Azərbaycanəsilli, tanınmış bloger və iş adamı Hüseyn Həsənov barəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
KONKRET.az musavat-a istinadən xəbər verir ki, o, çirkli pulların yuyulması maddəsi ilə ittiham olunur və artıq barəsində qiyabi həbs qərarı çıxarılıb.
Hazırda Hüseyn Həsənov beynəlxalq axtarışdadır. Rusiya hüquq-mühafizə orqanları onu külli miqdarda maliyyə vəsaitini qanunsuz şəkildə leqallaşdırmaqda ittiham edir.
Hüseyn Həsənovun bank hesabları və daşınmaz əmlakı üzərinə həbs qoyulub.
Bloger baş verənlərə instaqram hesabı üzərindən münasibət bildirib.
“Xəbərləri gördüm. Bəli, “qiyabi həbs” gurultulu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil.
Vergilərlə bağlı bütün məsələlər keçən il artıq bağlanmışdı. İndi vəkillərim bu vəziyyət üzərində işləyirlər. Məsələni həll edəcəyik və nöqtə qoyacağıq. Yanımda olduğunuz üçün təşəkkür edirəm”, – o bildirib.
Axtarışa verilən Hüseyn Həsənov kimdir?
Hüseynxan Səttar oğlu Həsənxanov tanınmış azərbaycanəsilli rusiyalı videobloger və iş adamıdır.
O, 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub. Sankt-Peterburq Dövlət İqtisad Universitetini bitirib və atası ona restoran biznesini təhvil verib. Daha sonra Hüseyn blogerlik fəaliyyətinə başlayıb və “YouTube” kanalında 1.56 milyon abunəçiyə çatıb.
Hüseyn Həsənov “GG” markalı kişi geyim mağazası və kafe şəbəkəsinin sahibidir. O, həmçinin “Milyonerin ağlı” adlı biznes kursunun müəllifidir. Sosial şəbəkələrdə milyonlarla izləyici toplayaraq, Rusiya və MDB məkanında ən məşhur simalardan birinə çevrilib.
O, müxtəlif sosial layihələr, restoran biznesi və musiqi kliplərindəki çıxışları ilə tanınıb. 2024-cü ildə onun 145 milyon rubl məbləğində vergi borcu olduğu üzə çıxmış, sonradan bu borcu ödədiyi bildirilmişdi.
Hazırda Hüseyn Həsənovun dəqiq harada olduğu məlum deyil. Onun Rusiyanı tərk edib-etmədiyi barədə rəsmi məlumat verilmir. Hüseyn Həsənovun Azərbaycanda olduğu deyilir. Azərbaycanla Rusiya arasında qarşılıqlı hüquqi yardım müqaviləsinin olduğunu nəzərə alsaq, Hüseyn Həsənovun təhvil veriləcəyi ehtimalı böyükdür.
Ekspertlərin fikrincə, beynəlxalq səviyyədə axtarışa verilmiş bir şəxsin uzun müddət gizlənməsi çətin olsa da, xarici ölkələrdə hüquqi himayə və ya vətəndaşlıq statusu əldə etmiş şəxslər bu prosesdən müəyyən qədər yayınmağa nail olurlar.
Hüquqşünaslar bildirir ki, əgər Hüseyn Həsənov hazırda Rusiya sərhədlərindən kənardadırsa və yaşadığı ölkə ilə Rusiya arasında ekstradisiya razılaşması yoxdursa, o zaman onun geri qaytarılması hüquqi baxımdan uzun prosesə çevrilə bilər. Lakin eyni zamanda İnterpol xətti ilə beynəlxalq axtarışda olması hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycanla Rusiya arasında cinayət işləri üzrə hüquqi yardım haqqında müqavilə mövcuddur. Lakin Hüseyn Həsənovun Rusiyaya təhvil verilməsi bir neçə şərtdən asılıdır:
“Bu müqavilə tərəflərin bir-birlərinə müəyyən hüquqi yardım göstərməsini və lazım gəldikdə cinayətkarların ekstradisiyasını nəzərdə tutur.
Lakin ekstradisiya üçün əsas şərtlər bunlardır:
İttiham edilən şəxs iki ölkənin qanunvericiliyinə görə də cinayət törətmiş sayılmalıdır;
Cinayət siyasi xarakter daşımamalıdır;
Şəxsin ekstradisiyası insan hüquqlarını pozmamalıdır;
Şəxs Azərbaycan vətəndaşıdırsa, Azərbaycan qanunvericiliyinə əsasən onun təhvil verilməsi müəyyən hallarda Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilər.