Azərbaycanın hakim siyasi dairələrində Ermənistanın bu böyük və əvəzsiz yardımı düzgün dəyərləndirə bilməyəcəyini də anlamamış deyillər; Ancaq rəsmi Bakı istənilən halda, erməni nankorluğu ucbatından bütün regionun inkişaf şanslarının boşa çıxmasını istəmir…
Savaşın nəticələri məlum olsa da, regionda davamlı sülh prosesinin nə vaxt geriyədönməz xarakter ala biləcəyi hələlik tam aydınlığı ilə məlum deyil. Bu prosesin ön plana keçirilməsinə mane olan bir sıra önəmli problemlər hələ də qalmaqdadır. Və növbəti mərhələ böyük ehtimalla bu problemlərin həllinə yönəlik cəhdlərlə yüklənmiş olacaq.
Əsas problemlərin sırasında Ermənistanda yaşanan ölkədaxili siyasi böhran xüsusi yer tutur. Ermənistan cəmiyyəti ciddi şəkildə parçalanıb. Paşinyan hakimiyyəti ölkəyə tam nəzarət edə bilmir. Müxalif revanşist qüvvələr savaşda məğlubiyyət mövzusunu siyasi mübarizənin əsas alətinə çeviriblər. Bu isə Paşinyan hakimiyyətinin “siyasi labirint”də qalmasına və fəaliyyət imkanlarının məhdudlaşmasına yol açır.
Digər tərəfdən, Ermənistandakı siyasi böhran Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədəki situasiyaya da təsir edir. Bu bölgədə erməni separatçıların yenidən baş qaldırmaqla, Ermənistandakı revanşist siyasi qüvvələr üçün manevr imkanları açmağa çalışırlar. Və bu, regional sabitliyə, eləcə də, davamlı sülhün təmin edilməsinə müəyyən əngəllər törədir.
Eyni zamanda, Ermənistandakı hərbi-siyasi böhran fərqli şərtlərin ön plana keçdiyi regionda yeni mərhələyə sürətli keçidi çətinləşdirir. Geopolitik və geoiqtisadi prosesləri nisbətən ləngidir. Və bu, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin maraqlarına cavab verir.
Hər halda, regionda keçmişə yönəlik geopolitik proseslərin bərpasına cəhd göstərildiyi inkaredilməz reallıqdır. Hətta Azərbaycan ordusunun artıq həll etdiyi problem ətrafında belə, artıq əhəmiyyətini itirmiş məzmunda müzakirələrin açılmasına yönəlik cəhdlər var.
Hər halda, ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin xarici işlər naziri Ann Lindenin regiona göndərilməsi belə düşünməyə əsas verir. Ancaq ATƏT sədrinin məxsusi olaraq, “Dağlıq Qarabağ münaqişəsi”ni müzakirə etmək missiyası ilə təşrif buyurması istər-istəməz təəccüb doğurur. Çünki, artıq belə bir münaqişə və ya problem reallıqda mövcud deyil. Və belə bir mövzunun səfər missiyana çevrilməsi keçmişə qayıdış cəhdindən başqa bir şey deyil.
Təbii ki, rəsmi Bakı qətiyyən 30 il davam edən qaranlıq keçmişə dönməyə həvəsli deyil. Əksinə, regionda maraqları olanlara gələcəyə yönəlik daha perspektivli təklifləri var. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasında açıq məzmunla yer alır.
Prezident İlham Əliyev “Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir” deyib.
Azərbaycan Prezidenti bu açıqlama ilə rəsmi Bakının sözünə sadiq qaldığını qabartmış olur. İmzalanmış anlaşmaya tam şəkildə riayət etdiyini göstərir. Və eyni davranışı rəsmi İrəvandan da gözlədiyinə dolayısı eyham vurmuş olur.
Eyni zamanda, Prezident İlham Əliyev regionda davamlı sülhün tərəfdarı olduğunu da açıq şəkildə vurğulayıb: “Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”.
Belə anlaşılır ki, rəsmi Bakı regionda davamlı sülhün reseptini artıq tam dəqiqliyi ilə müəyyən edə bilib. Regionda qarşılıqlı münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasına, eləcə də, Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılmasına regional sabitliyin qarantı kimi baxılır.
