işlər naziri Ceyhun Bayramovla görüşərkən səfirlərin fəaliyyətindən narazı olduğunu qətiyyən gizlətməmişdi: “Bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür”.

Dövlət başçısının keçmiş nazirin fəaliyyət dövrünü əhatə edən iradları ilə bağlı məsələlər artıq tədricən öz həllini tapmağa başlayıb. Vəzifəsinin öhdəsindən gələ bilməyən səfirlər geri çağırılır və prezidentin sərəncamları ilə onları yeni kadrlar əvəzləyir.

Buna misal olaraq, Prezident İlham Əliyevin sərəncamları ilə Zaur Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, Eldar Səlimovun İordaniya Haşimilər Krallığında, Hüseyn Hüseynovun isə Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmasını göstərmək olar. Bu təyinatlar da təsdiqləyir ki, Azərbaycan XİN-in kadr potensialı kifayət qədərdir. Ancaq bu potensialdan daha doğru yararlanmaq vacibdir.

Yəni diplomatiya sahəsi ilk növbədə korrupsiyadan və qeyri-peşəkarlardan təmizləndiyi halda, Azərbaycan dövlətinə fayda verə bilər. Yeni səfirlərin təyinatına diqqət etdikdə, XİN-də artıq bu məsələlərə ciddi önəm verildiyi nəzərə çarpır. Belə ki, yeni səfirlərin bioqrafiyasında hər hansı “qaranlıq məqamlara” rast gəlinmir, üstəlik, onların hər birisi diplomatiya sahəsində ən azı 20 il çalışmış, böyük təcrübəyə malik peşəkarlardır.

İsveçə səfir təyin olunmuş Zaur Əhmədov uzun illərdir ki, XİN sistemində işləyir. O, vaxtilə mərhum Prezident Heydər Əliyevin tapşırığına əsasın bacarıqlı gənclər sırasından seçilib, diplomatiya sahəsinə cəlb olunub. Fəaliyyəti dövründə özünü doğruldan Z.Əhmədov Azərbaycanın Fransadakı səfirliyində çalışıb. Hüseyn Hüseynovun isə son 20 ərzində XİN-də fəaliyyət göstərdiyi, Eldar Səlimovun Birləşmiş Ərəb Əmirliklərində diplomatik xidmətdə olduğu bildirilir.

Göründüyü kimi, yeni səfir təyin olunmuş kadrların heç birisi bu sistemə kənardan gətirilməyib. Onların hər birisi uzun illər XİN sistemində işləyərək, peşəkar diplomat kimi formalaşıblar. İndisə, onların topladıqları böyük təcrübəni Azərbaycan dövlətinin beynəlxalq sahədə apardığı mübarizəyə yönəltməyin vaxtı çatıb.

Onu da nəzərə almaq lazımdır ki, bundan sonra əsas mübarizə yükü Azərbaycan diplomatiyasının üzərinə düşə bilər. Çünki Azərbaycan ordusu 44 günlük savaşda qələbə qazanmaqla, öz tarixi missiyasını artıq yerinə yetirib. Və ölkənin təhlükəsizlik maraqlarını qorumaqda davam edəcək.

Ancaq indi Azərbaycan XİN-in üzərinə daha böyük, hətta ağır vəzifələr düşəcək. Çünki Ermənistan hərb meydanında məğlub olsa da, beynəlxalq məkanda öz ənənəvi təxribatlarırını hələ də davam etdirir. Üstəlik, Ermənistanın siyasi-diplamatik təxribatlarına dəstək verən himayədarları da olmamış deyil.

Deməli, belə şəraitdə Azərbaycan XİN də siyasi-diplomatik savaşa maksimum səviyyədə hazır olmalıdır. Müşahidələr göstərir ki, XİN rəhbərliyi bu istiqamətdə öz fəaliyyətini intensivləşdirməkdədir. Xüsusilə də, siyasi-diplomatik prioritetlərə yenidən baxıldığı, kadr potensialının tədricən gücləndirildiyi nəzərə çarpır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti Ermənistan və onun himayədarları ilə ciddi mübarizənin davam etdiyi bir şəraitdə öz diplomatik korpusunu daha da gücləndirməkdə davam edir. Azərbaycanın diplomatiyası Cənubi Qafqazda başlamaqda olan yeni dövrün idarə edilməsinə hazırlanır. Regionun lider dövləti olan Azərbaycan üçün hazırda ölkə diplomatiyası yeni geopolitik proseslərə birbaşa nəzarət etmək baxımından, ən strateji fəaliyyət sahələrindən birinə çevrilib.

Son vaxtlar Azərbaycana qarşı xarici hücumlara verilən diplomatik reaksiyalar da göstərir ki, XİN yeni dövrün şərtlərinə uyğun fəaliyyət göstərməyə artıq tam hazırdır. Bu baxımdan, hesab etmək olar ki, Azərbaycanın beynəlxalq məkanda mövqelərinin daha da möhkəmləndirilməsi, regiondakı maraqlarının təmin edilməsi istiqamətində göstəriləcək siyasi-diplomatik fəaliyyət effektiv xarakter daşıyacaq.

Bütün bunlar həm də Prezident İlham Əliyevin diplomatik korpus qarşısında qoyduğu vəzifələrin icrası istiqamətində ciddi fəaliyyətin göstərildiyini də təsdiqləyir. Və yaxın gələcəkdə Azərbaycana beynəlxalq və regional məkanlarda önəmli siyasi-diplomatik üstünlüklər vəd edir.

Elçin XALİDBƏYLİ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*