Azərbaycan dünyanı “Yaşıl ev”də birgə yaşamağa səsləyirbackend

Azərbaycan dünyanı “Yaşıl ev”də birgə yaşamağa səsləyir

Antropegen təsirlər nəticəsində dünyamız ağır durumla üz-üzə qalıb. Çox təəssüf ki, iqlim dəyişikliyi neqativ istiqamətdə inkişaf edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 8 milyon insan ekoloji amillər üzündən həyatını itirir. Nə yazıq ki, hazırda atmosferə ən çox karbon emissiyaları buraxan ölkələr dünyanın ən inkişaf edən dövlətləridir. Məsələn, Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton, Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Yaponiya isə 1,170 milyard ton CO2 emissiyası buraxır.

XXI əsrdə nəqliyyat sektorunda İXQ emissiyaları digər sektorlara nisbətən mütləq şəkildə daha çox artıb. 2021-ci ildə Aİ-nin bütün nəqliyyatı İHQ emissiyalarının (daxili nəqliyyat və beynəlxalq bunkerlər daxil olmaqla) 76%-ni buraxır. Üzv dövlətlərdə mövcud və planlaşdırılan tədbirlərin əksəriyyəti avtomobil nəqliyyatına yönəldiyi üçün bu pay avtomobil nəqliyyatı digər nəqliyyat növləri ilə müqayisədə daha sürətli karbonsuzlaşdığından azalacağı gözlənilir. 2030-cu ilə qədər ən böyük artımlar aviasiya sektorunda, ondan sonra isə beynəlxalq dəniz nəqliyyatında proqnozlaşdırılır, çünki bunlar milli siyasətlərdə prioritet deyil.

Ekoloji tarazlığın pozulduğu ölkələrdən biri də Azərbaycandır. Bunun da acı tarixi var. Bildiyimiz kimi SSRİ dönəmində təbii sərvətlərdən qeyri-səmərəli istifadə edilirdi. Bu isə digər sahələrlə yanaşı, ekoloji sahədə də çox ciddi problemlər yaradırdı. Təəssüf ki, o zamanlar ekoloji problemlər prioritet deyildi. Ona görə də SSRİ-dən müstəqil Azərbaycana böyük ölçüdə ekoloji problemlər qalmışdı. Xüsusən də, neft hasilatı zamanı böyük ərazilərdə torpaqlar neftlə çirklənirdi. Bakı ətrafındakı neft gölməçələri yəqin ki, xatirinizdədir. Hələ açıq dənizə buraxılan neft tullantılarını demirəm. Müstəqilliyimizin ilk illərində Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də yığılıb qalmış ekoloji problemlərin həlli idi.

Qeyd edək ki, bu sahədə ilk böyük addım 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” bağlanarkən atıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müqavilə iştirakçıları qarşısında ekoloji tarazlığın pozulmaması və qorunması əsas tələb kimi qoyuldu. Yada salaq ki, buna qədər Azərbaycan 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına qoşulmuşdu. 1997-ci ildə isə Kyoto protokolu imzalandı. Amma Azərbaycanda hələ “Əsrin müqaviləsi”ndən sonra ekoloji sahələrdə nəhəng layihələrin icrasına başlanılmışdı. Neftlə çirklənmiş minlərlə hektar ərazi müasir texnologiyalar vasitəsi ilə neft tullantılarından təmizləndi. 90-cı illərin əvvəllərindən başlanan ekolayihələr 1997-ci ilin Kyoto protokolundan sonra yeni müstəviyə çıxarıldı.

İlham Əliyev və ekologiya

Ekoloji məsələlərin sırf dövlət və cəmiyyət üçün prioritet olması üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il “Ekologiya ili” elan edildi. Bu faktın özü Azərbaycanın ekoloji problemlərə konseptual yanaşmasının göstəricisi idi. Məhz 2010-cu ildə ekoloji sahədə qlobal layihələrin icrası istiqamətində yeni səhifə açıldı. Həmin ildə çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıq zolaqlarını salınması və ətraf mühitin mühafizəsi sahəsində çox böyük işlər görüldü.

Ənənəvi enerji istehsalı sahələri ilə paralel olaraq, alternativ enerji mənbələrinin yaradılmasına başlanıldı. Bundan başqa, istehsal sahələrində formalaşan və istixana qazı effekti yaradan qazların azaldılması üçün beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələrin icrasına start verildi. “Ekologiya ili” çərçivəsində görülən işlər həm də növbəti illərdə bu sahədə görüləcək işlər üçün bir platforma oldu. 2010-cu ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı SOCAR da ekoloji sahədə böyük uğurlara imza atdı. Belə ki, neft-qaz sahəsində yaranmış tullantıların utilizasiyası və onların emalı kompleks şəkildə təşkil edildi.

