“Azərbaycan Ermənistan ərazisindən yüklərin daşınmasını qəbul etməyəcək” – Bakının cavabı sülhməramlılara necə təsir göstərəcək? – ÖZƏLbackend

"Azərbaycan Ermənistan ərazisindən yüklərin daşınmasını qəbul etməyəcək" - Bakının cavabı sülhməramlılara necə təsir göstərəcək? - ÖZƏL

“Əgər söhbət bizim ərazimizdə yerləşdirilən sülhməramlılardan gedirsə, burada əsas söz sahibi Azərbaycan olmalıdır. Proses vahid formada təşkil edilməlidir. Təminat Rusiya tərəfindən həyata keçirilsə də, Azərbaycan buna logistikdəstək verə bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov səsləndirib. O bildirib ki, Laçın postunda baş verən insidentdən sonra araşdırmalara başlanıldı. Buna rəğmən postun humanitar məqsədlər üçün açıq olduğu bəyan edildi: “Lakin sülhməramlıların fəaliyyəti üçün zəruri olan malların, texnika və şəxsi heyətin daşınması Azərbaycan ərazisi vasitəsi ilə həyata keçirilməlidir. Əgər söhbət bizim ərazimizdə yerləşdirilən sülhməramlılardan gedirsə, burada əsas söz sahibi Azərbaycan olmalıdır. Proses vahid formada təşkil edilməlidir. Təminat Rusiya tərəfindən həyata keçirilsə də, Azərbaycan buna logistik dəstək verə bilər. Lakin rəsmi Bakı heç bir halda Ermənistan ərazisindən yüklərin daşınmasını qəbul etməyəcək. Burada Azərbaycanın prinsipiallığı həm beynəlxalq hüquqa söykənir, həm də sülhməramlılarla bağlı beynəlxalq qaydalara uyğundur”.

Politoloqun sözlərinə görə, Azərbaycanın Rusiya tərəfinə verdiyi cavab məntiqlidir: “Burada Azərbaycanın öz ərazisi üzərində dominantlığı əks olunub. Digər tərəfdən, sülhməramlılar da bu cavaba açıq və səmimi yanaşmalıdırlar. Hansısa güc tətbiqi, yaxud neqativ hallar törətmək çıxış yolu deyil. Rəsmi Bakı hər zaman konstruktiv mövqedən çıxış edir. Bunun arxasında həm diplomatik münasibətlərin qurulmasına dair əlverişli baza, həm beynəlxalq hüququn norma və prinsipləri, həm də regional sülh, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək niyyəti dayanır. Bu niyyət dəfələrlə açıq şəkildə ifadə olunub. Düşünürəm ki, sülhməramlılar Azərbaycanın bu təklifini qəbul edərək göstərilən marşrut üzrə hərəkət edəcəklər. Hansısa digər yanaşma və tezislər bu məsələdə keçərli olmayacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*