“Azərbaycan əsilli ukraynalılar çox fəaldılar və irəliləmək üçün yaxşı şansları var” – Ukraynalı nazirbackend

"Azərbaycan əsilli ukraynalılar çox fəaldılar və irəliləmək üçün yaxşı şansları var" - Ukraynalı nazir

Ukraynanın Gənclər və idman naziri Vadim Qutsayt report-a müsahibə verib.

KONKRET.az həmin müsahibəni təqdim edir:

– Ukrayna Azərbaycan ilə əməkdaşlıqda yeni strateji müstəviyə keçib. Bu, gənclər siyasəti kontekstində özünü necə göstərir və göstərəcək? Bu sahədə hansı çatışmazlıqlar var?

– Geniş mənada danışsaq, biz artıq yeni siyasətə keçid etmişik. Gənclər siyasətinin həyata keçirilməsi üzrə ilkin mərhələnin təhlilini etdiyimizdən və gənclərin potensialını Ukraynada aça biləcəyini hiss etməsi üçün imkanlar yaratmağın zəruriliyi nəticəsinə gəldiyimizdən bu il yeni sənədlər təsdiqləmişik. Bu, beynəlxalq gənclər əməkdaşlığına və ölkəmizdə yaşayan gənclərin öz aralarında əməkdaşlığına aiddir. Biz heç bir halda onları kateqoriyalara bölmürük. Amma anlayırıq ki, gənclərin hər bir kateqoriyasının yardımımızı hiss etməli olduğu şərait yaratmalıyıq.

– Ukraynada azərbaycanlı gənclərin təşkilatlanmasını necə qiymətləndirərdiniz? Ümumiyyətlə, azərbaycanlıların ölkə həyatının bütün sahələrindəki fəallığı sizi nə dərəcədə qane edir?

– Biz müxtəlif ictimai təşkilatlarla işləyirik. İlk növbədə böyük birliklərlə əməkdaşlıq edirik. Bizim ölkədə belə iki təşkilat var və onlardan biri Ukrayna Milli Gənclər Şurası, biri də Ukrayna Azərbaycanlı Gənclər Birliyidir. Birlik məhz bu Şuranın üzvüdür. Onlar bu böyük birgə layihədə iştirak etməklə gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı müxtəlif proseslərdə iştirak edirlər. Bu, ilk növbədə, ictimai təşkilatların müxtəlif tədbirlərində, müsabiqələrində, gənclər mübadiləsində və s. iştiraka aiddir. Ən əsası isə gənclərin aktual problemlərinin həlli ilə bağlı qərar qəbulu prosesində iştirak edirlər. 2021-ci ildə Ukrayna üçün çox vacib sənədlər – “Gənclər siyasətinin əsas prinsipləri haqqında” qanun, qarşıdakı 10 il üçün Milli Gənclər Strategiyası, 2025-ci ilə qədər olan dövr üçün “Ukrayna gəncliyi” yeni dövlət proqramı qəbul olunub. Özümüz üçün hansı yönə irəliləyəcəyimizi, prioritet məsələləri müəyyənləşdirmişik.

Biz bütün gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Tarixi vətənləri ilə əlaqələri davam etdirən ukraynalılar, milli gənclər birlikləri barədə danışsaq, Ukrayna Azərbaycanlı Gənclər Birliyi bu baxımdan ən fəal təşkilatlardan biridir. Onlar müxtəlif forumlar təşkil edirlər, müəyyən siyasi aksiyalarda iştirak edirlər. Fəaliyyətləri aşkar görünür.

– Ukraynada kifayət qədər saya malik olan Azərbaycan gənclərinin ölkənin seçki orqanlarında ya yetərincə təmsil olunmadığı, ya da ümumiyyətlə, təmsil olunmadığı iddiaları var. Sizcə, vəziyyətin belə olmasının səbəbi nədir?

– Bu, təkcə azərbaycanlı gənclərə aid məsələ deyil. Bizdə gənclərin siyasətə gəlişi məsələsi problemlidir. Ukraynada seçki sistemi qarışıqdır, amma heç bir halda milli icmalara kvota yoxdur. Haşiyəyə çıxaraq deyim ki, yeni konsepsiyamıza görə, bizdə milli azlıqlar yox, artıq milli icmalar var. Kvota olmadığına görə də istər Azərbaycan, istər rus, istərsə də yəhudi əsilli ol, fərqi yoxdur, seçilmək üçün siyasətə inteqrasiya olmalısan. Məncə, belə sualları ilk növbədə azərbaycanlı gənclərin özlərinə verməlisiniz. Artıq qeyd etdiymiz kimi, Azərbaycan əsilli ukraynalılar çox fəal olduqlarından onların təşkilat kimi qarşılarına qoyduqları məqsədlərinə çatmaq, irəliləmək baxımında yaxşı şansları da var. Amma siyasətin formalaşmasında və yerli və milli səviyyədə dövlət idarəetməsində nə dərəcədə iştirak etmək istəmələri fərdi olan bir şeydir. Dövlət Proqramı gənclərin ölkənin ictimai həyatında fəal iştirak etmələri, dövlət prosesləri, siyasi sistem institutlarının fəaliyyət mexanizmi və qarşılıqlı əlaqəsi ilə tanış olmaq bacarıqlarının səviyyəsini yüksəltmək vəzifələrini müəyyən edir. Sonradan Ukrayna vətəndaşının bundan necə istifadə etməsi onun şəxsi işidir. Dediyimiz kimi, milli icmalara kvota olmadığından fərd ya partiyalar səviyyəsində,ya da yerli seçkilərdə namizədliyini irəli sürməklə siyasi proseslərə inteqrasiya olmalıdır. Gənclərin siyasətdə təmsil olunma məsələsinə gəlincə, ölkə faiz göstəricisi çox aşağıdır. Ona görə də bu sahədə işi davam etdirməliyik. Bizdə olan bilgiyə görə, Azərbaycan icmasının üzvləri yerli səviyyədə təmsil olunurlar. Dəqiq saylarını və hansı sahələrdə olduğunu deyə bilmərəm, amma dəqiq təmsil olunurlar.

– Hazırda ciddi islahatlar dövrü keçdiyi bildirilən Ukraynada gənclər siyasəti ilə bağlı hansı konkret addımlar atılır?

– Yuxarıda da qeyd etdiyim kimi, bizdə gənclər siyasətində transformasiya olub və müəyyən strateji sənədlər qəbul edilib. Mövcud bazanı yaxşılaşdırmağa və gənclərlə iş yanaşmalarına yenidən baxmağa çalışmışıq. Diqqəti bir neçə məqama ayırmışdıq. Buraya ilk növbədə müxtəlif kateqoriyadan olan gənclərlə bilavasitə əlaqədə olan effektiv gənclər mərkəzləri ilə iş daxildir. İkincisi, bilvasitə gənclərlə işləyən keyfiyyətli mütəxəssislər, peşəkarlar məsələsidir. Belə insanların sayı çoxdur. İstəyimiz onların müasir dünyanın çağırışları ilə ayaqlaşmasıdır. Eyni zamanda müxtəlif kateqoriyadan olan gənclərə informasiya çatdırmağın effektiv yollarına xüsusə diqqət ayrılıb. Axı şəhərdə yaşayan gənclə kənddə yaşayan gənc fərqli adamlardır. Şəhərli gənci nə isə barədə məlumatlandırmaq üçün internetdən istifadə etmək kifayətdirsə, kənddəki gənc üçün başqa metodlar lazım gəlir. Bundan başqa, könüllülük məsələsinə diqqət ayırmışıq. Proqramımızın əsas məqsədi gənclərin ölkənin ictimai həyatında daha fəal rol oynamasını təmin etməkdir.

– Ukraynalı gənclərin ölkəni fəal şəkildə tərk etməsi xeyli müzakirə olunur. Bu tendensiyanın qarşısını almaq üçün nə etmək lazımdır?

– Gənclərin ölkədən ayrılmasını onların xaricdə şəraitin, təhsil səviyyəsinin daha yüksək olduğunu, daha çox iş yeri olduğunu düşünməsi ilə izah edə bilərəm. Onlar bunu gələcəkləri üçün əmin olmağa görə edirlər. Çünki insan şəxsi tələbatlarını ödədikdən sonra ictimai rifah barədə düşünməyə başlayır. Elə etmək lazımdır ki, onlar potensiallarını Ukraynada reallaşdıra biləcəklərinə inansınlar. Güclü infrastrukur, səhiyyə, yüksək məşğulluq olduğunu görməlidirlər. Biz onların xaricə getməsinə qarşı deyilik, qoy yeni biliklər, təcrübə qazansınlar, amma geri qayıtmalarını, təkcə özlərinin yox, övladlarının da Ukraynada yaşamasını istəyirik.

– İdman sahəsinə keçək. Ukrayna bu il Olimpiadada və futbol üzrə Avropa Çempionatında ciddi müsbət nəticələr göstərdi. Yeri gəlmişkən, Ukraynanın Olimpiadadakı ən uğurlu təmsilçilərindən biri milliyyətcə azərbaycanlıdır. Bu nəticələr birdən-birə necə əldə edildi? Nə səbəb oldu?