Göründüyü kimi, Azərbaycan Prezidenti hazırda rəsmi Bakının savaş planları qurması üçün elə bir ciddi səbəbin qalmadığını qətiyyən gizlətmir. Əksinə, son savaşda qarşıya qoyulan bütün hədəflərə çatıldığına, hətta BMT TŞ və ATƏT kimi nüfuzlu beynəlxalq qurumların 30 il ərzində aciz qaldığı problemlərin də həllinə nail olunduğuna eyham vurur.
Bütün bunlar onu göstərir ki, rəsmi Bakı ATƏT-in iştirakı ilə hər hansı müzakirə mərhələsinin başladılmasına həvəsli deyil. Üstəlik, artıq həllinə nail olunmuş məsələlər ətrafında müzakirələrin onun iştirakçılarını keçmişə götürə biləcəyindən əmindir. Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdə “İndi biz diqqəti gələcəyə cəmləşdirməliyik” deməsi də elə bu əminliyin ifadəsidir. Və həm də dolayısı ilə “regionu keçmişə qaytarmağa cəhd göstərməyin” mesajıdır.
Azərbaycanın bütün regionu daha perspektivli gələcəyə götürmək üçün konkret təklifləri var. Birincisi, rəsmi Bakı regiona sülhü gətirəcək model təklif edir, bu bölgədə “müharibə səhifəsi”nin tamamilə qapadılmasını vacib hesab edir.
İkincisi, Ermənistan ilə davamlı sülhün yeganə sərfəli variantını gündəmə gətirir. Yəni iki dövlət arasında kommunikasiya xətlərinin açılmasını təklif edir.
Onu da qeyd edək ki, Azərbaycana qarşı revanşist əhval-ruhiyyədə olan Ermənistan üçün bu, əslində, qarşılaşa biləcəyi ən sərfəli təklifdir. Çünki, yeni savaş başlasa, Ermənistan daha ağır məğlubiyyətin sarsıdıcı nəticələri ilə üzləşə bilər. Rəsmi Bakı isə savaşmaq əvəzinə sülh və qarşılıqlı anlaşma modelini gündəmə gətirir. Əgər, rəsmi İrəvan bu modelə həssas yanaşarsa, kommunikasiya xətlərinin açılmasından Ermənistan ən çox faydalana biləcək ölkəyə çevriləcək.
Çünki Ermənistan ilə kommunikasiya xətlərinin açılması Azərbaycan üçün elə bir ciddi mənfəət vəd etmir. Ermənistan sosial-iqtisadi inkişafdan ciddi şəkildə geri qalmış bir ölkədir. Üstəlik, bu ölkədə hələ də “daxili böhran zənciri” real təhlükə olaraq, qalmaqdadır. Xüsusilə də, hərbi-siyasi böhrana paralellik təşkil edən sosial və maliyyə-iqtisdi böhran Ermənistanın gələcəyini real təhlükə altına sala bilər. Üstəlik, bu sıraya savaşdan sonra ciddi şəkildə aktuallaşmağa başlayan humanitar böhranı da əlavə etdikdə vəziyyətin təhlükəli səviyyədə olduğu aydınlaşır.
Belə çıxılmaz bir vəziyyətdə Azərbaycanla kommunikasiya xətlərinin açılması Ermənistana ayaqda qalmaq, öz mövcudluğunu qorumaq baxımından “oksigen yastığı” rolunu oynaya bilər. Yəni indiki situasiyada kommunikasiya xətlərinin açılması rəsmi İrəvanın maraqlarına birbaşa cavab verir.
Belə anlaşılır ki, Ermənistan Azərbaycanla savaşmaq niyyətindən hələ də tam imtina etməyib. Halbuki bu dəfə savaş Ermənistanı ümumiyyətlə, regionun xəritəsindən silə bilər.
Azərbaycan isə bunun qarşılığında tamamilə fərqli mövqe tutur. Rəsmi Bakı Ermənistanın xilas edilməsi prosesində birbaşa və avanqard rol almağa cəhd göstərir. Üstəlik, rəsmi Bakı Ermənistanın bu böyük və əvəzsiz yardımı düzgün dəyərləndirə bilməyəcəyini də anlamamış deyil.
Ancaq rəsmi Bakı üçün regional sülh və sabitlik gələcək inkişaf perspektivləri baxımından, önəmlidir. Azərbaycan erməni nankorluğu ucbatından bütün regionun inkişaf şanslarının boşa çıxmasını istəmir. Və əsas hədəf olaraq, qarşısına regionda geoiqtisadi layihələrin önünü açmaq vəzifəsini qoyub.
Elçin Xalidbəyli