Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır – ŞƏRHbackend

Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır - ŞƏRH

Planetimiz ekoloji böhranın astanasındadır. Dövlət və hökmumət başçıları, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar problemlə bağlı çıxış yolları təklif edir, üzərlərinə öhdəliklər götürürlər. Təsadüfü deyil ki, bu il noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Bakıda keçiriləcək. Məlumata görə, sözügedən tədbirdə 60-dək dövlət və hökumət başçısı iştirak edəcək və vacib qərarlar qəbul olunacaq.

Son illərdə Azərbaycan bərpa edilən enerji resurslarına diqqət ayıraraq ölkəmizə böyük həcmdə investisiyaların qoyuluşuna nail olub. Müasir dövrdə ekoloji şüurda “yaşıl enerji”dən istifadənin vacibliyi ideyası getdikcə özünə mühüm yer tutur. Bunun bir neçə səbəbi var. Birincisi, “yaşıl enerji” qlobal istiləşmənin qarşısını alır. İkincisi, yeni iş imkanları yaradır. Üçüncüsü, yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır.

Vurğulamaq lazımdır ki, 2030-cu ilə qədər sözügedən vasitə ilə əldə edilən enerji dünya elektrik enerji istehsalının 65 %-ni təmin edəcək. 2050-ə qədər isə bu rəqəmin 90 %-a çatacağı planlaşdırılır.

Alternativ enerji sosial-iqtisadi sahəyə də təkan verəcək. Burada yeni iş yerləri yaranacaq, müasir çağırışlara cavab verən mütəxəssislərin köməyinə ehtiyac düyulacaq. Həmçinin vurğulamaq yerinə düşər ki, “yaşıl enerji”dən aktiv istifadə xeyrli sayda insanın həyatda qalmasına səbəb olacaq. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunur ki, hər il 13 milyondan çox insan havanın həddindən artıq çirklənməsinə görə həyatını itirir.

Qlobal istiləşmənin də qarşısını almaq üçün bir sıra addımlar atılır. Belə ki, 2030-cu ilədək qlobal istiləşmənin qarşısını almaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə qoyuluşu tələb olunur. 1,5°C qlobal istiləşmə strategiyasına uyğun olaraq 2030-cu ilədək xeyli sayda əlavə iş yerinin yaradılması proqnozlaşdırılır. “Yaşıl enerji”dən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə mühüm təsir göstərir.

Bərpa olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin enerji keçidinin rifah indeksinə görə 1,5°C strategiyası qlobal rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Bu indeks göstərir ki, bərpaolunan enerjiyə keçidə dair yol xəritələrinin səmərəliliyi enerji siyasəti ilə sıx bağlıdır, burada ölkədaxili və beynəlxalq tənzimləyici qərarların qəbulu həlledici rol oynayır.

Qeyd olunduğu kimi, Azərbaycan sözügedən sahəyə olduqca diqqət yetirir. “Yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ hüquqi aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ-hüquqi aktlar qəbul edilir ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu (2021-ci il) mühüm yer tutur.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələrək, bərpaolunan enerji sənayesinin inkişaf etdirilməsi üçün xarici sərmayədarların cəlb edilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb və Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” məkanının yaradılmasına böyük əhəmiyyət verilir.

Sənəddə “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur.

2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sənədə əsasən, Xəzər dənizində istehsal olunacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulur.

Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır.

Yuxarıda qeyd olunan bir neçə vacib nüans ölkəmizin sözügedən sahəyə nə dərəcədə önəm verdiyinin göstəricisidir.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*