– Bəli, Avropa Çempionatları tarixində ilk dəfə ən güclü 8 komanda arasında yer aldıq. Amma buna qədər Dünya Çempionatında 1/4 finalda oynamışdıq. Bu, komandanın, federasiyanın, ayrı-ayrı oyunçuların, məşqçilərin uğurudur. Nəticə bir gündə olmur, onu əldə etmək üçün illərlə çalışmaq lazım gəlir. Bax elə həmyerliniz Pərviz Nəsibov da ilk dəfə ciddi uğur əldə etdi. Ona inandıq, son lisenziya turnirinə apardıq, turniri qazanıb lisenziyanı əldə etdi, axırda da Tokioda gümüş medal qazandı.

– Mənim sualıma qayıdaq. Nə üçün daha əvvəl futbolda belə uğur olmurdu?

– Buna cavab verdim axı. Nəticə havadan qazanılmır. Uzun müddət çalışdıqdan sonra bu il nəticə verdilər. Hər şeyin öz zamanı var.

– Bəs Andrey Şevçenko niyə yığmanın baş məşqçisi postundan ayrıldı?

– Bu, onun şəxsi qərarı idi və federasiya ilə aralarında olan məsələdir. Çünki Şevçenkonun müqaviləsi nazirliklə yox, Ukrayna Futbol Federasiyası ilə idi.

– Son illərdə peşəkar Ukrayna idmançıları ölkəni tərk edərək digər ölkələri, o cümlədən Azərbaycanı təmsil ediblər. Yeri gəlmişkən, İrina Kindzerska Olimpiadada cüdoda gümüş medal qazandı. Ölkədən bu axının qarşısını necə almağı düşünürsünüz?

– İnsan gedirsə, bu, onun şəxsi işidir. Bildiyim qədərilə, İrina xoşbəxtliyini Azərbaycanda tapıb və orada ailə qurub.

– Mariya Stadnik barədə nə deyə bilərsiniz?

– Mariya 10 ilə yaxındır Azərbaycanın şərəfini qoruyur. O, Azərbaycanı seçib, bir başqası da digər ölkəni seçir. Bir çox idman növlərində başqa ölkəni seçən insanlar var. Bu, hər kəsin şəxsi işidir.

– Azərbaycanla əməkdaşlıqda, o cümlədən idman sahəsindəki qarşılıqlı əlaqələrdə yeniliklər gözlənilirmi?

– Əfsus ki, vəfat etmiş sabiq idman naziri ilə yaxından dostluq edirdik. Azərbaycan Olimpiya Komitəsinin 15 illiyi ilə bağlı tədbirdə də prezidentin dəvəti ilə iştirak etmişəm. Azərbaycan ilə bizi dostuq əlaqələri birləşdirir. Qılıncoynatma komandanız Ukraynaya təlim-məşq toplanışına gəlir, vacib tunirlərə hazırlaşır. Bizdə bir-biri ilə qarşılıqlı işləyən federasiyalar var, onlar bir-birini təlim-məşqə çağırır, birgə məşqlər keçirirlər.

– Yeni nazirlə əlaqəniz olubmu?

– Xeyr, hələ belə imkan olmayıb.

– Hansısa qarşılıqlı səfərlər gözlənilirmi?

– Hələ bu barədə heç nə müzakirə olunmayıb. Azərbaycan ilə Ukrayna arasında hökumətlərarası səviyyədə gənclər siyasəti və idman sferasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu saziş çərçivəsində hətta tədbirlər planımız da var idi. Amma 2020-ci ildə pandemiyanın yayılması ilə əlaqədar hər şey dondu. İndi də pandemiyaya görə əlaqələr çox azalıb. Bu gün Azərbaycan Ukrayna vətəndaşlarının səfərləri üçün təəssüf ki, bağlıdır. Çünki Azərbaycan üçün Ukrayna qırmızı zonadadır. Hökumətin nümayəndə heyəti üçün müəyyən istisnalar ola bilər, amma ümumi durum belədir. İndi saziş çərçivəsində yeni tədbirlər planı üzərində işləyirik.

Pandemiya planlarımıza ciddi təsirlər göstərib, müəyyən layihələr hələ də təşəbbüs formasında qalmaqdadır. Azərbaycanın Gənclər Təşkilatları Milli Şurası 2019-cu ilə qədər çox fəail idi, Ukraynada çox sayda layihə həyata keçirirdi. 2020-ci il gələndən əlaqələr də kəsilib.

Azərbaycan gənclərinin təmsil olunması ilə bağlı məsələyə bir əlavə etmək istəyirəm. Onların yerli səviyyədə təmsil olunduğunu demişdim. Buna ən yaxşı nümunələrdən biri Kiyev Şəhər Şurasında deputat olan Dinara Həbibullayevadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*