Beynəlxalq əməkdaşlıq və uğurlar

Məlumdur ki, Azərbaycan höküməti yeniliklərə hər zaman açıqdır. Məhz buna görə də dünyada ekologiya sahəsində uğurla sınaqdan keçən əksər layihələr ölkəmizdə də davamlı şəkildə tətbiq edilir. Məsələn, 2015-ci ildən Azərbaycanda BMT-nin İnkişaf Proqramı ilə birgə yeni layihənin icrasına başlanıldı. Bu “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasının təmin edilməsi istiqamətində Milli Fəaliyyət proqramı” idi. Bu layihə özündə 3 istiqaməti – nəqliyyat, enerji səmərəliliyi və səmt qazının yığılmasını birləşdirirdi.  Layihə 5 il müddətində icra olundu. İcra müddətində biz uğurlu nəticələrə nail olundu. Layihənin uğurlu olması bunun digər sahələrdə tətbiqinə də maraq yaratdı. Son 4-5 ildə buna bənzər bir sıra layihələr icra edilib. Bu gün Azərbaycan hökümətinin qarşıya qoyduğu hədəf enerji itkisinin qarşısının alınmasıdır. Çünki enerji itkisinin qarşısının alınması enerji ehtiyatlarına qənaət deməkdir. Əldə olunan digər bir uğur isə səmt qazının idarə olunmasıdır. Azərbaycan beynəlxalq təcrübəyə əsaslanaraq səmt qazından bu gün çox səmərəli istifadə edir.

COB29-a hansı uğurlarla gedirik?

Bütövlükdə götürəndə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpası Azərbaycan höküməti üçün hər zaman prioritet olub. Təsadüfi deyil ki, 2024-cü il ölkə başçısının müvafiq sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu münasibətlə ötən 7 ayda Azərbaycanda müxtəlif ekoloji layihələr həyata keçirilib. Xüsusən də işğaldan azad olunmuş bölgə “yaşıl enerji” siyasəti üzərində qurulur. Bundan əlavə, Azərbaycan dünyanın ən iri “yaşıl enerji” ixracatçılarından bir olmağı hədəfləyir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, 28 COP tədbirindən yalnız 4-ü tarixdə iz buraxıb:

“Yəqin ki, COP29 da hansısa qərarla, paktla və yaxud protokolla tarixə düşəcək. Əslində bunun üçün kifayət qədər əsas var. Əsas isə ondan ibarətdir ki, bütün Konvensiya üzvləri yaşıl enerjiyə keçidi bəyan etsin. Və bununla bağlı hər bir üzv dövlət üzərinə müəyyən öhdəlik götürsün. Beləcə, Bakı COP tədbirləri çərçivəsində tarixə düşəcək 5-ci hadisə ola bilər. Bunun da həm ölkəmiz, həm də cəmiyyətimiz üçün çox böyük siyasi-iqtisadi və mənəvi əhəmiyyəti var.

Nəzərə alaq ki, Dubayda keçirilən COP28 tədbirindən sonra dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 50 milyard dollar civarında vəsait ayırdı. Gözlənilən odur ki, COP29-dan sonra bu rəqəm ən azı 2 dəfə artsın. Çünki Bakıda keçirilən tədbirdə təkcə söz yox, həm də ortaya konkret faktlar qoyulacaq. Tək bir faktı deyək ki, Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kilovatsaata çatıb.

Bundan başqa, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 min Mvt dəyərləndirilir. Bu da onu göstərir ki, Azərbaycan yaşıl enerjinin istehsalı və ixracı istiqamətində dünya ölkələrinə yeni imkanlar təqdim edəcək. Bununla da COP tarixinə Azərbaycan öz çağırışı ilə düşəcək. Əminliklə demək olar ki, məhz yaşıl enerjiyə keçidlə bağlı Bakı paktı, Bakı sazişi imzalanacaq. Bununla da Bakı qlobal iqlim dəyişikliyinə verdiyi nəhəng töhfəsi ilə onilliklər boyu tarixdə qeyd ediləcək, xatırlanacaq.

Çərçivə Konvensiyasının üzv dövlətləri Bakı sammitindən sonra ənənəvi enerjidən imtina edərək alternative enerji istehsalına keçid üçün çox böyük həcmdə investisiya yatıracaqlar. Bakıya gələn bütün qonaqlar yaşıl enerjiyə keçidin Azərbaycan formulunu öyrənəcək və öz ölkələrində onun tətbiqinə çalışacaqlar. Belə olacağı təqdirdə COP29-dan sonra iqlim dəyişikliyi ilə mübarizəyə dünya ölkələrinin yönəltdikləri vəsait 10 yox, 100 milyardlarla hesablanacaq. Bu da COP29-un sivilizasiyaya verəcəyi ən böyük töhfə olacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*