“Freedom House” – yəni “Azadlıq Evi”. Mənzil qərargahı Vaşinqtonda yerləşən, demokratiya və insan hüquqları sahəsində formalaşan bu Qeyri Hökumət Təşkilatının (QHT) İlk baxışdan adının qarşılığını verdiyini düşünmək olar. Lakin təşkilatın fəaliyyət prinsipləri və sərgilədiyi mövqe ilə tanış olduqda düşüncələr tamamilə dəyişir. Bu qənaətə gəlmək üçün sadəcə təşkilatın Azərbaycana qarşı münasibətini incələmək kifayətdir. Özünü dünyaya “demokratiya və azadlıqların carçısı” kimi sırıyan təşkilat əslində yalnız siyasi maraqlarına uyğun şəkildə hesabatlar hazırlayır. Bu hesabatlarda Azərbaycana qarşı qərəz isə hər zaman hiss olunur. “Freedom House” Azərbaycanı gah internetin azad olmadığı ölkələr sırasına salır, gah ”qeyri-azad” ölkələrin sıralamasında göstərir, gah da Bakını qeyri-demokratik mühit yaratmaqda günahlandırır. Təşkilatın qeyri-obyektiv və olduqca qərəzli siyahısını uzatmaq mümkündür. Ancaq “Freedom House”un əsl simasını göstərmək üçün bu məlumatlar da yetərlidir.
İndi isə kiçik bir araşdırma aparaq. İlk növbədə qeyd etmək lazımdır ki, “Freedom House”un hazırladığı hesabatlarda əsasən keçmiş Post-Sovet ölkələri hədəfə alınır. Bu da təbiidir. Çünki mənzil qərargahı Vaşinqtonda yerləşən və ABŞ-ın siyasi maraqlarına xidmət edən QHT-dən uzun müddət Sovet imperiyasının tərkibində olan ölkələrə qarşı fərqli münasibət gözləmək sadəlövhlükdür. Amma nədənsə tarix boyu Rusiyanın vassalı olan Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına, qanunların tapdalanmasına, vətəndaşların ağır həyat şəraitində yaşamasına təşkilat tərəfindən heç bir reaksiya sərgilənmir. Ermənistanın adı qərəzlə hazırlanan siyahılara salınmır. İraqı, Əfqanıstanı, Suriyanı bombalayan, yüz minlərlə günahsız insanın ölümünə səbəb olan, yaxud Afrikanı müstəmləkəyə çevirib əhalisini acından qıran ABŞ və Qərb ölkələrinin adlarını da “Freedom House”un hesabatlarında görmək mümkün deyil. Odur ki, Azərbaycanda baş verən ən kiçik bir hadisəyə qərəzli reaksiyası bu təşkilatın nə qədər qeyri-obyektiv və qərəzli olduğunu sübuta yetirir.
“Freedom House” təşkilatı hazırda Şuşa-Xankəndi yolunda “sülhməramlılara” və separatçılara dinc etiraz edən Azərbaycan vətəndaşlarını da hədəfə almaqdan və ölkəmizə qarşı ikili standartlar çərçivəsində yanaşmaqdan çəkinməyib. Belə ki, təşkilatın “Twitter” səhifəsində Azərbaycanın Laçın dəhlizini bağlamasına və Dağlıq Qarabağa qazın verilməsini dayandırmasına dair olduqca qərəzli fikirlər yer alıb. Doğrusu minlərlə kilometr uzaqlıqda oturaraq regionda baş verən prosesləri analiz etmədən bu cür fikirlərin səsləndirilməsini heç bir məntiqə sığdırmaq mümkün deyil. Əgər “Freedom House” həqiqətən də Şuşa-xankəndi-Laçın yolunda baş verənlərdən narahatdırsa, o zaman sözügedən əraziyə gəlmək üçün Azərbaycan hökumətinə müraciət edə, icazə ala və həqiqəti öz gözləri ilə görə bilər. Əks halda erməni saytlarında yayımlanan birtərəfli və həqiqətə uyğun olmayan məlumatlara istinadə edərək belə vacib bir məsələyə münasibət bildirməyin özü başdan-ayağa kimi qərəzdən xəbər verir.
Əgər “Freedom House” həqiqətən də özünü insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan təşkilat hesab edirsə, o zaman Şuşa-Xankəndi-Laçın yolunun Azərbaycan vətəndaşları tərəfindən yox, məhz “sülhməramlı”lar tərəfindən bağlandığını, ekoloqlarımızı dogma torpağımıza separatçıların buraxmadığını görməli və vəziyyəti bu nöqtəyə çatdıranlara qarşı adekvat münasibət sərgiləməlidir. Çünki burada hüquqları pozulan Azərbaycan dövləti və vətəndaşlarıdır. Amma görünür Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən və “beşinci kolon”un havadarlarından sayılan “Freedom House” adlı QHT yalnız şər-böhtan dolu “hesabat” yaymaqla öz “missiyası”nı bitmiş hesab edir.
Müşviq Tofiqoğlu,
KONKRET.az